Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Archive for the ‘Proza’ Category

Proza

July 25, 2010

Hikmət Carçılı: Rüfət (mənasız bir hekayə)

Gündöyməz kəndinin sakini Rüfət çox içən adam idi. Kənddə hamının ondan zəhləsi gedirdi. Hamıya zülüm əziyyət verərdi ömrü boyu. Qırx yaşına gəlib çatmışdı. Vurmağının üstündə ona qız verən olmamışdı, onun da könlünə düşməmişdi evlənmək yaşadığı bu qırx il ərzində. Daima kef edərdi. Deyərdi dünyanın ləzzəti kefdədir. Anası rəhmətlik Sənəm qarı onun dərdindən öldü. Həmişə deyərdi, ay oğul ay bala az iç bu zəhirmarı, camaatın içində bizi gülünc vəziyyətinə qoymusan, kənd içinə çıxmağa qorxuram. Atan kəlləsinə daş düşmüş vaxtında səni atmasaydı, bizi tək qoyub nə bilim hansı cəhənnəmə getməsəydi sən cığırından çıxmazdın. Elə o kopolu da bir fərli adam deyildi. Hər gün, hər gün içərdi, oğul ataya çəkər deyərdilər inanmazdım, qurbanı olduğum Allah qarşıma çıxardı. Hey, əziyyət çəkmişəm, bilmirəm bu qurbanı olduğum Allah niyə bütün bu dərdləri mənim üstümə yükləyir elə. Bax, qızımın ölümü yadımdan çıxmamış, cavan qardaşımın ölümü sinəmə dağ çəkdi. Ay allah de bir görüm məndən nə istəyirsən də. Mən yazığın balası, mən yazıq bəndən, nə günah işlətmişəm sənin gözünün qabağındakı sən məni bu əzabların içində boğursan, anamdan boğulmağıma peşman eləyirsən. İndi oğlum Rüfəti göz dağı eləmisən. Neyləmişəm axı sənə…Sonra da dediklərinin yalnış bir şey olduğunu anlayıb salavat çevirir, bunları deyidi: “qələt edirəm, mən nə karəyəm ki, sənin etdiklərini müzakirə edirəm, özün bilən yaxşıdır, keç günahımdan, cahilliyimə ver…”
(davamı…)

Proza

July 23, 2010

Yasunari Kavabata: Çox sağ olun!

Xurma bu il yaxşıca bəhər vermişdi. Dağlarda payız gözəl idi.
Liman şəhəri yarımadanın cənub səmtində yerləşirdi. Yaxası bənövşəyi rəngli sarı kitel geyinmiş sürücü ikinci mərtəbənin gözləmə zalındakı ucuz qəlyanaltıxanadan çıxıb aşağı endi.
Əlində çanta tutmuş qadın öz qızını sürücünün yanına qaldırdı:
-Yaxşı ki, sizin növbənizdir. Siz bizi aparanda mənim qızım bilirsiniz necə sevinir? Nə yaxşı oldu!-dedi.
Sürücü qızı diqqətlə süzüb bir söz demədi. “Təxirə salmaq olmaz. Qarşıdan qış gəlir. Soyuq havada onu belə uzaq yola göndərmək yaxşı deyil. Hərçənd hələ soyuqlar düşməyib, onsuz da gedəcək. Və mənimlə gedəcək.”
Sürücü başıyla qadına əyləşmək üçün işarə etdi və sükan arxasına keçdi.
-Qabaqda oturaq, anacan. Orada avtobus yırğalamır.
Yol isə uzundur. Buradan onların gedəcəyi şəhərciyə 60 km yol qət etmək lazım idi. Ana qızını oradakı dəmir yol stansiyasının yaxınlığında yerləşən fahişəxanaya satmaq niyyətindəydi.

(davamı…)

Proza

July 18, 2010

Yeganə Cansail: Yachts…yaxud xeyirxah qatil

Bayırda yağışlı soyuq külək əsirdi. Belə havanı heç sevmirəm. Adətən belə günlərdə evə çəkilir, isti sobanın qarşısında bardaş qurub kitab oxuyar, yaxud notbukda dostlarla yazışıram. Bu gün nəsə içimdə caz mərkəzinə gedib musiqi dinləmək istəyi yaranmışdı. Nə vaxtdı ora getmirdim. Proqramda gürcü qonaqların ifası yer almalıydı. Odur ki, həvəslə evdən çıxıb caz mərkəzinə üz tutdum.
Burdakı alaqaranlıq zal, həzin caz sədaları və içki qoxusu insanda xoş aura yaradırdı. Bu gün əvvəl ki, günlərdən fərqli olaraq gələn tamaşaçıların sayı az deyildi. Həmişə ki, yerimə künc tərəfdəki boş masaya keçib oturdum. Martini sifariş edib ətrafa nəzər yetirdim. Gələnlərdən əksərinin siması mənə tanış idi. sənət adamları, caz sevərlər və yalnızlar…
Gürcü ifaçısı öz ölkəsində çox da məşhur olmasa da cazı ürəkdən ifa edirdi. Qadının ifasından kifayət qədər zövq almaq və bütün pislikləri unutmaq mümkün idi. bir az içki, bir az da saksafonun səsi məni sərxoş etmişdi. Lakin növbəti səslənən musiqi bir anda sanki məni yuxudan oyatdı. Coco Steelin “Yatchs” musiqisinin sədaları fikirlərimi də alıb özüylə uzaq Arxangelsk məkanına apardı. Düz 5 il öncə bundan qabaq olmuş hadisə hələ də yaddaşıma anbaan həkk olunmuşdu. Orada bir qadın vardı. O zamanlar orada işləməyə gedərkən bu qadınla təsadüfən rastlamışdım. O mənim qonşum idi. qəribə sifəti var idi. çənəsi həddindən çox irəli gəlmiş bu qadının dodaqları sanki üzündə quyu təsvirini yaratmışdı. Onun bu əcaib simasına baxanda ərinin onu necə öpdüyünü düşünür və bunu hər vəcdlə gözlərim önündə canlandırmağa çalışırdım. Lakin nə qədər etsəm də bu xəyalımı canlandıra bilməyib təəssüf hissi keçirirdim. Arxangelsk mənim həm də uşağlıq illərimin keçdiyi yerlər olduğundan buranı çox sevirdim. Şəhərdən uzaq, qarlı-qışlı kənd həyatı. Burada şəhərin gərginlik dolu stressi, depressiyası əriyib gedirdi. Hərdən mənə elə gəlirdi ki, yazıçı olmaq istəyən adam mütləq buralara baş çəkməlidir. mən taxtalardan düzəldilmiş ruslara məxsus bağlı-baxçalı evdə yaşayırdım. Hərçənd buraların gecələri çox soyuq və qorxulu idi mənim üçün, amma gecələrini çox sevirdim. Xüsusilə də Arxangelskin bəyaz gecələri möhtəşəm idi. belə gecələrdən birində bir dəfə yenə həyətə düşüb gəzirdim. Birdən həmin qadını öz qapısının yanında pilləkəndə oturub ağlayıb-sızlayan gördüm. Nədənsə ondan çəkinirdim. Yaxınlaşmağa risk etmədim. Onun haqqında məlumatım az olduğundan bu qadın həmişə məni maraqlandırırdı. Çəpərlərə yaxınlaşdım. O deyəsən məni gördü. Tez ayağa qalxıb evinə getdi. Sonralar bu hadisə neçə dəfə təkrar oldu. (davamı…)

Proza

July 14, 2010

Qabriel Qarsia Markes: Məhəbbət əvəzinə ölüm labüdlüyü

Senator Onesimo Sançes həyatının qadınına rast gələndə ölümünə altı ay on bir gün qalmışdı.

O həmin qadını Vitse-krallığın Qızılgül Bağında, ikiüzlü Yanusa bənzər kənddə görmüşdü: gecələr bu kənd uzaqdan üzüb gələn qaçaqmalçı gəmilərə sığınacaq verən limanıydı, gündüzlər isə səhrayabənzər dənizin sahilindəki düzənliyin qütbləri bilinməyən, heç nəyə yaramayan bir guşəsi kimi görünürdü.

Kənd dünyada hər şeydən o qədər uzaq düşmüşdü ki, burada kiminsə taleyini dəyişməyə qadir olan bir kimsənin yaşaması heç kəsin ağlına gəlməzdi. Görünür adı da kəndə masqara üçün verilmişdi: çünki nə vaxtsa camaatın burda gördükləri ilk qızılgülü axırda Laura Farinayla tanış olduğu həmin gün senator Onesimo Sançes gətirmişdi.

Dörd ildən bir keçirilən seçki kampaniyası öz qaydasınca gedirdi.

Səhər furqonlar məzhəkəçilərlə gəlib çıxdılar.

Sonra yük maşınları seçkiqabağı yığıncaqlar zamanı camaatı əyləndirmək üçün muzdla tutulmuş, şəhərcikdən şəhərciyə daşınan hinduları gətirdilər. Saat on birə yaxın musiqi sədaları, atəşfəşanlıq eləyənlərin səs-küyü altında çiyələk suyu rəngli nazirlik avtomobili kəndə girdi.

İçəridəki sərinlikdə qəribə, ətrafda baş verənlərlə uyuşmayan sakitliklə senator Onesimo Sançes oturmuşdu.

O, maşının qapısını açan kimi bürküdən təntidi, xalis ipəkdən olan köynəyi bir andaca tərdən islandı, senator özünü heç vaxt olmadığı qədər yaşlı, tənha hiss elədi.

