Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Müsahibə

July 25, 2010

Kəramət Böyükçöl: “Ədəbiyyatda yaza bilməyib, əsəbindən məhv olmuş o qədər yazarlar var ki, amma hələ də ortalqıdan çıxmırlar ki, çıxmırlar”

Budəfəki müsahibimiz Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Metafora” ədəbiyyat dərnəyinin rəhbəri, gənc yazar Kəramət Böyükçöldür. Kəramət Böyükçöl həm də “Çatlamış Fincan” şeirlər kitabının müəllifidir.

- Kəramət bəy, dəyərli vaxtınızdan ayırıb müsahibəyə razılıq verdiyiniz üçün minnətdarlığımı bildirirəm. Bildiyimizə görə, yeni roman yazmısınız. Bu, hansı ehtiyacdan yarandı? Axı biz sizi şair kimi tanıyırdıq.

- Get-gedə şeir nəsrə çevrilir. Bizə tanış olan nəsrə yox, yeni bir nəsrə çevrilir. Bu nəsr də poeziyanın yeni bir şəklidir.. Məncə, bunu ədəbiyyatda ilk dəfə mən elədim. Şeirlə nəsr yazdım.

Romanınızın adı, səhv etmirəmsə “Çöl”dür, Niyə məhz “Çöl”?

- Çöl burada dildir, yeni dil. Düşündüm ki, ədəbi-bədii romantik romanlar daha bizi bezdirib, kiçik sentimental lirik şeirlərin vaxtı da bizi atan qızlar kimi ötən əsrin sahillərində qalıb. Doğurdan da mənə elə gəlir ki, romanım sözün nəfəs alıb verməsini, xassəsini, hərəkətini göstərə bilib. Dilin dərinliklərinə çökən fikir palçıqlarını üzə çıxarıb. Romanımda min illər boyu bu günümüzə yol gələn insanın psixoloji, bioloji, fizioloji və filoloji təssüratı geniş yer alır. Bu insan təbiətdən, dildən və ruhdan keçib gəlir. İnsanın fantaziyası, düşüncə kompleksi, dil ornametləri, fiqurları və cizgiləri suyun altında qalmış lil kimi üzə çıxır. Suyun dadı lildə olduğu kimi, dilin də dadı adi məişət qayğıları ilə yaşayan kənd adamlarının danışığındadır. Burada at çölləri oxuya bilir. At çöllərin “A” hərifidir. At itir. Bir müddət “A”hərfi çöllərdən pozulur. Camaat ağlaşır

(davamı…)

Köşə

Məcid Həsənli: Qanım qaralıb

“Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı.”
Atalar sözü

Biz çox ədalətsiz dünyada yaşayırıq. Həddindən artıq ədalətsiz özü də. Həm də tərbiyəsiz. Bizim həmişə marağımızda olan Qərb günü-gündən vəhşiləşir, şərəfsizləşir, əxlaqsızlaşır.

Tələbə dostum Mamed bayaq soruşdu ki, məndən niyə birtəhərsən? Dedim, Qərb yaman qaralayıb bizi. Bilmirəm, nə olacaq axırı. Başına döndüyüm Mamed gözlədiyim cavabı verdi. Dedi ki, qardaş problem yoxdu bu dəqiqə uşaqları yığaram Qərbi başa salarıq. Onu da deyim ki, Mamed birinci kursdan bəri imtahanları ancaq yüz balla keçir. Yəni irəliləyən gəncliyimizin bariz nümayəndəsidir. Hə, Qərbi qıcıqlandıran məsələlərdən biri də, bəlkə də birincisi Azərbaycanda təhsilin belə yüksək sürətlə şütüməsidir.

Bu günlərdən əvvəl gələn günlərdə Milli Kitab Mükafatı müsabiqəsi başa çatdı. Nəticə: Azərbaycan daha bir gənc ədibini tanıdı. Bu müsabiqə ənənəyə çevrilmiş ritualı xatırladırdı. Hay-həşir, müsahibələr, reportajlar, ədalətsiz seçim barədə sərsəm çıxışlar və s. Hələ, hələ o AYO-çuları demirəm. Biz iştirak etməyəcəyik. İstəyirsiniz eləyin, istəyirsiniz eləmiyin. Necə istəyirsiniz. Cəhənnəmə ki. Nə isə…

Bu qədər həngamədən sonra adil münsiflər heyətinin rəyi ilə Elxan Qaraqanın “A” romanı birinci yerə layiq görüldü. Xatırladım ki, mənim (mən – M. H.) MKM-in 20-liyi bilinən vaxt yazdığım köşəmdə verdiyim proqnoz düz çıxdı. Tariximizin son doxsan illik milli ənənəsinə sadiq qalaraq, Azərbaycanda keçirilən Milli Kitab Mükafatında laureatlardan birinə rus dilində yazılan əsər layiq görüldü. Dostum Mamed heyif ki, rusca bilmir. Yoxsa o, o əsəri oxuyardı. Heyf!

Bəziləri Elxan Qaraqanın “A” romanını bəyənmir. Deyir, zəifdi, belə filan. Gərək o olmayaydı birinci yer, başqa istedadlılar var idi orda, nə bilim Rafiq Tağı, Şərif Ağayar, filan-zad. Ən çox məni hirsləndirən nədir, ay nə bilim münsiflər heyəti qəsdən Qaraqana birincilik verib, düzgün deyil. Çıxırlar “Armud” qəzetinə ağızlarına gələni danışırlar. Təsəvvür edək ki, münsiflərin başçısı mənəm. Əcəb eləmişəm, yaxşı eləmişəm, əlimin içindən gəlir. Sonra? Ləzzət eləmir, get sən də mükafat qayır, dalında dur üçüncü yeri Mövlud Mövluda, ikinci yeri Günel Mövluda, birinci yeri də Seymur Baycana ver. “Vsyo da” söhbət bağlandı. Qaraqan da yekdi, mən də. Sözün var gəl bizim məhəlləyə kitabxananın qabağına.

(davamı…)

Proza

Hikmət Carçılı: Rüfət (mənasız bir hekayə)

Gündöyməz kəndinin sakini Rüfət çox içən adam idi. Kənddə hamının ondan zəhləsi gedirdi. Hamıya zülüm əziyyət verərdi ömrü boyu. Qırx yaşına gəlib çatmışdı. Vurmağının üstündə ona qız verən olmamışdı, onun da könlünə düşməmişdi evlənmək yaşadığı bu qırx il ərzində. Daima kef edərdi. Deyərdi dünyanın ləzzəti kefdədir. Anası rəhmətlik Sənəm qarı onun dərdindən öldü. Həmişə deyərdi, ay oğul ay bala az iç bu zəhirmarı, camaatın içində bizi gülünc vəziyyətinə qoymusan, kənd içinə çıxmağa qorxuram. Atan kəlləsinə daş düşmüş vaxtında səni atmasaydı, bizi tək qoyub nə bilim hansı cəhənnəmə getməsəydi sən cığırından çıxmazdın. Elə o kopolu da bir fərli adam deyildi. Hər gün, hər gün içərdi, oğul ataya çəkər deyərdilər inanmazdım, qurbanı olduğum Allah qarşıma çıxardı. Hey, əziyyət çəkmişəm, bilmirəm bu qurbanı olduğum Allah niyə bütün bu dərdləri mənim üstümə yükləyir elə. Bax, qızımın ölümü yadımdan çıxmamış, cavan qardaşımın ölümü sinəmə dağ çəkdi. Ay allah de bir görüm məndən nə istəyirsən də. Mən yazığın balası, mən yazıq bəndən, nə günah işlətmişəm sənin gözünün qabağındakı sən məni bu əzabların içində boğursan, anamdan boğulmağıma peşman eləyirsən. İndi oğlum Rüfəti göz dağı eləmisən. Neyləmişəm axı sənə…Sonra da dediklərinin yalnış bir şey olduğunu anlayıb salavat çevirir, bunları deyidi: “qələt edirəm, mən nə karəyəm ki, sənin etdiklərini müzakirə edirəm, özün bilən yaxşıdır, keç günahımdan, cahilliyimə ver…”
(davamı…)

Proza

July 23, 2010

Yasunari Kavabata: Çox sağ olun!

Xurma bu il yaxşıca bəhər vermişdi. Dağlarda payız gözəl idi.
Liman şəhəri yarımadanın cənub səmtində yerləşirdi. Yaxası bənövşəyi rəngli sarı kitel geyinmiş sürücü ikinci mərtəbənin gözləmə zalındakı ucuz qəlyanaltıxanadan çıxıb aşağı endi.
Əlində çanta tutmuş qadın öz qızını sürücünün yanına qaldırdı:
-Yaxşı ki, sizin növbənizdir. Siz bizi aparanda mənim qızım bilirsiniz necə sevinir? Nə yaxşı oldu!-dedi.
Sürücü qızı diqqətlə süzüb bir söz demədi. “Təxirə salmaq olmaz. Qarşıdan qış gəlir. Soyuq havada onu belə uzaq yola göndərmək yaxşı deyil. Hərçənd hələ soyuqlar düşməyib, onsuz da gedəcək. Və mənimlə gedəcək.”
Sürücü başıyla qadına əyləşmək üçün işarə etdi və sükan arxasına keçdi.
-Qabaqda oturaq, anacan. Orada avtobus yırğalamır.
Yol isə uzundur. Buradan onların gedəcəyi şəhərciyə 60 km yol qət etmək lazım idi. Ana qızını oradakı dəmir yol stansiyasının yaxınlığında yerləşən fahişəxanaya satmaq niyyətindəydi.

