Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Archive for the ‘Köşə’ Category

Köşə

July 25, 2010

Məcid Həsənli: Qanım qaralıb

“Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı.”
Atalar sözü

Biz çox ədalətsiz dünyada yaşayırıq. Həddindən artıq ədalətsiz özü də. Həm də tərbiyəsiz. Bizim həmişə marağımızda olan Qərb günü-gündən vəhşiləşir, şərəfsizləşir, əxlaqsızlaşır.

Tələbə dostum Mamed bayaq soruşdu ki, məndən niyə birtəhərsən? Dedim, Qərb yaman qaralayıb bizi. Bilmirəm, nə olacaq axırı. Başına döndüyüm Mamed gözlədiyim cavabı verdi. Dedi ki, qardaş problem yoxdu bu dəqiqə uşaqları yığaram Qərbi başa salarıq. Onu da deyim ki, Mamed birinci kursdan bəri imtahanları ancaq yüz balla keçir. Yəni irəliləyən gəncliyimizin bariz nümayəndəsidir. Hə, Qərbi qıcıqlandıran məsələlərdən biri də, bəlkə də birincisi Azərbaycanda təhsilin belə yüksək sürətlə şütüməsidir.

Bu günlərdən əvvəl gələn günlərdə Milli Kitab Mükafatı müsabiqəsi başa çatdı. Nəticə: Azərbaycan daha bir gənc ədibini tanıdı. Bu müsabiqə ənənəyə çevrilmiş ritualı xatırladırdı. Hay-həşir, müsahibələr, reportajlar, ədalətsiz seçim barədə sərsəm çıxışlar və s. Hələ, hələ o AYO-çuları demirəm. Biz iştirak etməyəcəyik. İstəyirsiniz eləyin, istəyirsiniz eləmiyin. Necə istəyirsiniz. Cəhənnəmə ki. Nə isə…

Bu qədər həngamədən sonra adil münsiflər heyətinin rəyi ilə Elxan Qaraqanın “A” romanı birinci yerə layiq görüldü. Xatırladım ki, mənim (mən – M. H.) MKM-in 20-liyi bilinən vaxt yazdığım köşəmdə verdiyim proqnoz düz çıxdı. Tariximizin son doxsan illik milli ənənəsinə sadiq qalaraq, Azərbaycanda keçirilən Milli Kitab Mükafatında laureatlardan birinə rus dilində yazılan əsər layiq görüldü. Dostum Mamed heyif ki, rusca bilmir. Yoxsa o, o əsəri oxuyardı. Heyf!

Bəziləri Elxan Qaraqanın “A” romanını bəyənmir. Deyir, zəifdi, belə filan. Gərək o olmayaydı birinci yer, başqa istedadlılar var idi orda, nə bilim Rafiq Tağı, Şərif Ağayar, filan-zad. Ən çox məni hirsləndirən nədir, ay nə bilim münsiflər heyəti qəsdən Qaraqana birincilik verib, düzgün deyil. Çıxırlar “Armud” qəzetinə ağızlarına gələni danışırlar. Təsəvvür edək ki, münsiflərin başçısı mənəm. Əcəb eləmişəm, yaxşı eləmişəm, əlimin içindən gəlir. Sonra? Ləzzət eləmir, get sən də mükafat qayır, dalında dur üçüncü yeri Mövlud Mövluda, ikinci yeri Günel Mövluda, birinci yeri də Seymur Baycana ver. “Vsyo da” söhbət bağlandı. Qaraqan da yekdi, mən də. Sözün var gəl bizim məhəlləyə kitabxananın qabağına.

(davamı…)

Köşə

June 30, 2010

Cəlil Cavanşir: Nəğməkarın son nəğməsi Və ya Vüqar Əhməd özünü necə ifşa etdi?

Maraqlıdır ki, bir çox qələm adamları 40 yaşı keçən kimi tənqidə qarşı dözümsüz olurlar. Tənqidə ikrahla, qəzəblə yanaşırlar. Tənqid eşidəndə qızarıb-bozarmaqla qalmayan bu tip “qocalar” tənqidi fikir bildirəni təhqir etməkdən də çəkinmirlər. Onu da bildirim ki, nə qədər bu “qocalar” tənqidə qarşı dözümsüz, bəzi gənclərimiz isə yaltaq olacaq ədəbiyyatımızın da inkişafı ləngiyəcək.
Ədəbiyyatımızın ciddi şəkildə inkişaf edə bilməməsinin bir səbəbi də məhz bizim ədəbi tənqidimizin zəif olması, ədəbi tənqid adına iddialı olan yazıların müəyyən qonaqlıq sonrası və ya para qarşılığı yazılmasıdır. Əslində ədəbi tənqidlə bağlı yazmaq fikrində deyiləm. Əgər bu mövzuya müraciət olunsa çox uzun bir yazı alınar. Hələliksə ciddi ədəbi tənqidin gözündən yayınan, özündən razı və müştəbeh nəğməkardan daha doğrusu özünün nəğməkar-şair olduğunu iddia edən Vüqar Əhməddən söz açmaq fikrindəyəm. O Vüqar Əhməd ki, 20 il AzTV-də çalışmasına baxmayaraq bir nəfər də gənc şairə, gənc qələm adamına yardım etməyib. Özünün dayaz şeirlərinə bəstələnmiş mahnılarını oxuyan müğənniləri efirə buraxmaqla mədəniyyətimizə də ciddi zərbə vurub. Bir dənə də olsun mənalı misrasını xatırlaya bilmədiyim V.Əhməd ötən günlərin birində ATV-nin “El içində” verlişində qonaq idi. Bu sətirlərin müəllifi də publisist qismində həmin verilişdə iştirak edirdi. Öz dayaz şeirlərinin, mənasız mətnlərinin məsuliyyətini anlayamayan, 50-yə yaxın yaşı, 100 kq-dan artıq çəkisi olan V.Əhməd utanıb-qızarmadan mahnı mətinlərinə münasibət bildirmək iddiasında idi. Çəkiliş başlayana qədər isti-isti verlişin aparıcısı E.Əlibəyliyə yarınan, “Xalq sizi tələb edir” deyib özünü sığortalamağa çalışan V.Əhməd az keçmədi ki, tənqidə qarşı dözümsüzlüyünü, göstərdi, əxlaqi problemlərini biruzə verdi. Xüsusilə əlini gənclərə tərəf uzadıb, “Mən gəncləri oxuyuram, gəncləri dəstəkləyirəm”-deyən V.Əhməd az keçmədi ki, iç üzünü göstərdi.
(davamı…)