Onun bu yaxınlarda qırx iki yaşı tamam olmuşdu, vaxtilə Hettingendə mühəndis-metallurq fərqlənmə diplomunu almışdı. Uzun illərdi ki, özünə xüsusi bir xeyri olmasa da, pis tərcümələrdə latın klassiklərinin əsərlərini mütaliə eləyirdi.

O daim şən, güləyən alman qızına evlənmişdi, beş uşaqları vardı, hamısı da onun evində xoşbəxtdilər, üç ay əvvəl yaxın Milad günündə öləcəyini ona söyləyənə qədər özü hamıdan xoşbəxtiydi.

Yığıncağa hazırlıq qurtaranacan senator onunçün ayrılmış evdə heç olmasa, bir saat tək qalmağa, dincəlməyə müvəffəq oldu.

Uzanmazdan əvvəl səhradan təzə-tər keçirib gətirdiyi qızılgülü sərin suya qoydu.

Sonrasa gündüz olduğu kimi bir daha qızardılmış keçi əti yeməmək üçün həmişə özüylə gəzdirdiyi pəhriz sıyığıyla nahar elədi, ağrılarının başlanmasını gözləməyib bir neçə keyləşdirici həb atdı.

Sonra elektrik havatəmizləyənini tor yelləncəyin yanına qoydu, əynindəki bütün paltarları çıxarıb atdı, yarıyuxulu ölüm haqqında düşünməmək üçün bütün qüvvəsini toplayıb on beş dəqiqə qızılgülün kölgəsində uzandı. həkimlərdən başqa heç kəs bilmirdi ki, o, məhkumdur, əvvəlcədən məlum olan ölüm saatını gözləyir.

(davamı…)

Proza

July 11, 2010

Xuan Rulfo: LUVİNA


Xuan Rulfo (1918 – 1986) – Meksika yazıçısı. «Od içində düzəngah» (1953) adlı hekayələr toplusunun və «Pedro Paramo» (1955) romanının müəllifidir. Bu roman haqda Borxes belə yazır: ««Pedro Paramo» ispan dilli ədəbiyyatın və ümumiyyətlə, dünya ədəbiyyatının ən yaxşı romanlarındandır». Markesin «Pedro Paramo» haqdakı fikri isə daha qəti səslənir: «Bü günəcən ispan dilində yazılmış ən gözəl roman». Azərbaycanlı oxucular Xuan Rulfonun bu şah əsəri ilə bir – neçə il bundan qabaq yazıçı Yaşarın tərcüməsində tanış olmaq imkanı qazanıblar. Bu sayımızda Rulfonun «Luvina» adlı kiçik bir hekayəsini çap edirik.

***

«Cənubda başı göyə dirənən dağlar arasında ən hündür dağ Luvinadır. Luvina həm də o dağların ən daş – kəsəklisidir. Həmin bu dağ sanki bütünlüklə əhəng daşından hörülüb. Ancaq indiyəcən Luvinada heç kim bu daşı əzib əhəng eləmək haqda fikirləşməyib. Burada əhəng daşına həmişə əl – ayağa dolaşan lazımsız bir şey kimi baxıblar. Yerli camaat bu daşa «vəhşi» daş deyir. Yəqin elə buna görədir ki, Luvinanın zirvəsinə aparan yamacın adı «vəhşi daşlar» adlanır. Günəş və külək buralarda daşın – torpağın qənimidir. Buraların ağappaq torpağı sanki işıq saçır. Elə bil bu torpaq səhər şehini canına çəkib, amma əridə bilmir. Əslində isə belə deyil. Burada səhər şehi deyilən şeyin nə olduğundan heç kimin xəbəri yoxdur. Çünki Luvinada gecə də, səhər də hava soyuqdur. Rütubət şehə çevrilib torpağa qonmağa imkan tapmamış dönüb bulud olur.
Düzünü desək, buralarda torpaq tapmaq da çətin məsələdir. Hər tərəf qayalıq, dərin dərələr, dibi görünməyən uçurumlardır. Luvina camaatının dediyinə görə gecələr bu uçurumlardan cürbəcür yuxular çıxır. Onlar da yatıb həmin bu yuxuları görürlər. Ola bilər. Amma mən o uçurumların dibindən küləkdən başqa nəyinsə çıxmağını hələ görməmişəm. Külək toz – torpaq qoparıb dalğa – dalğa uçurumun içindən göyə qalxır. Elə bil, uçurumun dibində, qaranlıq yerdə nəhəng təpəgözlər gizlənib və bu külək onların qamış çubuğunun içinə üfürdükləri nəfəsləridir. Uçurumun divarlarında hərəsi özünə bir ovuc torpaq tapıb kökünü bu torpağa batıran və öz sarmaşan qol – budağı ilə bərk – bərk qayalığı qucaqlayan acı – şirin quş üzümü kolları gözə dəyir. Amma dinclik bilməyən külək bu fağır bitkiyə də boy atmağa imkan vermir. Daşların arasında kölgəlik olan yerdə tək – tük tikanlı meksika laləsinin ağ güllərini də görmək olar. Ancaq bu gülün ləçəkləri tez qopub düşür və bu vaxt onun tikanlı budaqları ildırım sürətiylə yanından ötüb keçən küləyi cırmaqlamağa başlayır.
Yəqin ki, artıq siz özünüz də fikir verdiniz – Luvinada həmişə külək əsir. Özü də boz külək. Deyilənə görə onun rənginin belə boz olmasının səbəbi vulkanın ağzından qum və kül qamarlayıb özüylə götürməsidir. Bilmirəm, bu nə dərəcədə həqiqətə uyğundur, amma onu bilirəm ki, Luvinada hər tərəf boz dumanın içindədir. Siz özünüz də bunun şahidi olacaqsınız. Külək pələng kimi Luvinanın üstünə atılır. Bəli, bəli, məhz pələng kimi. Hətta adama elə gəlir ki, bu külək yox, həqiqətən də pələngdir və caynağına keçirdiyi ovunu didib dağıdır. Güclü külək evlərin damını qoparır. Özü də buranın camaatını damsız qoyan belə küləklər Luvinada nadir hadisə hesab olunmur. Buraların küləyi üçün evin damını qoparmaq, sizin tərəflərin küləyi üçün başınıza qoyduğunuz həsir şlyapanı uçurmaq kimi bir şeydir. Damı uçan evlərin yetim daş – divarları başıaçıq qalır. Luvinada külək heç vaxt ara vermir. Külək ya tozu torpağa qatır, ya da sakit – sakit əsir. Sakit əsdiyi vaxt sanki külək Luvinanı cırmaqlayır. Elə bil doğrudan da buraların küləyinin caynaqları var. Siz cırmaq səslərini burda səhər də eşidə bilərsiz, axşam da. Luvinanın küləyi heç vaxt yoruldum demir. O bütün divarları cırmaqlayır, ağır daşları torpağın qucağından alıb götürür, özünü qapılara çırpır, dərmə – deşik tapıb evlərə soxulur. Onun əlindən yaxa qurtarmaq mümkün olan iş deyil. Buralarda külək canınıza hopur, iliyinizə işləyir və siz hiss edirsiz ki, bir az da belə davam eləsə bu külək ruhunuzu bədəninizdən alıb uçuracaq. Siz özünüz də bunun şahidi olacaqsanız».
Hekayətçi bu yerdə susub küçəyə boylandı.
(davamı…)

Proza

July 4, 2010

Bəxtiyar Hidayət: AC PƏLƏYEVİN BAZARLIĞI


Səhər-səhər ola və sən də Sa-sözyurdunun bazarının ağzında rahatca marşrutdan düşmək istəyəsən bu mümkün olan bir şey deyil. Çün toyuq alverçiləri bütün marşrutların qabağını kəsir. Vay ola ki birinin əlində bir toyuq marşrutdan düşə-o saat alverçilər toyuğu qapacaqlar. Yazıq toyuq kəsilməmişdən əvvəl yolunacaq. Həmçının pendir alverçiləri də öz ovlarını gözləyirlər. Vay onda olur ki toyuq satmaq istəyən kəs toyuğu qoya bir torbaya –onun torbasını pendir alverçiləri də əlindən ala bilərlər. Bax belə bir basırıq olur buraların bazar dairəsi səhər-səhər.
Bu hekayənin qəhrəmanları özlərini bir az mədəni saydıqlarına görə və bu basırığa düşmək istəmədiklərinə görə bir başqa üsula əl atıblar. Onların üçü də-Əhməd müəllim də, Kamil (ona da müəllim demək olar) də, Elşad (ona da müəllim demək olar) da toyuq alveri edirlər. Hər üçü gedib kəndlərdən toyuq-cücəni yığıb gətirib satırlar bazarda.
Əhməd müəllim vaxtilə maarifdə işləyirdi. Prezident seçkiləri öncəsi müxalifətin mitinqinə qatıldığı kadrlarla sübut olduğuna görə-haram olsun hökumətin çörəyi sənə-deyilib atıldi bayıra-kolleqa iclasının qərarı ilə. Elşad ixtisasca tarix müəllimidir və o da müxalifətçi olduğuna görə iş üzünə həsrətdir. Kamil isə maarif müdürünə yol tapacağına əmindir. Şünki müdürün sürücüsü ona söz verib ki darıxma. Müdürün sürücüsü Kamilin həm qonşusu , həm də uşaqlıq dostudur.
Toyuq cücənin (Kamilin bir qazı da vardı) ayağı bağlı idi və Elşad onları qul bazarının sakinləri adlandırırdı.
(davamı…)