(davamı…)

Müsahibə

July 20, 2010

II Qismət: “Heç kimin mənim yerimə səhv və ya düz addım atıb deməyə ixtiyarı yoxdur!”

Bu həftəki müsahibimiz gənc yazar Qismətdir. Qismət ədəbi mühitdə yeni imzalardan biri olsa da, qısa müddətdə xeyli tanına bilib. Onunla bir çox məsələlər barədə söhbətləşdik. Müsahibəni sizə təqdim edirik.

– Bu yaxınlarda Milli kitab mükafatının qalibi Elxan Qaraqanın “A” romanı ilə bağlı “plagiatdır” fikirləri səsləndirildi. Mətbuatda bu mövzu ətraflı işıqlandırıldı. Sizin buna münasibətinizi bilmək maraqlı olardı.

– Oxudum yazılanları. Nə publisistikaya, nə ədəbi tənqidə, nə ədəbiyyatşünaslığa, heç nəyə dəxli olmayan fikirlər, arqument gətirmək cəhdləriydi. Adam bilmir gülsün, təəssüflənsin, ya qəzəblənsin. Yazıların müəllifi Cavid Ramazanovun ədəbiyyat, plagiat haqqında təsəvvürlərinə, “Azadlıq” radiosundakı keçmiş yurdçu Xədicə xanımın müsahibədə verdiyi sualların jurnalistika baxımından üslubuna , söhbət etikasına adamın yazığı gəlir… “Alma” qəzetinin adı, loqosu barədə məlumatınız varmı bilmirəm. Bu adda və təxminən elə bu formalı loqoyla nəşr olunan qəzetlər, dərgilər qərbdə doludur. Bir neçəsi Türkiyədə də var. Tutduqları istiqamət də elə təxminən “Alma” qəzetiylə eynidir. İndi nədir belə bir oxşarlıq, bənzərlik tapan kimi sevincək olub yazmaq lazımdı ki, ay camaat “Alma” qəzetinin adı, loqosu və hətta ideologiyası da plagiatdır? Axı plagiat belə bir şey deyil. Burda ancaq məşhur filmin adı yada düşə bilər: “ Alma almaya bənzər”.

- Bəzi yaşıdlarınız sizin AYB sıralarına qoşulmağınızı səhv addım kimi qiymətləndirir. Sizcə düzgünmü qərar vermisiniz?

– Mənə elə gəlir ki, gərək Hakan Şükür o vaxt Qalatasaraydan İnterə getməyəydi, eləcə də Əmrə də Nyukasl Yunaytedə keçməyəydi. Dostoyevski gərək qumar oynamayaydı, Edqar Po çox içməyəydi, Şarl Bodler düşgün həyat tərzindən uzaq duraydı, Lorka Qranadaya getməyəydi, Nazim Hikmət yaşlı vaxtı Veraya aşiq olmayaydı, Səməd Səmədov biləydi ki, dövlət himninin sözlərini kim yazıb və s. Bu mənim fərdi seçimimdi. Heç kimin mənim yerimə səhv və ya düz addım atıb deməyə ixtiyarı yoxdur. Qərar vermək də , fikrimi dəyişmək də yalnız mənə aiddir. Kim istəyir AYB-yə üzv olsun, ya da AYO-ya özü bilər. Bu fərdi məsələdi. Kim də istəyir “Şirzadın” kafesinə abunə olsun, “Baca” qrupu ya da “Qaraca” qrupu yaratsın. Önəmli odur ki, böhtan atmasın, qərəzli olmasın, istedadlı olsun, mütaliəli olsun, cibində diktafon gizlədib əclaflıq eləməsin, xaricdən qrant alıb Azərbaycanı söyməsin, köşə yazılarının kölgəliyində azadlıq axtarmasın, ətrafına topladıqlarını qaldırmaq üçün xaricdə Füzulidən Salam Sarvana qədər bütün Azərbaycan poeziyasının üstündən xətt çəkməsin.

(davamı…)

Proza

July 18, 2010

Yeganə Cansail: Yachts…yaxud xeyirxah qatil

Bayırda yağışlı soyuq külək əsirdi. Belə havanı heç sevmirəm. Adətən belə günlərdə evə çəkilir, isti sobanın qarşısında bardaş qurub kitab oxuyar, yaxud notbukda dostlarla yazışıram. Bu gün nəsə içimdə caz mərkəzinə gedib musiqi dinləmək istəyi yaranmışdı. Nə vaxtdı ora getmirdim. Proqramda gürcü qonaqların ifası yer almalıydı. Odur ki, həvəslə evdən çıxıb caz mərkəzinə üz tutdum.
Burdakı alaqaranlıq zal, həzin caz sədaları və içki qoxusu insanda xoş aura yaradırdı. Bu gün əvvəl ki, günlərdən fərqli olaraq gələn tamaşaçıların sayı az deyildi. Həmişə ki, yerimə künc tərəfdəki boş masaya keçib oturdum. Martini sifariş edib ətrafa nəzər yetirdim. Gələnlərdən əksərinin siması mənə tanış idi. sənət adamları, caz sevərlər və yalnızlar…
Gürcü ifaçısı öz ölkəsində çox da məşhur olmasa da cazı ürəkdən ifa edirdi. Qadının ifasından kifayət qədər zövq almaq və bütün pislikləri unutmaq mümkün idi. bir az içki, bir az da saksafonun səsi məni sərxoş etmişdi. Lakin növbəti səslənən musiqi bir anda sanki məni yuxudan oyatdı. Coco Steelin “Yatchs” musiqisinin sədaları fikirlərimi də alıb özüylə uzaq Arxangelsk məkanına apardı. Düz 5 il öncə bundan qabaq olmuş hadisə hələ də yaddaşıma anbaan həkk olunmuşdu. Orada bir qadın vardı. O zamanlar orada işləməyə gedərkən bu qadınla təsadüfən rastlamışdım. O mənim qonşum idi. qəribə sifəti var idi. çənəsi həddindən çox irəli gəlmiş bu qadının dodaqları sanki üzündə quyu təsvirini yaratmışdı. Onun bu əcaib simasına baxanda ərinin onu necə öpdüyünü düşünür və bunu hər vəcdlə gözlərim önündə canlandırmağa çalışırdım. Lakin nə qədər etsəm də bu xəyalımı canlandıra bilməyib təəssüf hissi keçirirdim. Arxangelsk mənim həm də uşağlıq illərimin keçdiyi yerlər olduğundan buranı çox sevirdim. Şəhərdən uzaq, qarlı-qışlı kənd həyatı. Burada şəhərin gərginlik dolu stressi, depressiyası əriyib gedirdi. Hərdən mənə elə gəlirdi ki, yazıçı olmaq istəyən adam mütləq buralara baş çəkməlidir. mən taxtalardan düzəldilmiş ruslara məxsus bağlı-baxçalı evdə yaşayırdım. Hərçənd buraların gecələri çox soyuq və qorxulu idi mənim üçün, amma gecələrini çox sevirdim. Xüsusilə də Arxangelskin bəyaz gecələri möhtəşəm idi. belə gecələrdən birində bir dəfə yenə həyətə düşüb gəzirdim. Birdən həmin qadını öz qapısının yanında pilləkəndə oturub ağlayıb-sızlayan gördüm. Nədənsə ondan çəkinirdim. Yaxınlaşmağa risk etmədim. Onun haqqında məlumatım az olduğundan bu qadın həmişə məni maraqlandırırdı. Çəpərlərə yaxınlaşdım. O deyəsən məni gördü. Tez ayağa qalxıb evinə getdi. Sonralar bu hadisə neçə dəfə təkrar oldu. (davamı…)

Poeziya

Əfsanə Laçın: Şeirlər

Metrodayam
Qatarlar iki dəqiqədən bir gəlib gedir.
Minmirəm
Sayıram ömrümdən gedən dəqiqələri.
Qatarlar ötdükcə
Ömrümdən gedir.
Deyəsən lap qocalmışam…..
Diqqət,Diqqət
Sərnişinlərin nəzərinə
Qatar depoya gedir.

(davamı…)

Poeziya

Tural Ağatlı: Yeni şeirlər

GECƏNİZ XEYRƏ QALSIN!

Üç yoldaş, uzun yol, yerişlər qıvraq,
Tutqun bir gecənin ömrü yarıdır.
Qarşıda zülməti səylə yararaq,
Yolumuz sürətlə evə sarıdır.

Yenə də işıqlar hər günkü təki
Qəflət yuxusunda yuxulayırdı.
Hərdən bir gözünü açıb çəpəki,
“Artırmı saçlarda dən?” yoxlayırdı.