Proza

July 1, 2010

Əfsanə Laçın: Üç nağıl


ÇƏRPƏLƏNG

Yay fəsli idi.Məktəblilər yay tətilinə buraxılmışdı.Nəhayət ki,Süsənin aylarla gözlədiyi gün gəlib çıxmışdı.O,gün babası Süsəni kəndə aparmağa gəlmişdi.Süsən və babası rayon avtobusuna mindilər.Şəhəri,qəsəbələri,kəndləri,minlərlə sıralanmış ağacları geridə qoyub,gəlib kəndə çatdılar.
Kəndə yaşamaq Süsən üçün o qədər maraqlı idi ki,günlərin necə keçdiyini də hiss etmirdi.Hər səhər tezdən günəşlə birgə oyanır,ətrafı seyr edirdi.Səhərlər səma çox gözəl görünürdü.Dağların arxasından boylanan günəş,günəşin səmaya yayılan qırmızı,sarı şəfəqləri,günəş şəfəqləri kəndin ortasından axan çaya qarışıb,çayı daha da gözəlləşdirirdi.Bu mənzərəni yalnız sübh tezdən görmək olardı.
Sonra babası ilə bir yerdə qoyunları otarmağa gedərdilər.Süsən çəmənlikdə çiçək toplayır,balaca top oynayırdı.Qayıdan başı toyuq-cücəyə dən verərdi.Hər gecə babası Süsənə nağıl danışardı.
Bir gün Süsən həyətdə çərpələng uçururdu.Birdən çərpələng Süsənin balaca barmaqları arasından sürüşüb,çıxdı.Çərpələng getdikcə uzaqlaşır,lap yuxarı qalxırdı.Süsən çərpələngin arxasınca qaçırdı.Süsən bataqlığa sarı gedirdi.Özü də bilmədən bataqlığagirdi.Süsən qurşağa qədər batmışdı.Babasını çağırırdı:Baba,ay baba.Babası isə onu eşitmirdi.Çünki,Süsən evdən çox uzaqlaşmışdı.Baba isə hində yumurta toplayırdı.
Süsən gördü ki,ona kömək etmək üçün ətrafda bir nəfər belə yoxdur.Başladı hönkür-hönkür ağlamağa.Bataqlıq meşənin yaxınlığında olduğundan,Süsənin səsini eşidən heyvanlar onun başına yığışmışdılarBirdən sudan böyük bir canlı çıxdı.Bu bir –birinə dolaşmış,uzun,qırmızı yosun idi.Amma bu yosunun sanki gözləri,ağzı,burnu,əli,qolu var idi.
Yosun suyun altından ayağa qalxdı.Süsən onun quyruğundan yapışdı,yosun onu bataqlıqdan kənara çıxardı.Sonra isə yenidən bataqlığın dibinə çəkildi.Süsən gözlərinə inanmırdı.Heyvanlar da sevinir,atılıb-düşür,qəribə səslər çıxarırdılar.
Artıq baba narahat olurdu.Axı Süsə bir neçə saatdır ki,ətrafda görünmürdü.Baba Süsəni axtarmağa hazırlaşırdı.Bir də gördü ki,Süsən bütün paltarı,saçı palçığın içində ona yaxınlaşır.Baba çox təəccübləndi.Süsən yuyunub,paltarını dəyişdi,yemək yedi.Sonra isə babasına danışdı:Baba mən bataqlığa düşdüm.Çərpələngi tutmaq istəyirdim,o da uçub,getdi.Bataqlığa batırdım,səni çağırdım,eşitmədin.Birdən sudan böyük yosun qalxdı,o hərəkət edirdi.Məni bataqlıqdan çıxardı,təzədən bataqlığa qayıtdı.Baba güldü.O,Süsənə inanmadı.Dedi:-Sən bunları ya özündən uydurmusan,ya da yuxuda görmüsən.
Süsən nə qədər çalışsa da baba ona inanmadı.Süsən gecə yuxuda yosunu gördü.Gördü ki,yosun yenə də onu bataqlıqdan çıxarır.
(davamı…)

Proza

June 28, 2010

Uliyam Folkner: Saçlar

Yazıq qızcığaz Syuzən Rid yetim qalmışdı. O, Berçetlər ailəsində yaşayırdı.

Deyilənə görə, bu ailənin iki və ya üç uşağı da vardı. Syuzən isə ya onların doğmaca qardaşı qızı, ya əmi uşağı, ya da ki, yaxın qohumuydu.

Belə hallarda olduğu kimi bu ailənin başçısı haqqında müxtəlif şayiələr dolaşırdı. Misis Berçetti də yaddan çıxartmırdılar.

Xüsusən də qadınlar.

Pinkerton bu şəhərə ilk dəfə gələndə hələ qızcığazın beş yaşı da yox idi. Missis Berçett Syuzənin saçını birinci dəfə qırxdırmağa gətirəndə, o – Pinkerton Maksinin bərbərxanasında ilk yayını keçirirdi.

Maksi özü mənə danışdı ki, Missis Berçett üç gün dalbadal Syuzəni bərbərxanaya gətirməyə cəhd etmişdi (o zaman bu qızcığaz çox arıq idi. Gözləri qorxudan böyümüş, qalın şümal saçlarının rəngi nə ağımtıl, nə də qara idi).

Ən qəribəsi o idi ki, – bunu Maksi nağıl edirdi, – indiyədək şəhərdə nə kişilərlə, nə də qadınlarla «bəli», «xeyir» sözlərindən savayı, bir kəlmə kəsməyən Pinkerton onların arxasınca küçəyə çıxmış, qızcığazı içəri keçməyə razı salmaq üçün 15 dəqiqəyə kimi onunla danışmışdı.

- Vallah ayrı cür ola bilməz, o, yalnız Syuzəni gözləyirdi, – deyə Maksi and içirdi. Bu qızcığazın bərbərxanaya ilk gəlişi belə olmuşdu. Elə Pinkerton da onun saçlarını kəsmişdi. O isə ürkək dovşan balası kimi ağ mələfənin altında büzüşüb oturmuşdu. Yarım il keçəndən sonra o, artıq bərbərxanaya gəlirsə də, saçlarını əvvəlkitək Pinkertona kəsdiməyə razılıq verirdi.

Syuzən yenə də dovşan balasını xatırladırdı. Gözləri və sifəti qorxu ifadə edirdi.

Mələfə üstünə tökülmüş saçlarının nə rəngdə olduğunu demək çətin idi. Maksi danışırdı ki, qızcığaz içəri girən vaxt, əgər Pinkerton məşğul olsaydı, o, sakitcə ona yaxın yerdə oturar, bərbərin işini qurtarmasını gözləyərdi.

Artıq hamı Syuzənə hər şənbə Pinkertonun yanına gələn müştərilərdən biri kimi baxırdı.

Belə bir hadisə olmuşdu. İkinci bərbər Mətt Foks Pinkerton məşğul olduğu üçün qızın saçını kəsmək istəmişdi. Bunu görən Pinkerton ucadan qışqıraraq: «Yox-yox lazım deyil. İndi mən özüm qırxaram»- demişdi.

Bir ilə yaxın işləməsinə baxmayaraq, hələ heç kəs Pinkertonun kimisə təngə gətirdiyini görməmişdi – deyə Maksi söhbətinə davam etdi. Həmin ilin payızından qızcığaz məktəbə getməyə başladı.

Və gündə iki dəfə – səhər və günorta bərbərxananın yanından keçməli olurdu.

O, yenə əvvəlkitək qorxa-qorxa, xırda balıq sayağı sürüşüb keçir, pəncərədən təkcə onun sarı-qonur başı görünür, ani olaraq yoxa çıxırdı. Elə bil qızcığaz konki üstündə gəzirdi.

O, əvvəllər məktəbə tək gedirdi. Sonralar ona bir neçə uşaq da qoşuldu.

Qızlar qışqıra-qışqıra bərbərxanaya baxmadan keçirdilər. Pinkerton isə həmin vaxt pəncərədən boylanıb, onların arasında Syuzəni axtarırdı.

(davamı…)

Proza

Ramiz Rövşən: Yağışlı bir günün günortasında

Yağışlı bir günün günortasında kəndin ortasında bir yük maşını dayandı.Sürücü düşdü.

Bizim əsgərlər düşdülər.

Maşındakıları düşürtdülər.

Bu kəndin böyründən dəmir yolu çəkmək istəyirdilər.

Neçə günüydü kəndə xəbər yayılmışdı ki, bəs nemes plenlərini gətirib işlədəcəklər və neçə günüydü ki, camaatın yuxusuna əcaib-əcaib şeylər girirdi.

Ancaq maşından düşürülən nemes plenlərini görəndə Mikayıl kişi ağzını doldurub tüpürdü:

- Pay atonnan, adam yiyəsi!.. – dedi. – Bunlar lap narmalni adamlarıymışlar ki!..

Elə bil bu nemes plenləri mütləq əcaib adamlar olmalıydılar və “normalni” adam olmaqla çox yekə bir cinayət eləmişdilər.

Ancaq Mikayıl kişinin gözü bu “normalni” adamların arasında da bir əcaibini tapdı; həmin əcaib nemesin saqqalı vardı, bığı yoxdu.

İbrahim o bığsız saqqalı görən kimi qəhqəhə çəkdi.

İbrahimin anası davada ölən ərinin qara, eşmə bığını yada salıb hönkürdü.

Tərs kimi elə bu vaxt yağış da kəsdi və hamı gördü ki, anası ağlayır, İbrahim gülür.

İbrahimin anası da bunu gördü, çöndü, İbrahimin qulağının dibindən bir tərs şapalaq tutuzdurdu və elə o cür, ağlaya-ağlaya yerindən götürüldü, cumdu o saqqalı olan-bığı olmayan nemesin üstünə, bir əliynən saqqalından yapışdı, bir əliynən yaxasından, – dartdı, diz üstə gətirdi yerə, yumruqla ki yumruqlayasan, təpiklə ki təpikləyəsən.

Nemes olan bəndə, heç denən səsini çıxardırsan? Ay tövbə!..

Mikayıl kişi olmasaydı, o yazığın işi bitmişdi.

Mikayıl kişi birtəhər, güc-bəlaynan İbrahimin anasını tutub çəkdi qırağa, ha dartındı – buraxmadı və İbrahimin anası bir az da bərkdən ağladı.

Bu dəfə o biri arvadlar da qoşuldular İbrahimin anasına, ağlaşdılar.

(davamı…)

Proza

June 27, 2010

Alpay Azər: Qız psixoloqu

Əmanəti verən nyu-yorklu biznesmen Condur, çatdırmalı olan isə Tovuzdan olan, Moskvanın böyük topdansatış meyvə bazalarının birində işləyən biznesmen otuz dörd yaşlı Veysəldir. Con iki yüz əlli dolları Veysəllə Moskvadakı məşuqəsi, ginekoloq işləyən iyirmi səkkiz yaşlı Yekaterinaya göndərir. Conla Veysəl biznes partnoylarıdırlar, Con il ərzində çox vaxt Moskvada olur, gəmilərlə Amerikadan gələn meyvə-tərəvəzi Moskvanın böyük bazarlarına çatdırılması işlərinə baxır, boş vaxtlarında Veysəllə bazlığa, saunaya, gecə klublarına, qız striptizinə tamaşa eləməyə gedir. Əvvəllər bir yerdə ayda bir dəfə gecəsi səkkiz yüz – min dollar qiyməti olan elit fahişələri çağırırıdılar, Con Yekaterinanı, qısaca deyək Katyanı tapandan sonra gecə klublarının birində tanış olub evlərinə getmişdi, sonra da münasibətləri yaxınlıqla nəticələnmişdi, beləcə fahişələrdən uzaqlaşmışdı.
Nyu-Yorkdan Moskvaya uçan Veysəlin təyyarədə ağlına gəldiyi ilk suallardan biri “Görən bu Katya nətəhər şeydi?” oldu. Moskvaya səhər enən Veysəl ofisə getdi, işçilərinə tapşırıqlarını verdi, banka dəydi, pul çıxartdı, lazımi zənglərini elədi, arada iki-üç məşuqəsinə sms atdı ki, “mən artıq Moskvadayam, orijinal hədiyyələr almışam”, yəni hazırlaşın, tezliklə “görüşəcəyik”, ən əsası Katyaya zəng edib ertəsi gün axşama görüş təyin etdi.
Axşam evə gəldi, cakkuzidə su masajı qəbul elədi, çimdi, fenləndi, qoltuqlarının altına anti-prespirant sürtdü, üzünü “Braun”la qırxdı, yekə plazma ekranlı televizoru açdı, Moskvada otura-otura, çiyələk mürəbbəsi ilə kəkotulu çay içə-içə ANS kanalından ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti mənasız səfəri ilə bağlı reportaja baxdı, amma deyilənləri yox, ancaq diktorun səsini eşitdi, o artıq plan cızmağa başlamışdı: Katya ilə münasibətləri necə qurmalı, söhbəti nədən başlamalı, hansı kafeyə dəvət etməli və s. Bir sözlə Katyanın səsi Veysəlin xoşuna gəlmişdi.
(davamı…)

Proza

Əfqan Nəsirli: TƏRSLİK

O gün bərk əsəbiləşdim. Sanki ürəyimdə nə tutmuşdumsa, bütün işlərim tərsinə oldu. Hər görəcəyim işdə bir problem yarandı. İşlərimin tərs gətirməsinin səbəbini axtardım. Ancaq elə bir tutarlı əsas olmadı. Heç kim haqqında pis düşünməmişdim. Hamıya gülərüzlə cavab vermişdim. Hətta evdə yoldaşımla da mehribanlıqla danışmışdım. Cibimdə pul az olmasına baxmayaraq uşaqların qəlbini qırmamamaq üçün nə istəmişdilərsə almışdım. Səhər evdən çıxanda da qarşıma qonşulardan heç kim çıxmamışdı. Hətta qarşımdan nə qara pişik keçmişdi, nə də it. Bəs görən işlərin düz gətirməməsinə səbəb nə ola bilərdi? Nə qədər düşündümsə də bir cavab tapa bilmədim. Artıq saat beşə az qalırdı. Düşündüm ki, əgər indiyə kimi bir işim düz gətirməyibsə, bundan sonra da bu gün hər hansı bir problem dalınca getmək mənasızdır. Onsuz da alınmayacaq. Bu isti havada da indidən evə gedib nə edəcəkdim. Vaxt öldürmək üçün dostum Vahidə zəng etdim. Vahid yaşca məndən böyük idi. Arıq, uzunboy bədəni vardı. Saçını daim arxaya darayardı. Geyimində səliqə-səhman əskik olmazdı. Zəngin biliyə malik olan Vahid, həm də çoxlu lətifələr və məsəllər bilirdi. Çətin anlarda ona müraciət edir, bir az dərdləşib, ürəyimi boşaldıb yüngülləşirdim. Telefonu gec açdı:
(davamı…)

Proza

June 26, 2010

Sahilə İbrahimova: Zırrama

Mən bu vəzifəyə lapdan gəldim və hamını heyrətə gətirdim.

Çünki hamı mənim zırrama olduğumu, iki eşşəyin arpasını bölə bilmədiyimi bilirdi. Amma bu mənim vecimə də deyildi.

Məgər məmləkətimizdəki vəzifə sahiblərinin hamısı iki eşşəyin arpasını bölməyə qadirdilərmi?

Zırrama məmurlardan mən zırramanın nəyi əksikdi ki? Bir odu ki, o zırramalar xüsusi tapşırıqlar, rüşvətlər hesabına vəzifəyə gəlmişlər, mənimsə başıma “şahlıq quşu” qonmuşdu.

Mənim bu vəzifəyə gəlişim lap cənab Mirielin Napaleonla qarşılaşması səhnəsindəki kimi olmuşdu. Soruşursunuz ki, cənab Mirielin Napaleonla qarşılaşması səhnəsi necə olmuşdu?

Əgər siz Viktor Hüqonun “Səfillər” əsərini vaxtında oxusaydız, indi bunu məndən soruşmazdız.

Mən nə qədər zırrama olsam da, institutda oxuduğum illər müəllimim güclə bunu mənə oxutdurmuşdu. Yazıq müəllimim. İndi özü səfildi, səfil professor…

Artıq qocalmış heç kəsə lazım olmayan keşiş Miriel təsadüfən Napaleonla üz-üzə gəlmişdi. Napaleon qəfil geri dönərək kəskin şəkildə soruşmuşdu:

- Mərhəmətli insan, niyə mənə elə baxırsan?

- Əlahəzrət, siz qarşınızda mərhəmətli birini görürsünüz, mən isə böyük bir insan seyr edirəm. Hər birimiz bu tamaşadan özümüz üçün bir fayda ala bilərik – deyə Miriel cavab vermişdi. Elə həmin hadisədən bir müddət sonra cənab Miriel Cin şəhərinin yepiskopu təyin edilmişdi.

Mənim özümü yepiskopla müqayisə etməyim düzgün olmasa da, hər ikimiz bir “tamaşadan” sonra xoşbəxtliyə nail olmuşduq. Miriel Napaleonu, mən isə baş aça bilmədiyim əsərə tamaşa edərkən…

(davamı…)

Proza

QOTLER: Yarasa

Qəribə olan o idi ki, evdə məndən başqa heç kimin olmadığını ovcumun içi kimi bilirdim. Odur ki, darıxırdım. Bizimkilərin hara getdiyini xatırlamıram. Orası yadımda deyil…
Həyətə düşmək üçün ensiz dəhlizdə arxayınlıqla ayaqqabımı geyinirdim. Qəfil qulağıma səs dəydi. Kiminsə məni arxadan çağırdığını eşitdim və cəld çevrildim. Divara vurulmuş güzgüdəki əksimlə üz-üzə durdum. Bir anlıq mənə elə gəldi ki, gördüyüm başqa adamdı. Ona görə də diksindim. Fikirli adam başını qaldırıb qəfil qarşısında ruh görə, necə olar?
Güzgüyə yapışan gözlərim ölü gözlərinə döndü. Bax əsil inanılmaz şey bu idi: Mən bir anın içində albinoz xəstəsi olmuşdum. Yəni başımın bütün tükləri ağarmışdı. Qara qıvrım saçlarım, qaşım, kirpiyim ağappaq idi. Tüklərim biz-biz durdu. Hətta axşamın o ayaqqabımı geyindiyim anına qədər nə vaxt bu görkəmə girdiyimi də hiss eləməmişdim. Bəlkə də elə məndən başqa heç kimin olmadığı evdə adımla çağırılanda hər şey dəyişdi? Bunu dəqiq bilmirəm. Güzgünün qabağında quruyub qalmışdım. Bədənimdən bir civilti keçdi. Donmuş qanım şırıltıyla damarlarımdan axmağa başladı. Hanan-hana əlimi qaldırıb ehtiyatla saçıma sürtdüm. Hiss elədim. Elə onda dərk elədim ki, ölməmişəm. Nə ruh zad? Qarşımdakı da özüməm. Bu xəstəliyin anadangəlmə olduğunu lap yaxşı bilirdim. Amma mən otuz yaşımda bir necə anın içində albinoz olmuşdum. Doğrudur bunu kimə desəm inanmazdı. Bax əsil qəribəlik də elə bu idi. İnanılmaz və mümkünsüz olan bir şey axşamın adi bir vaxtında başıma gəlmişdi və mən təpədən dırnağa qədər həqiqətən ruh görən adam kimi şokdaydım.
Həyəcandan havam çatışmadı. Pəjmürdə halda həyətə çıxdım. Toran qovuşmuşdu. Göyün üzündə parça-parça boz buludlar diyirlənirdi. Dopdolu ay isə bacardığı qədər qaranlığın qarşısını kəsməyə çalışırdı. Birdən ağarmış gur saçıma nə isə çırpıldı və yenə uçdu. Ətim ürpəşdi. Qeyri-ixtiyari əlimi başımın üstündə yellədim. O, yenə bir göz qırpımında qulağımın yanına tərs şillə kimi çırpıldı. Bu dəfə fikrim havada olduğundan mənə hücum edənin yarasa olduğunu dəqiq gördüm. Başımı qorumağa çalışdıqca yarasa yuvasına çöp soxulmuş arı əsəbiylə üstümə gəlirdi. Bəlkə də ağ saçlarımın xışıltısını, ya da təlaşlı ürəyimin gumbultusunu eşitdiyi üçün daha da cəsarətlənirdi. Dəqiq bilmirəm. Onu görürdüm ki, yarasa iti hərəkətləriylə havada hərbi təyyarə kimi manevr edib özünü sağ tərəfdən yenə də qulağıma çırpırdı. Bu dəfə ürpənməkdən çox əsəbiləşdim. Düzdü yarasadan qorxmurdum. Amma qəfil onun saçıma çırpılması, caynaqlı qanadını qulağımın seyvanına vurması və çox incə civiltisiylə dişimi qamaşdırması mənə açıq gəlirdi. Birdən yarasa gözümdən itdi. Onu havada axtara-axtara qaldım.
(davamı…)