Qoy yerə tacından Ay işıq saçsın,
Hər gecə önündə qurulanda taxt.
“Ayrılaq, gecəniz xeyirə qalsın”,
Bizlərdən bir nəfər dilləndi bu vaxt.

“Xeyirə qənşər get” söyləyərək biz,
Xeyirlər dilədik dost ünvanına.
O döndü, ayrıldıq, indi ikimiz
Daraşdıq çuxurlu yolun canına.

Bir azdan özümdə tək dinəsiyəm
Bu aylı, ulduzlu göyün altında.
Deyəsən, indicə təklənəsiyəm,
Qazandım bir “gecən xeyrə qalsın” da.

(davamı…)

Müsahibə

July 16, 2010

Vaqif Bayatlı Odər: “Susub durmaq ancaq böyük həqiqətləri kəşf edərkən mümkündür”


“Mən indi ancaq fədakarlıqları, məhəbbətləri xatırlayıram
Allah heç bir dini kitabında “mən Allaham, dünyanı mən yaratmışam” deməyib”
– Vaqif bəy, bir az öncə rahatsızlığız olmuşdu, şükür Allaha ki indi ayaqdasız və bizim suallarımızı cavablandırırsız. Bəs indi özünüzü necə hiss edirsdiz..

– Hər bir insan Allahın duyğusunun milyardda bir hissəsi də ola bilər. Ona görə də, hər bir insanın əbədiyyəti duyarkən, ayrıca olaraq özünü necə hiss eləməsi, ağrıması, hətta ölməsi ötəri hissdir. Dünyanın Allahla vəhdətdə ölümsüz duyumu var ancaq. Müəyyən vaxtdan sonra buna gəlib çatırsan. Bu qədimlərdən üzü bəri gələn bir söhbətin bir qədər şən davamıdır. Bir neçə yüz il, min il öncə bu barədə daha qızğın mübahisələrin iştirakçısı olmağım hissi olmadığım qədər mənə şübhəli görünür.
– Bildiyimizə görə, yeni şeirlər kitabınızı yayımlamağa hazırlaşırsız. Yəqin bu kitabda son zamanlar yazdığınız şeirlər olacaq. Bu barədə ətraflı bilmək maraqlı olar..
– Əsl şairin ancaq şair olaraq qalmasını Allah heç vaxt istəməyib. Ona görə də, hər bir böyük şair, eləcə də bütün sənətkarlar iddialarıyla heç özləri də bilmədən Allahın yaratdığı dünyadan daha gözəl bir dünya yaratmağa çalışıblar və bəzən buna nail olub qürrələnərkən ağıllarına da gəlməyib ki, o, bir yaradıcı kimi ancaq Allahın bir anlıq özü özünü ötmə hissidir.
Bu barədə heç bir qədimi, ya da müasir kitabda oxuya bilməzsiniz. Qədim kitablar susur, indikilər isə ən təvəzökar olanları da sadəcə təvəzökarlıqdan lovğalanmaq üçün təvəzökar olurlar.
Allah heç bir dini kitabında “mən Allaham, dünyanı mən yaratmışam” deməyib.
– Son zamanlar ədəbiyyatımızda, xüsusən də nəsrimizdə bir canlanma duyulur. Ama nəsrdən danışanda görürük ki, yazılanlarda nədənsə insanınızın içi yoxdu, hər şey sanki insanın çölünə heasblanıb. Sizcə, bu bizim get-gedə insani dəyərlərimizi itirdiyimizi göstərir, yoxsa içimizin olmamasını..
– Özünü belə mənfi enerjili suallara, mühakimələrə kökləməsən, mən sənin gələcəkdə çox maraqlı bir nasir olacağına inanıram. Həmişə ən ağır vəziyyətlərdə də gözəl insanlar olub, səninlə söhbət edə-edə mən indidən gələcəkdə də onların var olacağını, yəni mənimçün artıq indidən onların var olduğunu duymaqdayam.
(davamı…)

Müsahibə

Xorxe Luis Borxes: “Dil estetik amildir və minlərlə insanın əsəridir”


Məşhur Argentina yazıçısı Xorxe Luis Borxeslə (1899-1986) ondan heç də az məşhur olmayan Amerika yazıçısı və ədəbiyyatşünası Süzan Zontaqın (1933-2004) söhbəti.

Süzan Zontaq: İstərdim ki, bir çox yazıçıların yaradıcılığına göstərmiş olduğu təsir haqda nə düşündüyünü Borxes özü anlatsın.

Hərçənd bilmirəm ki, onun özü belə bir təsirin doğrudan da olduğunu qəbul edirmi?

Axı Borxes öz yaradıcılığı haqqında, hər zaman təvazökarcasına danışır…

Xorxe Luis Borxes: Bu təvazökarlıq deyil, sadəcə, mən sağlam düşünürəm.

Bu qədər məşhur olmağım özümə də təəccüblü gəlir. Heç vaxt, belə bir şey haqda düşünməmişəm.

Mənə şöhrət o zaman gəldi ki, artıq yaşım əllini xeyli ötmüşdü. Məni – birdən gördülər.

Beləliklə mən diqqət çəkməyən adi həyatımla vidalaşmalı oldum.

Məşhurluğa təzəcə alışıram və görürəm ki, şöhrət məndən dəhşətli dərəcədə çox enerji alır. Ətrafımda müşahidə etdiyim alicənablıq da məni heyran edir.

Hərdən mənə elə gəlir ki, mən – indi kifayət qədər geniş yayılan mövhümi təsəvvürlərin bir növünü özümdə təcəssüm etdirirəm.

Və hər an aşkarlana bilər ki, mənim məşhurluğum saxtadır, fırıldaqçıyam. Amma hətta belədirsə də, bu mənim özümdən asılı olmadan belədir.

S. Z.: Adətən, siz başqa yazıçılar haqqında heyranlıqla bəhs edirsiniz. Xüsusən də, keçmişin yazıçıları haqda…

X.L.B: Və xüsusən də Amerika ədəbiyyatının tarixi simalarından.

O yazıçılar ki, mən onlara çox borcluyam. Yeni İngiltərə haqqında və onun dünyaya verdiyi dəyərli insanlar haqqında düşünərkən (bəlkə də, bunu nə cürsə astroloqlar izah edə bilər) Emmerson, Melvill, Toro, Henri Ceyms, Emii Dikinson və bir çox başqaları bir-bir yadıma düşür.

Bəlkə də, onlar olmasaydı, biz də olmazdıq. Axı, biz hardasa, bu Yeni İngiltərə ulduz bürcünün əksiyik.

S. Z: Amma, əvvəllər siz daha çox ingilis ədəbiyyatı ilə maraqlanırdınız.
X.L.B: Bəli, amma ömrümdə ilk dəfə oxuduğum roman Mark Tvenin “Heklberri Finn” əsəri oldu.

Sonra isə Preskotun “Meksika və Perunun fəthi” əsəri. Bu günə qədər də onları minnətdarlıq hissi ilə xatırlayıram. Fikrimcə, yazıçıya bəşəriyyətin bütün keçmişi təsir göstərir.

Təkcə hansısa ölkənin mədəniyyəti, hansısa dil yox, hətta oxumadığı və dil vasitəsilə ona gəlib çatan müəlliflər də təsir edir.

Çünki dil estetik amildir və minlərlə insanın əsəridir.

(davamı…)

Müsahibə

July 14, 2010

Əli Əkbər: “Azərbaycan seksual inqilabın astanasındadır”


- Əli Əkbər, Azərbaycanda yaşamaq və yazmaq olurmu? Əli Əkbər başqa ölkədə yaşasaydı, indikindən fərqi nə olardı?

- İstəsək də, istəməsək də Azərbaycan həm vətənimiz, həm həbsxanamızdır. Alın yazımız, taleyimizdir. Burada yaşamaq, yaratmaq çətin olsa da, yaşayıb yaratmalıyıq.

Gedəcək qeyri yerimizmi var? Əlbəttə, getmək də, köçmək də olar. Rahat bir ölkəyə sığınanları qınamıram, əksinə çox yaxşı başa düşür, bəzən də təqdir edirəm.

Əliyevlərin idarə etdiyi ölkədə yaşamaq hər adamın işi deyil. Bıçaq sümüyə dirənəndə, özün və ailə üzvlərin repressiyalara, işgəncələrə; “petux”, narkoman kimi böhtanlara məruz qalanda qaçıb canını, şərəfini, namusunu qurtarmayasan nə edəsən?

Lakin mən yenə də işıqlı gələcəyin, aydınlıq sabahların intizarı ilə yaşayıram, ümidimi itirmirəm deyə, hər şeyin yaxşı olacağına, düzələcəyinə inanıram.

Ona görə də hələ buradayam. Həm də ki, gəlin açıq danışaq – başqa ölkədə mən kimə lazımam? Bir yazar olaraq materialım buradan çıxır. Gözümü açıb Azərbaycanı, azərbaycanlıları görmüşəm – tərbiyəm, əxlaqım, dünyagörüşüm Azərbaycanda, azərbaycanlıların əhatəsində formalaşıb.

Uğurlarımı da, uğursuzluqlarımı da Azərbaycana borcluyam. Özü də Azərbaycanda yazıb yaratmağın öz ləzzəti var. Bizim Latın Amerikasından fərqimiz nədir?

Görəcəksiniz, gün gələcək biz də öz Markesimizi yetişdirəcəyik. Buna ürəkdən inanıram.

- Sizi Azərbaycan cəmiyyətində daha çox homoseksuallıq kimi qeyri-ənənəvi mövzuda əsər yazan nasir kimi tanıyırlar. Qeyri-ənənəvi oriyentasiyalar Sizə niyə maraqlıdır yazıçı kimi?

- Qeyri-ənənəvi oriyentasiyalılara qarşı xüsusi marağımın, simpatiyamın olduğunu mənim dilimdən eşitmisinizmi?

Romanım oxunduğu zaman, belə bir qənaət hasil olurmu?

Hesab edirəm ki, haqqımda belə fikirlərin formalaşmasının kökündə Taleh Şahsuvarlı və onun kimi mənə qarşı qərəzli mövqedə duran tənqidçilərin “Artuş və Zaur” romanının sosial, siyasi yönünü deyil də, “maviliyini” işləməsi dayanır.

Mən geylərin toplumda mövcudluğunu, bir fakt kimi qəbul edirəm. Hər halda siz də onların varlığını inkar edəcək deyilsiniz.

Onlara münasibətimiz nə olur olsun – onlar var və gizlənmək ehtiyacı duymadan küçələrdə sərbəstcə gəzirlər, hər gün də qarşımıza çıxırlar.

Deməli toplumun “anti-homoseksual” ritorikası boş və saxtadır.

Əks təqdirdə geylər özlərini bu qədər rahat hiss etməzdilər. Ya biz çox tolerantıq, ya da iki üzlüyük. Gərək seçim edək və toplumun geylərə qarşı belə dözümlü münasibətinə bir ad qoyaq.

Yeri gəlmişkən, geylərə qarşı son dərəcə tolerantam. İki və daha artıq şəxsin dörd divar arasında, yataq otağında nə etməsi məni zərrəcən maraqlandırmır.

(davamı…)

Proza

Qabriel Qarsia Markes: Məhəbbət əvəzinə ölüm labüdlüyü

Senator Onesimo Sançes həyatının qadınına rast gələndə ölümünə altı ay on bir gün qalmışdı.

O həmin qadını Vitse-krallığın Qızılgül Bağında, ikiüzlü Yanusa bənzər kənddə görmüşdü: gecələr bu kənd uzaqdan üzüb gələn qaçaqmalçı gəmilərə sığınacaq verən limanıydı, gündüzlər isə səhrayabənzər dənizin sahilindəki düzənliyin qütbləri bilinməyən, heç nəyə yaramayan bir guşəsi kimi görünürdü.

Kənd dünyada hər şeydən o qədər uzaq düşmüşdü ki, burada kiminsə taleyini dəyişməyə qadir olan bir kimsənin yaşaması heç kəsin ağlına gəlməzdi. Görünür adı da kəndə masqara üçün verilmişdi: çünki nə vaxtsa camaatın burda gördükləri ilk qızılgülü axırda Laura Farinayla tanış olduğu həmin gün senator Onesimo Sançes gətirmişdi.

Dörd ildən bir keçirilən seçki kampaniyası öz qaydasınca gedirdi.

Səhər furqonlar məzhəkəçilərlə gəlib çıxdılar.

Sonra yük maşınları seçkiqabağı yığıncaqlar zamanı camaatı əyləndirmək üçün muzdla tutulmuş, şəhərcikdən şəhərciyə daşınan hinduları gətirdilər. Saat on birə yaxın musiqi sədaları, atəşfəşanlıq eləyənlərin səs-küyü altında çiyələk suyu rəngli nazirlik avtomobili kəndə girdi.

İçəridəki sərinlikdə qəribə, ətrafda baş verənlərlə uyuşmayan sakitliklə senator Onesimo Sançes oturmuşdu.

O, maşının qapısını açan kimi bürküdən təntidi, xalis ipəkdən olan köynəyi bir andaca tərdən islandı, senator özünü heç vaxt olmadığı qədər yaşlı, tənha hiss elədi.

Onun bu yaxınlarda qırx iki yaşı tamam olmuşdu, vaxtilə Hettingendə mühəndis-metallurq fərqlənmə diplomunu almışdı. Uzun illərdi ki, özünə xüsusi bir xeyri olmasa da, pis tərcümələrdə latın klassiklərinin əsərlərini mütaliə eləyirdi.

O daim şən, güləyən alman qızına evlənmişdi, beş uşaqları vardı, hamısı da onun evində xoşbəxtdilər, üç ay əvvəl yaxın Milad günündə öləcəyini ona söyləyənə qədər özü hamıdan xoşbəxtiydi.

Yığıncağa hazırlıq qurtaranacan senator onunçün ayrılmış evdə heç olmasa, bir saat tək qalmağa, dincəlməyə müvəffəq oldu.

Uzanmazdan əvvəl səhradan təzə-tər keçirib gətirdiyi qızılgülü sərin suya qoydu.

Sonrasa gündüz olduğu kimi bir daha qızardılmış keçi əti yeməmək üçün həmişə özüylə gəzdirdiyi pəhriz sıyığıyla nahar elədi, ağrılarının başlanmasını gözləməyib bir neçə keyləşdirici həb atdı.

Sonra elektrik havatəmizləyənini tor yelləncəyin yanına qoydu, əynindəki bütün paltarları çıxarıb atdı, yarıyuxulu ölüm haqqında düşünməmək üçün bütün qüvvəsini toplayıb on beş dəqiqə qızılgülün kölgəsində uzandı. həkimlərdən başqa heç kəs bilmirdi ki, o, məhkumdur, əvvəlcədən məlum olan ölüm saatını gözləyir.

(davamı…)

Müsahibə

July 12, 2010

Şərif Ağayar: “AYO üzvü olduğum vaxtlardakı kimi ümidsiz və kədərliyəm”


Onunla söhbətimiz çox maraqlı alındı. Həmişəki kimi müxtəlif mövzularda orijinal fikirlər səsləndirdi. Qarabağ problemindən tutmuş, bədii əsərin dili, şeirin çağdaş ədəbiyyatda tutduğu yer, AYB-yə qayıtmasının səbəbləri, AYO-çularla münasibətləri və.s. mövzulara toxundu. O, indiyədək gördüyüm ən maraqlı müsahibdir deyə bilərəm. Beləliklə, müsahibimiz Milli Kitab Mükafatının finalçısı, tanınmış yazar Şərif Ağayardır.

- Şərif bəy, sizcə Qarabağdan bəhs edən əsərlərlə dünyaya çıxmaq olarmı?
- Baxır necə yazırsan. Əsərin qloballığı və ya lokallığı məzmunundan yox, müəllifin dünyagörüşündən asılıdır.

- Çağdaş yazarlar tez-tez dilimizin kasadlığından gileylənir. Bu problemin həll yolunu xarici dillərdən söz gətirməkdə görənlər də var. Siz bu barədə nə düşünürsünüz?
- Bu çox ciddi problemdir. Şəxsən mən dəfələrlə yazı prosesində söz kasadlığını hiss edirəm. Əsasən də, müasir texniki avadanlıqlarla bağlı sözlərdə. Məsələn, adi velosipedin hissələrinin doğma dilimizdə qarşılığı yoxdur. Ancaq bu dilin zəifliyi kimi başa düşülməməlidir. Zəif dil olmur. İnkişaf edən və etməyən dil olur. Bizdə ədəbiyyat cəmiyyətin vacib sahələrindən biri sayılmadığı üçün dilimiz normal inkişaf tempini itirib. Biz inkişaf etmiş Avropanın, hətta Rusiyanın, Türkiyənin arxasınca çənəmizi sürükləyir, pəltək adamlar kimi kəkələyirik. Dilin zənginləşməsi və inkişafı işində ədəbiyyatı heç nə əvəz edə bilməz.Yaxşı alınmış bir nəsr əsərində işlənən yeni sözlərin əksəriyyəti oxucu, dolayısı ilə vətəndaş tərəfindən qəbul olunur, onun yadında qalır.

- AYB-yə getməyiniz birmənalı qarşılanmadı. Atdığınız addımdan peşman deyilsiniz ki?
- Müdrik bir kişidən soruşurlar ki, evlənək, yoxsa subay qalaq. O, fikirləşmədən cavab verir: “Nə edirsiz edin, axırda peşman olacaqsınız”. Mən bu gözəlim məmləkətdə ürəkdən seviniləsi hansı hadisənin şahidi oldum ki! AYO üzvü olduğum vaxtlardakı kimi ümidsiz və kədərliyəm. Ondan əvvəl də belə idi. Dəyişən bircə odur ki, heç kəsə və heç nəyə güvənməmək, heç kəsə və heç nəyə inanmamaq, üstəlik baş verənlərin həm də absurd və gülməli olduğunu görmək kimi böyük xəzinə kəşf etmişəm. Bax bu xəzinəni tapmaqda həyat təcrübəsi ilə yanaşı, kitablar da yaxından kömək etdi mənə. Xüsusən müasir nəsr əsərləri…

(davamı…)

Məqalə

Cavid Ramazanov: Absurdistanda ədəbiyyat davası (II yazı)


Vallah, çox absurd ölkədə yaşayırıq. Bunu yüz dəfə, min dəfə, milyon dəfə deyiblər. Qoy mən də yüzbirinci, minbirinci, milyonbirinci dəfə deyim: Azərbaycan absurdlar ölkəsidir, Azərbaycan mənasızlıqlar ölkəsidir, Azərbaycan təfəkkürcə xəstə insanlar tərəfindən idarə edilən ölkədir.