Proza

June 25, 2010

ANAR: Muhakkak görürüz – mütləq görüşərik

İlk gənclik illərindən qiyabi sevdiyim Türkiyəni ora səfərlərim nəticəsində daha yaxından tanıdım və 93-cü ildə İstanbulda yeddi ay yaşadıqdan sonra bu ölkəni, bu xalqı daha çox sevdim. Bir çox dəyərli insanlarla tanış oldum. Onların Azərbaycandakı faciəvi hadisələrə, Qarabağ müsibətinə necə də ürəkdən yandıqlarını, bizə hər cür yardım göstərmək arzusuyla çırpındıqlarının şahidi oldum. Türkiyəni ikinci vətənim sayıram. Birinci vətənimdə – Azərbaycanda gördüyüm naqisliklər, çatışmazlıqlar haqqında tənqidi, satirik yazılar yazdığım kimi, ikinci vətənimdə bəzi xətaları müşahidə etdikcə, sözünü tutmayan, vədinə əməl etməyən, havayı söz danışan adamlarla rastlaşdıqca bu barədə susmaq istəmədim. «Mühakkak görüşürüz» hekayəsi də bu hisslərdən yaranıb. Məncə vətəni sevmək – onu hər cür qüsurlardan, boşboğaz adamlardan xali görəmək istəyidir. Və qələmi bu məqsədə yönəltməkdir. Hekayə Azəri ədəbiyyatının fədakar dostu, yorulmaz təbliğatçısı, sözü bütöv xeyirxah və çox dəqiq insan olan doktor İldəniz Qurtulana ithaf olunub. Bu ithafın səbəbi isə hekayədən aydınlaşır.

16 yanvar 1994, Bakı

(davamı…)

Proza

Jalə: Heykəlin içindəki

- Vaxtında Bakıda bir xaraba alsaydı, indi çöllərə düşməzdik…

Yenə qardaşımdır. Yenə atamın qarasına deyinir. Mən yenə gülümsəyirəm onun deyinməsinə, yola verməyə çalışıram.

Əsəblərimiz ayaq üstündədir – biz yenə köçürük.

Kirayə ev dəyişməkdən birtəhər olmuşuq.

Bunun çox əyləncəli tərəfləri də var, düzdü, amma yeni yerə öyrəşənə qədər də bizimki bizə dəyir. Əslində, yalnız mən beləyəm. Qardaşım üçünsə qonşusunda qəşəng qızlar olan hər yer cənnətdir.

Sənətkar olub mənimçün.

…İndi dördüncü mərtəbədə yaşayacaqdıq. Bu mərtəbədə liftin qapısını bağlayıblar. Buna görə də qardaşımın deyinməsi daha böyük vüsət alıb. Axşama kimi 3-4 dostuyla bərabər ancaq ki əşyaları daşıyıb qurtardı.

Mən də yerbəyer elədim birtəhər. İndi də mən deyinirdim – hər şeyi bir-birinə qarışdırmışdılar. Boşqablar pal-paltarın içindən çıxırdı, ayaqqabıların hər tayı bir qutudan. Kitablarımın taleyi isə daha acınacaqlı idi – bəziləri xörək yağına bulaşmışdı.

Və mən hirsimdən illik deyinmək planımı doldurmaqdaydım.

Gecə 12-də mətbəxdə çay içməyə otura bildik axır ki. Qardaşım son qurtumunu alıb ayağa durdu:

- Mən düşüm uşaqların yanına, gələcəm, sən yat.

- Ona görə evi buradan tapdın ki, kefin istəyəndə gedib avaraları görəsən də. İstəyirsən, heç gəlmə – mən də belə dedim.

Qardaşım yəqin ki, son sözlərimi eşitmədi, evdən çıxmışdı artıq.

(davamı…)

Proza

June 24, 2010

Xorxe Luis Borxes: Ölümsüz

Sesiliya İnxenyerosa ithaf olunur

Solomon dedi: „ Yer üzündə heç nə yeni deyil”. Platon isə onun fikrini tamamladı: „Yeni olan hər şey sadəcə bir xatirədir”. Ona görə də yeni sayılan hər şeyin yaxşı unudulmuş köhnə olması haqqındakı müdrik fikir Solomona məxsusdur. Frensis Bekon. „Təcrübələr”. LVIII (ing.)

***

1929-cu ilin iyun ayında əslən İzmirdən olan əntiqfüruş Jozef Kartafil Londonda knyaginya Lüsenjə Aleksandr Popun „İliada” əsərinin (1715-1720) kiçik formatlı altı cildliyini göstərmişdi.
Knyaginya tərəddüd etmədən kitabları almışdı. Bu zaman əntiqfüruşla aralarında qısa söhbət də olmuşdu.
Sonralar knyaginya xatırlayırdı ki, ona qədim kitabları satan adam tamam qocalıb əldən düşmüşdü; sifəti cadarlanmış torpağı xatırladırdı. Boz gözləri və bomboz saqqalı vardı. Üzü qətiyyən yaddaqalan deyildi.
Yozef Kartafil bir neçə dildə eyni dərəcədə asanlıqla və eyni səhvlərlə danışmağı bacarırdı.
Çox da uzun çəkməyən ünsiyyət zamanı o, ingilis dilindən fransızcaya, sonra Salonikidə danışılan ispan dilinə keçmiş, axırda isə söhbəti Makao adasında istifadə olunan Portuqal dilində davam etdirmişdi.
Oktyabr ayında knyaginya „Zevs” gəmisinin bir sərnişinindən Kartafilin İzmirə qayıdarkən öldüyünü və İos adasında dəfn edildiyini eşitmişdi. Aşağıda verdiyimiz mətn isə „İliada”nın son cildinə yazılmışdı.
Orijinal ingilis dilində qələmə alınmışdı və orada çoxlu latın sözləri vardı. Mətnin tərcüməsini olduğu kimi təqdim edirik.

***

(davamı…)

Proza

Fridrix Dürrenmatt: Şahmat oyunu

Gənc prokuror öz sələfinin, qoca prokurorun dəfnində mərhumun yaxın dostu sayılan hakimlə tanış oldu.

Mərasim zamanı hakim dedi ki, hər ay rəhmətliklə şahmat oynayırmış. Gənc prokuror cavab verdi ki, (bu zaman onlar artıq krematoriyə çatmışdılar) o da şahmat həvəskarıdır.

Matəm mitinqi başa çatdıqdan sonra təzə tanışlar daha tabutun arxasınca qəbrə qədər getmədilər. Əvəzində qoca hakim gənc prokurora bir partiya şahmat oynamağı təklif etdi.

Prokuror təklifi qəbul elədi və onlar gələn şənbə gününə vədələşdilər. Prokurorun gənc xanımı da görüşə dəvət olundu. Hakimin evində isə ailə işlərini qızı idarə edirdi, çünki hakim dul idi.

Şənbə günü saat yeddidə gənc prokuror öz arvadı ilə birlikdə hakimgilə gəldi.

Hakimin evi hündür küknar ağaclarının bitdiyi parkla əhatə olunmuşdu. Ev şəhər kənarında, “ingilis məhəlləsi” deyilən ərazidə yerləşirdi və orada yalnız hakim yaşayırdı.

Ağaclardan quşların cikkiltisi eşidilir, Günəşin son şüaları bərq vururdu. Yemək əla, şərab isə misilsiz idi.

Yeməkdən sonra hakimin qızı ilə prokurorun arvadı qonaq otağına getdilər, kişilər isə kabinetə keçdilər.

Şahmat taxtası hazır vəziyyətdə idi. Qoca hakim konyak süzdü və onlar üzbəüz əyləşdilər, amma oyuna başlamazdan qabaq qoca hakim prokurora bir etirafda bulunmaq istəyində olduğunu bildirdi.

(davamı…)

Proza

Lion Feytxvanger: Sədaqət

Marşal əməlli-başlı qocalmış, tarixi şəxsiyyətə çevrilmiş, şan-şöhrəti də dərs kitablarını doldurmuşdu.

İndi minlərlə küçə, meydan və bir neçə şəhər onun adını daşıyırdı.