Keçən həftə “Absurd cəmiyyətdə ədəbiyyat müsabiqəsi” adlı bir məqalə yazdım, bir həngamə, bir vay-şivən qopdu ki, gəl görəsən. Ömründə “A” romanından başqa əsər oxumayan, “HOST”un replərindən başqa alternativ musiqiyə qulaq asmayan, ciddi, kədərli, yalanı sevməyən, xəyanəti bağışlamayan Elxan Qaraqanın fanatlarını başa düşmək olardı, bəs qeyriləri?
“Onlar bütün bunları paxıllıqları, kinləri və hikkələrindən edirlər…
Sadəcə, mən o cavan uşaqların öz yaşıdlarına qarşı o cür münasibətini anlamıram. Məsələn, Anara, qoca yazıçılara bu cür yanaşırdılar, indi də öz yaşıdlarına keçiblər. Nə var-nə var, bir az uğuru var…
Sadəcə, Elxan haqqında kampaniya aparmağa cəhd edən o gənclərin bəd niyyətlərinə heyfislənirəm”.
Bu sözləri Elxan Qaraqanın ideoloqu Rəşad Məcid məlum məqaləmə münasibət bildirərkən deyib.
İndi nə deyəsən? Bu nə məntiqdir? Bu nə düşüncə tərzidir? Bunu allah qoymasa, ədəbiyyat adamı, kitab oxumuş, intellektual bir insan deyir.
Mən Elxan Qaraqanın romanı barədə tənqidi məqalə yazmışam. Amma sən demə, Azərbaycanda kimisə tənqid etmək, ona paxıllıqdan, kindən-küdurətdən irəli gəlirmiş.
Rəşad bəy, mən indiyə qədər nə bir hekayə, nə də bir roman yazmışam. Milli Ədəbiyyat Müsabiqəsinə əsər təqdim etməmişəm. Əgər mən hekayə yazsaydım, roman yazsaydım, onu ədəbiyyat müsabiqəsinə təqdim edib, uduzsaydım, bəlkə də bu sizin əlinizdə məni paxıl, kinli, bəd niyyətli adlandırmaq üçün fürsət ola bilərdi. Amma mən bunların heç birisini eləməmişəm, mən hələ ki publisistikayla məşğulam.
Sözünüzdən belə çıxır ki, AYB-nin üzvü olan ədəbi-tənqidçilər paxıl, kinli, bəd niyyətli adlandırılmaqdan qorxduqları üçün yalnız təriflə, mədhiyyəylə məşğuldurlar. Sözünüzdən belə çıxır ki, bu gün cəmiyyətimizi məhv edən tərifin, yaltaqlığın, əntərliyin səbəbi elə insanların paxıl, kinli, bədniyyətli adlandırılmaqdan qorxduqları üçündür. Kimisə tənqid eləyən adamları da dərhal dama basırlar. Emin Millini, Adnan Hacızadəni, Eynulla Fətullayevi, həbsdən təzə çıxmış digərlərini də paxıl olduqları üçün, hakimiyyətin uğurlarını qısqandıqları üçün, əsassız tənqid etdikləri üçün dama basıblar. Əla məntiqdi, söz ola bilməz. Dərhal beynəlxalq təşkilatlara bu barədə məlumat vermək lazımdır ki, həbs edilənlər paxıldırlar, kinlidirlər, qısqancdırlar, ona görə də içəridə ömürləri çürüyür, əcəb olur, vətən öz düşmənlərini tanımalıdır!

(davamı…)

Proza

July 11, 2010

Xuan Rulfo: LUVİNA


Xuan Rulfo (1918 – 1986) – Meksika yazıçısı. «Od içində düzəngah» (1953) adlı hekayələr toplusunun və «Pedro Paramo» (1955) romanının müəllifidir. Bu roman haqda Borxes belə yazır: ««Pedro Paramo» ispan dilli ədəbiyyatın və ümumiyyətlə, dünya ədəbiyyatının ən yaxşı romanlarındandır». Markesin «Pedro Paramo» haqdakı fikri isə daha qəti səslənir: «Bü günəcən ispan dilində yazılmış ən gözəl roman». Azərbaycanlı oxucular Xuan Rulfonun bu şah əsəri ilə bir – neçə il bundan qabaq yazıçı Yaşarın tərcüməsində tanış olmaq imkanı qazanıblar. Bu sayımızda Rulfonun «Luvina» adlı kiçik bir hekayəsini çap edirik.

***

«Cənubda başı göyə dirənən dağlar arasında ən hündür dağ Luvinadır. Luvina həm də o dağların ən daş – kəsəklisidir. Həmin bu dağ sanki bütünlüklə əhəng daşından hörülüb. Ancaq indiyəcən Luvinada heç kim bu daşı əzib əhəng eləmək haqda fikirləşməyib. Burada əhəng daşına həmişə əl – ayağa dolaşan lazımsız bir şey kimi baxıblar. Yerli camaat bu daşa «vəhşi» daş deyir. Yəqin elə buna görədir ki, Luvinanın zirvəsinə aparan yamacın adı «vəhşi daşlar» adlanır. Günəş və külək buralarda daşın – torpağın qənimidir. Buraların ağappaq torpağı sanki işıq saçır. Elə bil bu torpaq səhər şehini canına çəkib, amma əridə bilmir. Əslində isə belə deyil. Burada səhər şehi deyilən şeyin nə olduğundan heç kimin xəbəri yoxdur. Çünki Luvinada gecə də, səhər də hava soyuqdur. Rütubət şehə çevrilib torpağa qonmağa imkan tapmamış dönüb bulud olur.
Düzünü desək, buralarda torpaq tapmaq da çətin məsələdir. Hər tərəf qayalıq, dərin dərələr, dibi görünməyən uçurumlardır. Luvina camaatının dediyinə görə gecələr bu uçurumlardan cürbəcür yuxular çıxır. Onlar da yatıb həmin bu yuxuları görürlər. Ola bilər. Amma mən o uçurumların dibindən küləkdən başqa nəyinsə çıxmağını hələ görməmişəm. Külək toz – torpaq qoparıb dalğa – dalğa uçurumun içindən göyə qalxır. Elə bil, uçurumun dibində, qaranlıq yerdə nəhəng təpəgözlər gizlənib və bu külək onların qamış çubuğunun içinə üfürdükləri nəfəsləridir. Uçurumun divarlarında hərəsi özünə bir ovuc torpaq tapıb kökünü bu torpağa batıran və öz sarmaşan qol – budağı ilə bərk – bərk qayalığı qucaqlayan acı – şirin quş üzümü kolları gözə dəyir. Amma dinclik bilməyən külək bu fağır bitkiyə də boy atmağa imkan vermir. Daşların arasında kölgəlik olan yerdə tək – tük tikanlı meksika laləsinin ağ güllərini də görmək olar. Ancaq bu gülün ləçəkləri tez qopub düşür və bu vaxt onun tikanlı budaqları ildırım sürətiylə yanından ötüb keçən küləyi cırmaqlamağa başlayır.
Yəqin ki, artıq siz özünüz də fikir verdiniz – Luvinada həmişə külək əsir. Özü də boz külək. Deyilənə görə onun rənginin belə boz olmasının səbəbi vulkanın ağzından qum və kül qamarlayıb özüylə götürməsidir. Bilmirəm, bu nə dərəcədə həqiqətə uyğundur, amma onu bilirəm ki, Luvinada hər tərəf boz dumanın içindədir. Siz özünüz də bunun şahidi olacaqsınız. Külək pələng kimi Luvinanın üstünə atılır. Bəli, bəli, məhz pələng kimi. Hətta adama elə gəlir ki, bu külək yox, həqiqətən də pələngdir və caynağına keçirdiyi ovunu didib dağıdır. Güclü külək evlərin damını qoparır. Özü də buranın camaatını damsız qoyan belə küləklər Luvinada nadir hadisə hesab olunmur. Buraların küləyi üçün evin damını qoparmaq, sizin tərəflərin küləyi üçün başınıza qoyduğunuz həsir şlyapanı uçurmaq kimi bir şeydir. Damı uçan evlərin yetim daş – divarları başıaçıq qalır. Luvinada külək heç vaxt ara vermir. Külək ya tozu torpağa qatır, ya da sakit – sakit əsir. Sakit əsdiyi vaxt sanki külək Luvinanı cırmaqlayır. Elə bil doğrudan da buraların küləyinin caynaqları var. Siz cırmaq səslərini burda səhər də eşidə bilərsiz, axşam da. Luvinanın küləyi heç vaxt yoruldum demir. O bütün divarları cırmaqlayır, ağır daşları torpağın qucağından alıb götürür, özünü qapılara çırpır, dərmə – deşik tapıb evlərə soxulur. Onun əlindən yaxa qurtarmaq mümkün olan iş deyil. Buralarda külək canınıza hopur, iliyinizə işləyir və siz hiss edirsiz ki, bir az da belə davam eləsə bu külək ruhunuzu bədəninizdən alıb uçuracaq. Siz özünüz də bunun şahidi olacaqsanız».
Hekayətçi bu yerdə susub küçəyə boylandı.
(davamı…)

Poeziya

July 7, 2010

Əsəd Qaraqaplan: Yeni şeirlər

QİYAMƏT GÜNÜ

mən bilirdim dəhşətli olacağını
sənin çıxıb gedəcəyini bilirdim
ya da mənim səndən çıxıb gedəcəyimi..
içmədiyim suların üzərindən yürüdükcə
bir xurma ağacından xurma dərib yemədikcə
baxdığın göy üzündə quşlar da ötmədikcə
mən bilirdim dəhşətli olacağını..

mən bilirdim dəhşətli olacağını
hələ dünyaya gəlməmişdən min il
min yol il qabaq
hələ Qabil Habili öldürməmişdən
üç yüz il yaşayan qarğa
yer qazıb öldürdüyünü basdırmamışdan hələ
mən bilirdim dəhşətli olacağını..

mən bilirdim dəhşətli olacağını
yer üzünə yenə ayaq basacağımı bilirdim
ya da yerin ayaqlarına səriləcəyini..
bir insan sifətində uçurum işığının sönəcəyini
bilirdim genişliyinin itəcəyini..
gözlə gördüyüm hər şeyin qaranlığının
düşdüyüm bu alanın sonsuzluğunu
mən bilirdim dəhşətli olacağını..

(davamı…)

Poeziya

Seyid Ramindən bir şeir


Dua

Bu könül dözmədi eşqin belə işgəncəsinə,
Kimsə səs vermədi neyçünsə bu könlün səsinə,
“Əlim hər yandan üzüldü ümüdüm qaldı yenə,
Sənə doğru açılan əllərimin kölgəsinə.”

Yürüyərkən yolumu sanki itirdim gəldim
Özümü mən buraya güclə yetirdim gəldim,
Hər nəyim vardısa izninlə gətirdim, gəldim,
“Sənə doğru açılan əllərimin kölgəsinə.”

Mən sənin eşqini qəlbimlə tutub saxlamışam,
Eşqimin atəşini söndürərək ağlamışam,
Həmişə mən dar ayaqda ümüdü bağlamışam,
“Sənə doğru açılan əllərimin kölgəsinə.”

(davamı…)

Məqalə

July 6, 2010

Cavid Ramazanov: Absurd cəmiyyətdə ədəbiyyat müsabiqəsi


“Plagiat roman yazmaqla yalnız Azərbaycanda qalib gəlmək olar”
Çox absurd cəmiyyətdə yaşayırıq. Azərbaycan sanki Samuel Bekkettin “absurd teatr”ıdır. Heç bir yerə aparmayan yolun kənarında, yarpaqları tökülmüş ağacın altında oturan Vladimir və Estragon kimi Qodonu gözləyirik. Qodo bizim üçün ümiddir. Bizə ədalət gətirəcək, bəlkə bizi yenidən ümidləndirəcək ümidi gözləyirik. Getmək mümkündür, çünki Qodo gəlmir, bəs biz gedəndən sonra birdən Qodo gəlsə necə olar, bizi tapmaz, onsuz da başqa iş-gücümüz yoxdur, ən yaxşısı gözləməkdir… Qodonun gəlməyəcəyini bilə-bilə gözləməkdir. Ümidsizcə ümid edərək gözləməkdir…
Qodonu gözlədiyimiz vaxt Pozzo (diktator) və Lakki (yaltaq ziyalı) gəlir. Pozzonun əlindəki kəndir Lakkinin boynuna bağlanıb. Pozzo yediyi yeməyin sümüklərini Lakkinin qabağına atır, Lakki sümüyün xətrinə diktatorun qabağında şıllaq atır, şeir deyir, mahnı oxuyur, diktatoru mədh edir. Bizsə heysiz-heysiz onlara baxırıq, Lakkinin qabağına atılan sümüklərə iştahamız düşür. Və yenidən Qodonu gözləyirik, ümidi gözləyirik, bizə ədalət gətirəcək xilaskarı gözləyirik…
Hər keçən dəqiqə, hər keçən saat, hər keçən gün ümid tükənir. Getmək mümkündür, bəs gedəndən sonra birdən Qodo gəlsə, bizi tapmasa necə?..
“Əcəb eləyirəm”
Bu günlərdə Milli Kitab Müsabiqəsi yekunlaşdı. Sonuc: yenə ədalətsizlik oldu. Bu müsabiqə ənənəviləşmiş ritualı xatırladırdı. Hay-həşir, müsahibələr, reportajlar, ədalətli seçim barədə çıxışlar, bu dəfə nəhayət ki, Azərbaycanda şəffaflıq olacağı barədə vədlər və sonda yenə münsiflərin, müsabiqəni təşkil edənlərin öz feodal mahiyyətlərinə qovuşması kimi absurd nəticə. Ağalar müəllimin əla tapıntısıdır: “əcəb eləmək”. Bu insanların onları ədalətsizlikdə qınayanlara qarşı şüarı belədir: əcəb eləyirəm, yaxşı eləyirəm, kef mənim deyil, özüm bilərəm…
İndi səs-səmir yoxdur. İşlərini görüb “həh” deyib oturublar. Görək növbəti şou nə vaxt baş tutacaq…

(davamı…)

Xəbər

Məşhur türk yazıçısından şok iddia

Türkiyənin ən məşhur yazıçılarından biri, “İncə Məmməd” və digər populyar romanların müəllifi Yaşar Kamal 1960-cı illərdə Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin casusundan “əxlaqsız təklif” aldığını və həmin təklifi rədd etdiyini bildirib.
87 yaşlı yazıçı Amerikanın nüfuzlu siyasət dərgisi “The Nation”a müsahibəsində deyib:
“CIA ajanı arkadaşım vardı. Bana ‘İşçi Partisi’nden ayrıl, kitapların ABD’de popüler olsun’ dedi. ‘Or.. ço.., beni Amerikan parasıyla satın mı almaya çalışıyorsun. S… git”.
“The Nation” adı oxuculara açıqlanmayan həmin casusdan bu olay haqqında soruşduqda o, “belə bir şeyi xatırlamadığını, Yaşar Kamalın hafizəsinə şübhə etdiyini və yazıçıya heç zaman siyasət diqtə etmək fikri olmadığını” söyləyib.
Jurnal “bu olayla bağlı həqiqət necə olursa olsun, Yaşar Kamalın heç vaxt Qərbdə şöhrət qazanmadığına, sadəcə Şərq dünyasında tanındığına” diqqət çəkib.
Dəfələrlə Nobel mükafatına namizədliyi irəli sürülsə də, Yaşar Kamalın Nobel mükafatlı Orhan Pamukun “kölgəsində qaldığını” qeyd edib.

Azadlıq Radiosu

Müsahibə

Rafiq Tağı: “Ardıcıl mübarizlərimizin bir qismi qonorar bülbülləridir”