Artıq səkkiz il idi ki, öz sakit malikanəsinə çəkilib, siyasi çəkişmələrdən uzaqda yaşayırdı.

Günlərin bir günü Vətən ağır vəziyyətə düşdü.

Məlum oldu ki, marşaldan cavan olan altmış-yetmiş yaşlı şəxsiyyətlərin heç biri onun qədər nüfuzlu deyil və vətəni bu hərc-mərclikdən, fəlakətdən qurtara bilməzlər.

Beləliklə də, ona pənah apardılar və xahiş etdilər ki, vətənin sükanını təzədən öz etibarlı, düyünlü əlinə alsın.

Ulu qoca canlı heykələ bənzəyirdi. Əvvəlki ehtirası, həvəsi sönmüşdü.

Daha heç kəsi sevmirdi. Nifrət etdiyi kin-küdurət bəslədiyi adamların sayı da xeyli azalmışdı.

Həyatın bir çox sevinclərindən də məhrum olmuşdu.

Ancaq qəlbində səkkiz il əvvəlki hakimiyyətin həzin xatirələri hələ də titrəməkdəydi.

Axı adam biləndə ki, öz imzası ilə yüzlərlə, minlərlə insanın taleyini həll edir-getdikcə cavanlaşır, qüvvətlənir, həvəslənirdi.

Elə buna görə də marşal öz ürəyində Vətənin çağırışını qəbul etməyi qərara aldı. Jurnalistlər bayırda dayanıb, onun cavabını gözləyirdilər.

Malikanə uzaqda olduğu üçün telefon xətləri yoxlanmış qaydaya salınmışdı.

Marşal bilirdi ki, bütün dünya nəfəsini içinə çəkib, onun verəcəyi cavabı gözləyir.

Ancaq bir dəfə-düz əlli üç il bundan əvvəl düşünülməmiş addım atmış və qərara almışdı ki, cavab verəndə heç vaxt tələsməsin və indiyəcən də sözünün üstündə durmuşdu.

(davamı…)

Proza

June 23, 2010

Cavidan: Zazunun anası

Biz təzə evə köçəndə ilk qarşımıza çıxan o oldu. Gözləri qaynayan, əndamı oynayan birisi idi.

Mənə “xoş gəlmisiz” desə də gözləri yoldaşımın ora-burasını ölçməklə məşğul idi.

Sonralar onu hər gün görməyə və eşitməyə məcbur olduq.

Hər səhər saat 5-6 arası onun beş yaşlı oğlu əlində batareyalı əcaib siqnal səsləri çıxaran oyuncaq maşın rulu, binanın və ətrafdakı həyət evlərinin sakinlərini oyadırdı.

Demək, bir məhəllə yuxarıda, şəhərin Kiçik Bazar məhəlləsinin başlanğıcındakı məscidin günbəzindən İran azançısının fanoqramı verildimi, bu uşaq da əlində həmin rul, dörd mərtəbə düşüb həyətdə binanın ətrafına dövrə vurar, siqnal verə-verə özü də maşın səsi çıxarar, sonra isə həyətdəki su quyusunun yanında oturub ucadan muğamat oxumağa başlayardı.

Hə, vallah, əməlli-başlı “aman, aman, yaaar, aman” deyə fəğan edərdi uşaq. Elə də gözəl səsi vardı ki…

Bu uşağa kimsə dinib bir söz deməzdi.

Mən belə başa düşdüm ki, binada artıq hamı öyrəncəlidir bu səhər konsertlərinə, çünki çox keçmədi ki, mən özüm də artıq qıcıqlanmadığımı, yuxumun qaçmadığını hiss elədim.

Uşağın adını kimsə bilmirdi. Anası başda olmaqla hamı ona Zazu deyirdi.

Zazunun daha bir sevimli məşğuliyyəti isə həyətdən yığdığı zir-zibili ümumi su quyusuna atmaq idi. Bir dəfə quyunu təmizləyəndə ordan nələr çıxmadı ki!

Qonşuların üstündə bir-birini oğru adlandırıb az qala məhkəməyə verəcəkləri zivədən “şpilka”qarışıq dartılıb götürülən pal-paltardan tutub voleybol toplarınadək, gəlinciklərədək, suçu qoca Vityanın yamaqlı kepkasınadək, quruya çıxıb özünü günə verən timsahabənzər Roza xalanın sevimli kətilinədək…

Camaat Zazunu söyür, anası da dördüncü mərtəbədən baxıb qəhqəhə çəkir, qonşuları biədəb söyüşlərə qonaq edirdi.

(davamı…)

Proza

Hikmət Carçılı: Ayrıldıqdan sonra…

O gün səndən ayrılandan sonra bütün gecə küçələrdə veyil-veyil dolaşmışam. Əzab çəkmişəm sənə dediyim sözləri düşünüb. Onda gözlərimi hirs qapamışdı qarşımdakının kim olduğunu, dediklərimin nələrdən ibarət olduğunu bilmirdim. Sən deyəndə ki, “çıx, get, səni görmək istəmirəm” birdən elə bil başımdan aşağı buz kimi su töküb məni qəflət yuxusundan ayıltdı kimsə və o an ürəyimdən nahaq bu gecə sənin görüşünə gəlmişəm deyə bir hiss keçdi ürəyimdən. Düşündüm ki, bəlkə mən bu gün buraya gəlməsəydim daha yaxşı olardı, ən azından biz əbədilik ayrılmazdıq.
Bəli, əbədilik. Çünki, o sözlərdən sonra daha sənin yanına qayıdacağımı düşünmürsən hər halda. Ancaq həmin axşam başım açılandan sonra düşündüm sənə nə dediklərimi və səninlə nə üstündə bir-birimizlə qan-bıçaq olmağımızın səbəbini. Sənə dediyim sözləri yadıma salsam da (dilimə gətirməyə cəsarətim çatmır o sözləri),mənim o dərəcədə hirslənməyimin səbəbini heç cür ayırd edə bilmədim.
Bu mənə çox əzab verir son günlər, son günlər nəsə çox düşünürəm. Əzizim, bilmirəm sən məni bağışlayacaqmısan, bağışlamağa gücün çatacaqmı ancaq mən özümü bağışlaya bilmirəm. Düşünürəm sən də, elə sən də mənim etdiyimi edəcəksən, bağışlamayacaqsan məni. Düz də etmiş olacaqsan. Sən hər zaman haqlı olaraq qalacaqsan bu məsələdə. Lakin, bir şeyi bilməyini istərəm ki, hər şeyə rəğmən, sənə o əclafcasına dediyim sözlərdən sonra belə səni sevirəm. Bilirəm inanmayacaqsan. Ancaq həyatda ən birinci istədiyim şey budur-sənin mənim sevgi etirafıma, əclaflığımı etiraf etməyimə inanmağın.
(davamı…)

Proza

June 22, 2010

Əkrəm Əylisli: Ağır daş


Ramiz Rövşənə

1

Bu dünyanın saysız-hesabsız hikmətlərindən buzbulaqlı Kəblə Salman kişiyə bir də o hikmət məlum idi ki, sərin çeşmə suyunda əl-üzünü yaxşı-yaxşı yuyanda adamın kefi durulur, fikri dağılır, zehni açılır…

İşləyib yorulanda və bir işi düz gətirməyəndə özünü çeşməyə verib əl-üzünü yumaq Kəblə Salman kişinin çoxdankı adəti idi.

Bundan əlavə sərin suya ehtiyac hiss eləyəndə onun arabir, hətta gecələr də yuxudan durmağı var idi.

Bu da əsasən Kəblə Salman kişinin necə yatmağından və nə təhər yuxular görməyindən asılı idi.

Yuxuda bir pis şey görəndə Kəblə Salman kişi gecənin vaxtına-vədəsinə baxan deyildi; onun öz mülkündəcə öz sərin çeşməsi vardı və neçə illərdən bəri o çeşmənin suyu Kəblə Salman kişinin bircə allah bilir ki, nə qədər pis yuxusunu arx aşağı axıtmışdı.

Vaxt keçdikcə, yaş artdıqca Kəblə Salman kişinin pis yuxularının da sayı artırdı, bir gecə kənddə kolxoz söhbəti başlandı və o gündən etibarən Kəblə Salman kişi əl-üzünü yumağın sayını-hesabını tamam itiridi.

Lap cavan vaxtlarından ta indiki həştad dörd yaşınacan Kəblə Salman kişinin gördüyü ən pis yuxular həmişə bir topa zil qara buluddan başlamışdı ki, bunun da özünəməxsus səbəbi vardı.

Birinci səbəb o idi ki, Kəblə Salman kişinin kəndin Çaylaq deyilən yerindəki indiki bağlı-bağatlı böyük mülkü bir vaxt yox idi.