- Hər necədirsə də, bu cəmiyyət bizimdir. Özünüzü bu cəmiyyətdə necə hiss edirsiniz?
- Əlbəttə, cəmiyyət bizimdir, əfsus, ondakı “cındır” adamların konsentrasiyası Avropa cəmiyyətlərindəkindən qat-qat çoxdur. Bunun kökü uzun əsrlər boyu yad mədəniyyətlərin diktəsi altında olmağımızdır. Bir vaxt bunları mən “Azərbaycan mədəniyyətində zor qalıqları” adlı essemdə araşdırmağa çalışmışam. Bəşəriyyətin tarixində manqurt şəklində iştirak etmişik. Ancaq Azərbaycan türkü gördüyü total basqılardan sonra yenə ayaq üstə durmağa çalışırsa, artıq bu böyük uğurumuzdur. Burda mən manqurtları qırıb da cəmiyyəti sağlamlaşdırmaq fikrindən uzağam. Mən manqurtların beynində faydalı qazıntı şəklində düşünən hüceyrələr axtarmağı təklif edərdim.
Onsuz “adam kişi olar”, “ayıbdır” və sair bu kimi tərbiyə metodları işləmir. Cəmiyyətimizin timsalında əminliklə demək olar ki, kütləni, əxlaqa arxayın olub da, düzəltmək mümkünsüzdür. Dərin demokratizm və qanunların diktaturası – gediləsi yol budur. Nəhəng elmi sıçrayışlar fonunda hətta böyük dinlər də mənasını itirməkdədir. İndi müqəddəs öyüdləri insan bir qulağından alır, o birindən buraxır. Artıq moizələr effektsizdir.
Bəşəriyyətin min illərcə topladığı pozitiv təcrübə qanunlar şəklində çoxdan təsbit olunub. Qanunların diktaturasında əxlaq özü-özlüyündə ortaya çıxmış olacaq. Mən qanunların diktaturasından doğan əxlaqın tərəfindəyəm.
Ümumbəşəri dəyərlər yalnız qanunlar şəklində maraqlı və işləkdir.
Özümü necə hiss edəcəyəm? Cəmiyyətimiz bütün qüsurlarıyla mənə maraqlı görünür. Özü də mən fatalistlər kimi oturub nəyisə acizanə gözləmək fikrində deyiləm. Azərbaycan cəmiyyəti mənim şəxsi mənafeyimdir və mən onun dinamizm kəsb etməsinə, inkişafına çalışanlardanam. Öz ömrümdə cəmiyyətimizdə müsbət dəyişikliklərin şahidi olmaq istərdim. Pessimistlərlə həmişə müqayisəli analiz aparmağı xoşlayıram: baxın, onillər keçir, bizdə də keyfiyyət dəyişiklikləri baş verməkdədir. Gərək bunu görə biləsən. Olsun ki, bəziləri bunu görmək istəmir.
Aydınlarımızın topluma impulslar verməyi gərək.
Toplumda qaranlıqlara yox, işığa şərti reflekslər yaratmağımız gərək.
Çətinliklərimizi görüb də harasa qaçmamaq. …Yeri gəlmişkən, yaradıcılığımla bağlı cəmiyyətdə baş vermiş kataklizmlərin hamısında bəzi qüvvələr görməmişcəsinə güman edərdi ki, mən bütün bunları xaricdə sığınacaq almaq üçün yazmışam. Uca məramımı belə ucuz tutanlar, deyəsən, indi-indi məni başa düşməyə başlayıb. Bədxahlarım da oxucularımdır və onlara hörmət borcumdur. Onlara bir daha üz tutub deyirəm: barı indən belə məni dünya malına görə suçlamasınlar. Həqiqətən, bu dünyada mənə yaşayış minimumundan savayı, dost-tanış yanında xəcil olmamaqdan yana heç nə lazım deyil. Qoy dünya malı, xoşbəxtlik törədəcək qabiliyyətinə malikdirsə, bərabər bölünmək şərtiylə başqa insanların olsun.
Mənə qalan dünya malı yaratdıqlarımdır.

(davamı…)

Müsahibə

July 5, 2010

Salam Sarvan: “Azərbaycan ədəbiyyatı məni maraqlandırmır”


Salam Sarvan: “Bizimkilər söz veriblər ki, dünyanın yaratdığı bütün gözəl dəyərlərin anasını ağladacaqlar”
Ənənəvi Azərbaycan heca şeirinə klassik əruz intonasiyası gətirmiş 90-cı illər ədəbi nəslinin ən istedadlı nümayəndələrindən biri Salam Sarvan hal hazırda Bakı Slavyan Universitetində nəşriyyat direktoru və 150 cildlik dünya ədəbiyyatı seriyasının redaktoru kimi çalışır. Onunla müsahibəni olduğu kimi sizə təqdim edirik.
- Ədəbiyyatımızın bu günki vəziyyəti sizi qane eləyirmi?
-Məncə hər şeyi Azərbaycan adına düşünmək də düz deyil. Niyə Azərbaycanın musiqisi yoxdu, niyə ədəbiyyatı yoxdu, niyə futbolu yoxdu? Yoxdu, yoxdu da… Sənə ədəbiyyat lazımdırsa, o gərək elə Azərbaycanda olsun? Sən onu Fransada tap oxu. Sənə musiqi lazımdırsa və bizdə yoxdusa, onu Almaniyada arayıb dinlə. Milli təəssübkeşlik heç də həmişə məcburi deyil. Nədən biz o iddiadayıq ki, bu balaca ölkədə hər şey olmalıdı – böyük ədəbiyyat da, böyük musiqi də, böyük elm də və sair? Neyləməli, elə coğrafiya var ki, orda «torpaq yetişdirmir». Bizdən asılı olmayan şeylər də var axı. Axı burda möcüzə də baş vermir – «fiziklərimizin» başına alma da düşmür axı.
Yəni, Azərbaycan ədəbiyyatının vəziyyəti məni qətiyyən maraqlandırmır. Bu «vəziyyətin» yanından keçib dünyanın beş ölkəsinə çıxan «Yarımçıq Əlyazma» kimi əsərlərin tək-tük olması da kifayətdi.

- Ədəbiyyatda cəbhələşməyə münasibətinizi bilmək maraqlı olardı. Sizcə, hər hansı ədəbi qurum bir yazıçının yetişməsinə kömək edə bilərmi?
- Amerikada ilk Nobeli Luis Sinkler alıb. Ancaq o vaxtlar Sinkler Amerikanın AYB-si olan «İncəsənət və Ədəbiyyat Akademiyası»nın üzvü deyildi. Onu həmin quruma götürməkdən imtina eləmişdilər.
Əslində, ədəbi qurumlar yazıçı yetişdirmək üçün yox, oxucu yetişdirmək üçün yaradılır. Söhbət əlbəttə ki, hansısa ideologiya, ədəbi cərəyan ətrafında birləşmələrdən gedir. Yəni, eyni cür düşünən yazarlar cəmiyyəti öz auditoriyasına çevirməyə cəhd eləyirlər. Hətta futuristlər öz ədəbi prinsiplərini İtaliyada siyasi həyata da hakim eləmək iddiasındaydılar.
Ancaq ədəbiyyatın yaradılmasında kollektiv cəhdlərin heç bir rolu yoxdu. Ədəbiyyatı təklər yaradır – markeslər, dostoyevskilər, sartrlar… «Sürrealist ədəbiyyat», «futurist ədəbiyyat», «postmodernist ədəbiyyat» və sair anlayışlar estetik effektlərdi, bədii səviyyə effektləri deyil ki. Yəni, əsər postmodern olaraq pis də, yaxşı da yazıla bilər. Məsələn, bir vaxtlar bizdə belə bir dəb var idi. Adamlara elə gəlirdi ki, yazı postmoderndirsə, deməli, yaxşıdı. Hətta bəziləri mətnlərinin üstünə «postmodern mətn» qeydini böyük hərflərlə yazırdılar da. Bakının kostyumuna fransız etiketi yapışdırmağa oxşar bir şey. Yəni bir qəlib düzəltmişdilər və elə bilirdilər ki, bu qəlibə zibil də töksən qızıl çıxacaq, çünki qəlib – «qızıl qəlibi»dir.
İndi eyni səhvi mənim dostum Şahbaz Xuduoğlu da eləyib başını salıb bəlaya. «Ən yeni ədəbiyyat» adlandırdığı seriyadan kitablar buraxmağa başlayıb. Eşitdiyimə görə, hərə qoltuğuna bir əsər vurub qaçır onun üstünə ki, məni də bu seriyada çap elə. Sanki Şahbaz bəy əlində möhür oturub ədəbiyyat məmuru kimi və gəlib-gedənin yaradıcılığına «ən yeni» möhürü vurmaqla məşğuldu. Bunlara da elə gəlir ki, Şahbaz bəyin düzəltdiyi bu qəlibə nə töksən, ordan «ən yeni» çıxacaq.
(davamı…)

Poeziya

Nərmin Hüseynzadədən bir şeir

Və bir də…
Gecənin özü səda,
Sonu sükut
Saat çıqqıldayır
əqrəblər köklənib
“do”-ya
layla çalır sükuta
Və birdən
Deyingən bir qarı,
Qarı ilə oynayan,
Yarpaqları döyən
Külək…
Və bir də
Gecənin əynindəki
Qara libasdan asılan
Bəyaz geyimli xoşbəxt
mən…
(davamı…)

Poeziya

Tural Ağatlı: Şeirlər

YUXU

Aşkar bir oyaqlıq oxunur gözdən,
Əngələ çevrilib yuxum gəlməsi.
Daha da qaçırır yuxumu gözdən
İnləyən gecənin qərib nəğməsi.

Yuxumu donduran o tilsimkarın
Tutub tilsimini sındıram bu dəm.
Şirin yuxulardan kam alanları
Xoşbəxt bir varlıqlar sanıram bu dəm.

Bu gecə gözlərim yuxu görərmi,
Uyumaq harammı sayılıb mənə?
Kəsib yuxusundan yuxu verərmi
Kimsə yuxusundan ayılıb mənə?

Gecə özü bir qəbirdi qazılmış,
Dəfn edib yuxumu gözlənilmədən.
Minnət gözləyənin dərdi azıymış,
Yuxum da bir minnət gözləyir məndən.

Yuxum oğurlanıb mən uyuyunca,
İtib xəyalımdan, məndən uzaqdır.
Nə vaxt bir uyudum özüm doyunca,
Elə də oğrunu yarıdacaqdır.