(davamı…)

Proza

ELÇİN: Canavarlar

“Külli-məxluqatın ən zəifi insandır…”
İlyas Əfəndiyev

…sonra Boz canavar yenə yoluna davam etdi, başını aşağı salıb – qurumuş kol-kosun çör-çöpü az qala burnuna, susuzluqdan cadar-cadar olmuş dodaqlarına sürtülürdü – irəlidə, qancıq isə arxada gedirdi və ara-sıra özü ilə Bozun arasında addımlayan küçüklərə baxsa da, küçüklərin qulaqlarının, quyruqlarının azacıq tərpənişi, titrəyişi belə, görünür, onun gözlərindən yayınmasa da, nəzərlərini Boza dikmişdi.
Boz dayananda, qancıq da yerində donub dayanırdı, Bozun qulaqlarının, boynundakı, belindəki tüklərin, quyruğunun azacıq titrəyişi-tərpənişi ona nə deyirdi, hansı işarəni verirdisə, bunu başa düşdüyünü, anladığını elə o andaca qancığın gözlərinin ifadəsi büruzə verirdi.
Boz canavar haçansa buralardan keçmiş erkək canavarın sidiyinin qoxusunu hiss etdi, bir an burnunu qupquru qurumuş kolun dibinə dirəyib, torpağı iylədi, sonra onun özündə də bir sövq-təbii yarandı ki, bu yerlərdə iz qoysun, arxasını kola yaxınlaşdırıb, sağ ayağını qaldırdı, amma nə qədər gücəndisə də, torpağa bir damla da sidik sala bilmədi və onun susuzluqdan qurumuş sidik kisəsi, görünür, beləcə gücənmədən sancdı, ya bədənində hansısa başqa bir narahatlıq baş verdi, çünki Boz acıqla mırıldayıb, başını yuxarı qaldırdı, havanı iylədi, sonra yenə başını aşağı salıb, Şərqə doğru yoluna davam etdi.
Qancıq ayaq saxlayıb, elə bil, bütün bu günlər ərzində daha da dərinə düşmüş, dibə çökmüş gözləri ilə beş addımlıqdan Bozun hərəkətlərini müşahidə etdi, sonra o da tərpəndi və qurumuş kolun yanından ötəndə, haçansa bir cavan erkək canavarın bu kolun dibində qoyduğu işarəti hiss etdi, amma bu, onun diqqətini yayındırmadı – onun bütün diqqəti ancaq Bozda idi.
(davamı…)

Proza

Bəxtiyar Hidayət: Saz səsi

Sən indi o yekəpər oğlanın diri-diri danışdığına baxma, çayını iç. O əsgərlikdən yeni gəlib. Öz qeyrətsizliyini il yarım barı gözünnən görməyib. Ola bilər dedikləri də düzdü.

Kimisə vurub, kimisə süründürüb əsgərlikdə. Özünün başına nə oyunlar açılıb o da sonra özündən sonrakı əsgərlərin başına o oyunu açıb. Onu mən yaxşı tanıyıram. Gözünnən görənin biridir. Boyuna-buxununa da baxıb çəkinib eləmə. Kim o boyda beçə budu yesəydi hələ bundan da yekəpər olardı. Yaxşı olar ki, indi danışacağım hekayəyə diqqətlə qulaq asasan. Onda anlayacaqsan o qoçaq əslində kimdi.
Nəhayət, bəy çıxdı otaqdan. Əlində avtomat bu anı gözləyirdi qardaşlıq Zakir. Bəy ona göz elədi ki hər şey yaxşıdır. Zakir avtomatı hərrəyib bir daraq güllə buraxdı havaya. Hələ də yeyib içən başqa əli avtomatlılar elə çadırın altından avtomatlarını göyə boşaltdılar. Çadır deşik-deşik oldu.
Bu uşaqların hamısı könüllü ordunun əsgərləri idilər. Elə bəyin özü də. Əsgərlərdən kim növbədə deyildisə özünü bura salmışdı. Toy da sərhədə yaxın bir kənddə keçirilirdi. Bəyin ailəsi qaçqın kimi o kənddə məskunlaşmışdılar.
Bəy də təzədən oturdu. Süfrə təzələndi. Məlum oldu ki posta qayıdası uşaqlar elə bir Qaz-66-ya sığışarlar. Buna görə də ikinci Qaz-66-nın sürücüsü Ərşad komandirdən icazə aldı ki bəs atam xəstədi, mənə icazə ver. (davamı…)

Proza

Alik: Küçə

Nədən, kimdən, haradan başlayacağımı bilmədim. Küçədən başladım. Uzun uzadı bir küçə çəkdim. Daş kəsəkli bir küçə… Bir iki elektrik dirəyi qoydum. Küçənin düz ortasına burnu axan 5-6 yaşlı bir uşaq buraxdım və ona Toğrul adı verdim. Sağ tərəfə illərdən qalma bir yük maşını qoydum. Toğrulun anasını xərçəngdən öldürdüm və Toğrula başını qatsın deyə balaca bir küçük bağışladım. Küçənin boş qalan sağ küncünə hardansa ağac kötüyü gətirib atdım. Üstündə Rafael adlı bir oğlan və Esmira adlı bir qız oturtdum. Sevdirdim onları bir-birinə. Öpüşdürdüm.
Küçənin lap başlanğıcında Fatma adlı kimsəsiz qocaya balaca bir ev tikdim. Kapitan oğlunu müharibədə güllələtdirdim.
Taxta hasarı olan evə bir fahişə buraxdım. Bütün qonşular elə bildi ki, onun simasında bütün qadınlar lənətlənib və özlərinə nifrət eləməyə başladılar. Qadınlara yazığım gəldi və qız dostlarımdan birinə zəng eləyib and içdim ki, qadınlar lənətlənməyiblər. Sadəcə onlar çox yazıqdırlar. O, məni başa düşdü və ağladı. Qadın olmaqdan qorxdu. Mən onu küçənin lap sonuna atdım. Görünməyən bir yerdə gizlətdim.
(davamı…)

Proza

June 21, 2010

Ramiz Rövşən: BELƏ-BELƏ İŞLƏR

Həsən kişinin bu dünyada nəyi var idi? Bir kəhər atı var idi. Nəyi yox idi? Arvadı yox idi, uşaqları yox idi.Həsən kişi bu dünyada nədən qorxurdu?Özünün ölməyindən qorxurdu. Qorxurdu ki, bir gün ölər, kəhər at bu dünyada tək-tənha qalar. Kim bilir onda yazığın günü necə keçər?Həsən kişi bu dünyada day nədən qorxurdu? Kəhər atın ölməyindən qorxurdu. Qorxurdu ki, bir gün kəhər at ölər, Həsən kişi bu dünyada tək-tənha qalar. Kim bilir onda yazığın günü necə keçər?Həsən kişi nə deyirdi?Deyirdi ki, bu külleyi-aləm ibarətdi xırda-xırda dünyalardan. Yəni hər adamın öz balaca dünyası var. Özü də, bu dünyalar üçtərəfli-üçtərəflidi. Bir tərəfində adam özü durur, bir tərəfində ölüm, bir tərəfində də kəhər at. Hər kəs dünyaya gələn kimi başlayır öz kəhər atına sarı qaçmağa, o yandan da ölüm başlayır kəhər ata sarı qaçmağa. Elə ki, ölümdən qabaq çatıb atıldın kəhər atın belinə, çapıb-çapıb çoxlu özgə dünyalar görəcəksən və ölüm səni haxlayanacan ləzzət alacaqsan. Yox, elə ki, ölüm səndən qabaq çatıb atıldı kəhər atın belinə, qalacaqsan pay-piyada öz balaca dünyanda, öz balaca dünyanda dolaşa-dolaşa da axırda çərləyib öləcəksən.Həsən kişi deyirdi ki, mən öz kəhər atıma ölümdən qabaq çatmışam.Ancaq Həsən kişinin kəhər atında çoxlarının gözü vardı. Ancaq cavanlar Həsən kişiyə göz verib işıq vermirdilər. İllah Əfrayıl. İllah ki, İsmayıl. İllah da ki, İsrəfil.Həsən kişi özü də başa düşürdü ki, kəhər at onun babı deyil. Kəhər at yernən-göynən əlləşirdi. Həsən kişinin yernən olsa-olsa iki metrəlik işi qalmışdı, göynən haqq-hesabı da ruhu çürüdəcəkdi.Həsən kişi bunu başa düşə-düşə bir də nədən qorxurdu?Bir də ondan qorxurdu ki, birdən kəhər at da bunu başa düşər. Başa düşər ki, Həsən kişi onun babı deyil, day Həsən kişini öz yəhərində saxlamaz… (davamı…)

Proza

Mirmehdi Ağaoğlu: Su pərisi

Surxay gözlərini açanda dan yeri təzəcə ağarırdı.

Göyüzünə səpələnmiş yastı buludlar şirin pambıq kimi çəhrayı rəngə boyanmışdı. Gözlərini qaldırıb ətrafa nəzər saldı.

Sahil boyu uzanan yulğun kolları başdan-başa şehə bələnmişdi.

Ətrafı yulğun kollarının düyüvari yarpaqlarından süzülən şeh damlalarının islatdığı şoran torpağın duzlu qoxusu ilə yulğun kollarının turşməzə qoxusu bürümüşdü.

O birdən-birə özünə gəldi. Xəfifcə başı ağrayırdı. Axşam içdiyi arağın təsiri hələ gedirdi. Ayağa qalxıb özünə nəzər yetirəndə tamamən çılpaq olduğunu anladı.

Çölün düzündə lüt olmasından bir anlıq utanc hissi keçirən Surxay tezcə əl atıb bayaq başını qoyduğu salofan paketdən paltarlarını çıxarıb geyinməyə başladı.

Surxayın 40 yaşı var idi. Orta boylu idi. Təbii ki, qarın sarıdan onun da bəxti gətirmişdi. Şalvarını nə qədər yuxarı çəksə də toqqası qasığınının üstündən bir santim də yuxarı qalxmazdı. Buna baxmayaraq xeyli çevik idi.

Sovet vaxtı uzun müddət kolxozda aqronom işləmişdi. Sovetlər dağılandan sonra ona verilmiş pay torpağını əkib becərməklə güzəranını keçirirdi.

Digər kəndlilər kimi o da on hektarlıq pay torpağına taxıl əkir, iyunda biçin zamanı yığdığı məhsulu Bakıdan gələn dəllalara məcburiyyət qarşısında dəyər dəyməzinə satıb ilboyu nisyə mal aldığı dükanda borcunu bir xeyli azaldırdı.