(davamı…)

Poeziya

July 4, 2010

Yusuf Hayaloğludan möhtəşəm şeirlər


Ayrılık Hediyesi

şimdi saat sensizliğin ertesi
yıldız dolmuş gökyüzü ay-aydın
avutulmuş çocuklar çoktan sustu
bir ben kaldım tenhasında gecenin
avutulmamış bir ben…

şimdi gözlerime ağlamayı öğrettim
ki bu yaşlar
utangaç boynunun kolyesi olsun
bu da benden sana
ayrılığın hediyesi olsun

soytarılık etmeden güldürebilmek seni
ekmek çalmadan doyurabilmek
ve haksızlık etmeden doğan güneşe
bütün aydınlıkları içine süzebilmek gibi
mülteci isteklerim oldu ara sıra, biliyorsun..
şimdi iyi niyetlerimi
bir bir yargılayıp asıyorum
bu son olsun be..bu son olsun!
bu da benim sana
ayrılırken mazeretim olsun!

şimdi saat yokluğunun belası
sensiz gelen sabaha günaydın!
işi-gücü olanlar çoktan gitti
bir ben kaldım voltasında sensizliğin
hiç uyumamış bir ben…

şimdi dişlerimi sıkıp
dudaklarıma kanamayı öğrettim
ki bu kızıl damlalar
körpe yanağında bir veda busesi olsun
bu da benden sana
heba edilmiş bir aşkın
son nefesi olsun…

(davamı…)

Esse

Alik: İki esse


Mən necə yaşamağa başladım?

Başımın üstündə göy, ayağımın altında torpaq, içimdə arzular elə peşəkarcasına düzülmüşdü ki… İlk dəfə ayaqqabılarımı soyunub göyə tullayanda 13 yaşım vardı. Onda yerdən də, göydən də, arzularımdan da xəbərsiz idim. İstəklərim vardı: futbol ketləri, velosiped və sükut… Mehriban və sakit ailəmin olmasını istəyirdim. Bütün bunların adının arzu olduğunu bilmirdim. Əvəzində Arzu adlı gözəl bir qızdan xoşum gəlirdi.. ) Yalnız göyə atdığım ayaqqabılar yerə düşəndə yer ilə göyün məsafə fərqini duydum. Onda məndə artıq adını bildiyim bir arzu yarandı: yer ilə göy arasında günahsız və xoşbəxt olmaq… Yerə düşən ayaqqabılarımı geyinib anamın yanına qaçdım. İstəmirəm – dedim – velosiped və futbol keti… Xoşbəxt olmağıma kömək edin – dedim. Anam gülümsəyərək başımdan öpdü, susdu…
19 yaşımda atamı itirdim və onun əvəzində kişi olmağa başladım. İlk saqqalı atam öləndə saxladım. Güzgüdə saqqallı əksimə baxıb göz yaşları tökdüm. Bildim ki hələ kişi olmağa hazır deyiləm. Əksini gördüyüm saqqallı kişinin məsum və yazıq gözləri məni heyrətə gətirdi. Çaşıb qaldım.
22 yaşımda gözəl cümlələr qurmağa başladım. Qadınlara jestlər elədim. Saç düzümümü dəyişdim və bir gün nə qədər çalışsam da 13 yaşımda xoşuma gələn Arzunun üzünü belə xatırlaya bilmədim.
Günlər bir-birinə bənzəməyə başladı. Anam daha müqəddəs və qiymətli oldu. Allahı daha çox sevməyə başladıq. Ailəmizdə yeni balaca bir oğlan dolaşmağa, hər yeri qarışdırmağa başladı: qardaşımın oğlu olmuşdu… )
(davamı…)

Esse

Adil Mirseyid: Alleqro Andrey Voznesenskinin xatirəsinə

Rəssamları şairlərdən, şairləri isə rəssamlardan daha yaxın, daha düzgün heç kim bu dünyada anlaya, duya bilməz – mən bu sözlərin gerçək olduğuna cani dildən inanıram.
Mən özümü avropalı kimi hiss etmirəm – mən şərqliyəm, şərqdən gəlirəm. Şərq isə sözdür, poeziyadır.
Qərbdə – Fransada, İtaliyada və ya İspaniyada dünyaya gəlsəydim, mən həyatımı bütünlüklə təsviri sənətə verərdim, uca Tanrım mənim ruhumu şərqə göndərdi, göbəyim bu torpaqda basdırıldı. Tale məni hara atsa, yenə bu başımın bəlası vətənə, bir gün məzarım olacaq torpağa döndüm.
Mənim durumum belədir – bir üzüm şairdi, bir üzüm rəssam.
Amma bir gün anladım ki, vaz keçə bilmədiyim bu tütya torpaq, bu məmləkət, bu şəhər əslində mənim vətənim deyilmiş – bura qürbətdi, dostum. Mən vətənin başlandığı yeri itirmişəm…

(davamı…)

Proza

Bəxtiyar Hidayət: AC PƏLƏYEVİN BAZARLIĞI


Səhər-səhər ola və sən də Sa-sözyurdunun bazarının ağzında rahatca marşrutdan düşmək istəyəsən bu mümkün olan bir şey deyil. Çün toyuq alverçiləri bütün marşrutların qabağını kəsir. Vay ola ki birinin əlində bir toyuq marşrutdan düşə-o saat alverçilər toyuğu qapacaqlar. Yazıq toyuq kəsilməmişdən əvvəl yolunacaq. Həmçının pendir alverçiləri də öz ovlarını gözləyirlər. Vay onda olur ki toyuq satmaq istəyən kəs toyuğu qoya bir torbaya –onun torbasını pendir alverçiləri də əlindən ala bilərlər. Bax belə bir basırıq olur buraların bazar dairəsi səhər-səhər.
Bu hekayənin qəhrəmanları özlərini bir az mədəni saydıqlarına görə və bu basırığa düşmək istəmədiklərinə görə bir başqa üsula əl atıblar. Onların üçü də-Əhməd müəllim də, Kamil (ona da müəllim demək olar) də, Elşad (ona da müəllim demək olar) da toyuq alveri edirlər. Hər üçü gedib kəndlərdən toyuq-cücəni yığıb gətirib satırlar bazarda.
Əhməd müəllim vaxtilə maarifdə işləyirdi. Prezident seçkiləri öncəsi müxalifətin mitinqinə qatıldığı kadrlarla sübut olduğuna görə-haram olsun hökumətin çörəyi sənə-deyilib atıldi bayıra-kolleqa iclasının qərarı ilə. Elşad ixtisasca tarix müəllimidir və o da müxalifətçi olduğuna görə iş üzünə həsrətdir. Kamil isə maarif müdürünə yol tapacağına əmindir. Şünki müdürün sürücüsü ona söz verib ki darıxma. Müdürün sürücüsü Kamilin həm qonşusu , həm də uşaqlıq dostudur.
Toyuq cücənin (Kamilin bir qazı da vardı) ayağı bağlı idi və Elşad onları qul bazarının sakinləri adlandırırdı.
(davamı…)

Poeziya

Hikmət Carçılı: Dar ağacı

meydanlar dolduran vaxtın vardı sənin,
hamı tamaşana durardı sənin,
kiminin ürəyi gedərdi
bu saat əzizinin boynu həlqənin arasına keçib
sınacaq deyə,
kimi vicdanlı olmağa çalışardı
sənin qorxundan…
meydanlar dolduran vaxtın vardı,
hamı lərzəyə gələrdi adını eşidəndə,
hamı ləzzətə gedərdi meydana gedəndə
kiminsə həyatı bu gün dayanacaq deyə…
hamının ölümdən zəhləsi gedirdi…
hamının qan görmək üçün ürəyi gedirdi,
toy gecəsi gənc oğlanın keçirdiyi hisləri keçirirdi hamı…
hamı olurdu saf,
hamı olurdu allah adamı
zəhmin çox ağırdı,
adındakı hər hərfdən zəhirmar yağırdı
DAR AĞACI…
(davamı…)

Poeziya

July 1, 2010

Şarl Bodler: Dedin ki, ölmərik, bəs niyə öldük?..

Heç sırası deyil,
Ancaq gəl,
Gəl ki,
Geri qayıda bilməzsən.
Saatın əqrəbləri
Dəryaz kimi biçir ömrümü
Bax bu da bir yersiz bənzətmə,
Gəl,
Hər şeyə,
Elə bu sallaqxana pişiyi kimi
Gözlərini qıyan
Bənzətmələrə də son qoy…
Eh…
(davamı…)

Poeziya

Günel Mövlud: “5XL” kitabından seçmələr


İntihar silsiləsi

Yazı yazdığım vərəqlərin
üstünə düşən yarpaqları öpürəm
Ağacların qurumağında qocalıram, Səda!
Amma hələ də bilmirəm – necə unudurlar adamı?
Bilmirəm…
Üzümü cırmaqla
Saçımı dağıt!
Sən dünən sığınacaq idin
Bu gün – xilas
Sabah
Sabah da sadəcə OLMAYACAQSAN
Mənsə hələ də bilmirəm – necə unudurlar adamı?
Bilmirəm…
sabah yenə saçlarım çirklənəcək
quruyacaq əllərimin kobud dərisi
sabah yenə dodaqlarım səyriməyə
gözlərim ağlamağa hazır
sabah yenə həyat boz,
sevgi uğursuz…
(davamı…)