Məhsulu saxlayıb payızda xird eləməyin də bir mənası yox idi. Dəllallar payızda da taxılı yaydakı qiymətə alırdılar.

(davamı…)

Proza

Sevinc Mürvətqızı: Yanılma

İşdən çıxanda təzəcə aldığı maaşını yenidən sayıb birtəhər çantasına dürtüşdürdü.

Onsuz da balaca olan çantanın içərisində yenicə aldığı bahalı kosmetika dəsti, güzgü, daraq, mobil telefonu, bir də qadına lazım olan bir-iki xırım-xırda əşyası vardı.

Birtəhər basırıq əl çantasının cibində pula yer elədikdən sonra başını qaldırıb yoluna davam elədi.

Kənardan göz qoyulan adam intuisiyası ilə bir qədər ondan aralıda dayanıb diqqətlə baxan oğlanı görsə də fikir vermədi.

Cəmi 34 yaşı olsa da çoxdan özünü yaşlılar cərgəsinə aid eləmişdi, ona görə də kişilər baxanda məsxərəyə, qadınlar baxanda mərhəmətə yozurdu.

İş yeriylə metronun arası uzaq deyildi.

Çox yorğun olmayanda metroyacan piyada getməkdən xoşu gəlirdi. İndi yorğun olsa da nədənsə ürəyində metroya kimi piyada gəzə-gəzə getmək həvəsi yarandı.

Özü-özünə etiraf etməsə də ona baxan oğlanın baxışları altında yeriyib heç olmasa bir qədər xoşallanmaq istədi.

Hərçənd özünə də çox maraqlı idi ki, oğlan ona niyə belə maraqla, hətta az qala rəğbətlə baxır.

İlıq may axşamı idi. Yolboyu ətrafından qol-qola girib gülüşə -gülüşə, bir-birilərinə sevgi dolu baxışlar atan, əzizlənən sevgili cütlüklər ötürdü.

Qan qaynadan bu ilıq bahar axşamında sevişənlərin elə bil hamısı bu qarımış qızın acığına küçələrə tökülmüşdülər.

(davamı…)

Proza

June 16, 2010

Hikmət Carçılı: Bu gün-səhər

Səhər tezdən durub evdən çıxdım. Hər günkü səhərdən fərqlənirdi, bu günkü səhər. Hiss etdim ki,nəsə qeyri-adi bir hadisə baş verəcək. Ürəyimdə isti bir gizilti var idi. Yağan yağış damlalarının həzin nəğməsi adamın ağlını başından çıxarırdı. Uzun zamandı heç belə nəğməyə qulaq verməmişdim. Yolla avtobus dayanacağına getdiyimdə ayaq izlərinə düşüb arxamca gələn sular necə də inadkar idi. Heç mənim arxamla getməkdən yorulub arınmırdı, mənimlə ta avtobus dayanacağına qədər getdi o yağış suları. Dayanacağa çatanda mağazaçı Güllər xala dedi ki, bala bir az tez niyə gəlmirdin, indicə keçdi. Kəndimizin “ayaq” tərəfindən “daş yol” keçir, daha doğrusu İpək yolu, ora sarı addımladım. Yolun yarısında avtobus gəldi mindim.
Şəhərə çatanda qarnım quruldayırdı, elə bildim qarnım ağrıyır, ancaq tualetə gedəndə anlaşıldı ki, işim ayaqüstüdür. Nəysə, işimi görüb tələsdiyim yerə sarı rayon icra hakimiyyəti binasının arxa tərəfindən qaçdım. Axır ki, bir saatlıq yol sona çatdı. Qapını döyüb içəri girəndə. Müəllim dedi ki, Aslan, nə yaxşı gəlmisən? Dedim ki, bəs bu gün dərs yoxdur, ona görə gəlmişəm. Müəllim gülümsünüb “yox” dedi, gələn həftədir. Əyləş bu həftəki uşaqlarla, dərsi dinlə desə də, razı olmadım vacib işim olduğunu dedim. Sağollaşıb ayrıldım.
Avara itlər kimi dar küçə ilə veyillənə-veyillənə parka gəlib çatdım. Dar küçə dediyim adsız bir küçə idi. Burada daim avara itlər dolaşar. Bəlkə də mənim təbiətimdə də bir az avaralıq, necə deyərlər bir az əyyaşlıq olduğundan daim bu küçə ilə gəlib gedərdim. Küçənin çox bərbad bir ab-havası vardı. Zibillikdən gələn iyrənc qoxu adamın ürəyini bulandırırdı, səfil itlər orada burada dincini çıxarar, axmaq insanların qarıxdıqlarından yolda qoyduqları nəcisləri yeməklə gün keçirərdi. Bu küçədə çoxlu qaraçılar da olurdu. Hətta hərdən bu küçəyə Qaraçılar məhəlləsi də deyirdilər. Körpə qaraçı uşaqları onun bunun arxasınca düşüb pul dilənirdilər, kimi hərif olurdu, cibini sıfqarıb bu qaraçıların əlinə təhvil verirdi, kimi də heç vecinə də almırdı, lap daşürəkliləri hətta başlarına min cür oyun da açırdı. Mən elə də daşürəkli ola bilmirdim, ən doğrusunu desək, yuxarıda qeyd etdiyim o “həriflər”dən elə biri də mən özüməm. Bir az yalvarıb ölümü dirimi gordan çıxarandan sonra ürəyim gəlmir, bir az kövrəlirəm də hətta, çıxarıb istədiyindən də çox verirəm ki, bircə yalvarmasın!
(davamı…)

Proza

June 15, 2010

Henrix Böll: Elza Baskolaytın ölümü

Bizim əvvəllər yaşadığımız evin zirzəmisini Baskolayt adlı bir ticarətçiyə kirəyə vermişdilər.

Dəhliz həmişə portağal qutuları ilə dolu olurdu və ordan çürümüş meyvə iyi gəlirdi.

Baskolayt hamısını dəhlizə yığıb hazır qoyurdu ki, zibildaşıyanlar gəlib aparsınlar.

Süd rəngli şüşənin arxasından onun şərqi prussiyalılara xas olan gur səsini eşidirdik: zəmanədən şikayətlənirdi.

Ancaq Baskolayt ürəyinin dərinliyində çox şən adam idi.

Yalnız uşaqlara məxsus olan bir həssaslıqla duyurduq ki, onun bu şikayəti üzəgörədir və bizim də üstümüzə yalandan qışqırır.

Həmişə iki-üç pilləkən yuxarı qalxar, cibinə doldurduğu almaları, portağalları top kimi bir-bir bizə atardı.

Onda çox adam Baskolaytı qızı Elzaya görə tanıyırdı. Bilirdik ki, Elza rəqqasə olmağa hazırlaşır.

Bəlkə də elə rəqqasə idi. Ancaq hər halda, çox məşq edirdi. Özü də mətbəxin böyründəki, divarlarına sarı rəng çəkilmiş otaqda məşq edirdi.

Sarışın, nazikbədən, solğun bənizli qız idi, əynində yaşıl rəngli idman trikosu, gah barmaqlarının ucunda dövrə vurur, gah da qu quşu kimi süzür, tullanır, yerində fırlanırdı.

Qaranlıq düşəndə mənim yataq otağımdan hər şey görünürdü: al yaşıl rəngli paltardakı arıq bədəni, gərginləşmiş solğun bənizi.

Tullanarkən sarışın saçları hərdən tavandan asılmış çırağa toxunur, onu yelləndirirdi və həmin anda qaranlıq həyətdəki sarımtıl işıq dairələri bir az genişlənirdi.

(davamı…)

Proza

Viktor Pelevin: Üst dünyanın qavalı

Viktor Oleqoviç PELEVİN – Çağdaş rus postmodernist nəsrinin nisbətən gənc və aparıcı nümayəndələrindəndir. 1962-ci ildə Moskvada doğulub, 1984-cü ildə doğma şəhərindəki Energetika institutunu, daha sonra öz ixtisası üzrə aspiranturanı və Qorki adına Ədəbiyyat İnstitunu bitirib. Mühəndis və jurnalist kimi fəaliyyət göstərib. Özəl nəşriyyatlardan birində çalışıb, Karlos Kastanedanın əsərlərinin, buddizmə aid qədim Çin mətnlərinin rus dilinə çevrilməsi və nəşri məsələləri ilə məşğul olub. Bu məsələlərlə yaxından maraqlanması yazıçının sonradan öz bənzərsiz üslubunu formalaşdırmasında əhəmiyyətli rol oynayıb. 1987-ci ildən nəsrə girişib, ilk hekayələrində fantastika və pritça elementləri üstünlük təşkil edib. Əgər yazarın 1980-90-cı illər yaradıcılığı kütləvi sovet mədəniyyətinin nailiyyətlərinə qarşı ironik yanaşımdan yoğrulubsa, onun sonrakı illərdə yaratdığı əsərlərdə ezoterik motivlərə, dünya mifologiyasından alıntılara, dzen-buddizm dininə və Türk dünyasına xüsusilə yaxın olan şamanlıq praktikasına müraciətlərə daha sıx-sıx rastlanır. “Göy fənər” (1992), “Omon Ra” (1993), “Üst Dünyanın qavalı” (1996), “Alt Dünyanın qavalı” (1996), “Çapayev və Pustota” (1996) başlıqlı beş kitabın müəllifi olan yazıçının əsərləri bir çox dünya dillərinə çevrilib. “Büllur dünya”, “Sarı ekspress”, “Həşəratların həyatı” və “P nəsli” (Generation P) əsərləri ona böyük şöhrət gətirib. Bir neçə ədəbi mükafat qazanıb.

(davamı…)