Köşə

June 5, 2010

Mövlud Mövlud: 150 xəzinə

(söhbət 150 cildlik dünya ədəbiyyatı seriyasından gedir)

Ölkə prezidentinin 2007-ci il 24 avqust tarixli sərəncamı ilə 150 cildlik dünya ədəbiyyatı seriyasından kitabların Azərbaycan türkcəsində çapına başlanılması ölkənin ədəbi-mədəni həyatında böyük səs-küyə səbəb oldu. Bu kitabların kimlər tərəfindən tərcümə olunması, çapa necə və hansı səviyyədə hazırlanması çox böyük dartışmalara meydan açdı. İnsanlar belə böyük bir mədəni layihənin başdansovdu, tez-tələsik həyata keçirilməsini istəmirdilər. Səviyyəli tərcüməçilərin, dünya ədəbiyyatı mütəxəssislərinin azlıq təşkil etdiyi, sovetlərdən sonra redaktə, korrektə işinin, az qala, məhv olduğu bir dövrdə belə proyektlərin uğursuzluğa düçar olması ehtimalı çoxlarını narahat edirdi. Nə yaxşı ki, belə olmadı…
(davamı…)

Köşə

Fərid Hüseyn: 24 il əvvəlki sevdalar

“O, adi bir fəhlənin oğlu idi,
deməli,
Onun hekayəti də çox uzun
olmayacaq”.
S.Yesenin

Yeseninin yazdığı bu həqiqət əsrlər sonra da öz effektini itirməyib. Mən də çalışacam ki, bu “hekayəti” çox uzun etməyim. Sözümün canı ondadır ki, Vaqif Bayatlı Odərin “Yupyumru bir eşq ilə” kitabı arzulanan qədər səs-küy salmadı. Səbəb: o, bəzi qrafomanlar kimi təbliğata can atmır, ona görə də “hekayəti çox uzun olmadı”. Amma o nə qədər kənarda olsa da, onun “şeirlərinin əli” həmişə poeziyamızın nəbzindədir. Bu məqalədə isə 24 il öncə çap olunan “Unudulacaq bütün sevdalar” adlı şeir kitabından söz salacağam. Onda indiki Vaqif Bayatlı Odər ovaxtkı Vaqif Cəbrayılzadə idi. İki ay əvvəl Qız Qalasının yanındakı mağazadan aldığım əl boyda ölçüsü olan kitaba baxanda insan heyrətlənməyə bilmir. “Yazıçı“ nəşriyyatında çap olunan o vaxtın fantastik tirajları ilə nisbətdə məhdud sayda çıxmış kitabın ön sözünün müəllifi Nüsrət Kəsəmənlidir. Sanki ön söz də şeirdir. Ümumiyyətlə, bu dünyada Vaqif Cəbrayılzadə ilə əlaqəli çox şey şeirdir.

Unudulur, unudulur
Sevgi sevgiylə,
Dərd dərdlə,
İnsan insanla,
İsa Məhəmmədlə unudulur.

(davamı…)

Köşə

Zərdüşt: Cəmi dörd feil

“Qızılgül olmayaydı…”
Rəsul Rza

Qızılgül nədi? Gözəl rayihəli, könül açan rəngli, sevimli və aşiqlərə “yar” bir gül. Hər kəsin həyətində bitə bilər, tək başına qışda açılıb varlığı ilə bir az xəyalpərvərlərə bahar bəxş edə bilər. Başqa? Uzaqbaşı insafsızlıq edib qırarsan, tikanlarını da təmizəyib, gətirib evdə güldana qoyarsan ki, bir neçə saatlıq könlünü xoş eləsin. Sonra – elə bil heç olmayıb.
Sən demə, bununla heç nə bitmir, sən demə qızılgül də bu dünyaya kiminsə güldanına qoyulmaq, kiminsə könlünü xoş eləmək və yaxud da nə üçünsə gəlmir – qızılgül göylərdə nəsə axtarır: nəsə başqa bir şey, nəsə qızılgül məntiqinə sığan bir məfhum. Bəlkə də Federiko Qarsiya Lorkanın oxuduğum o kiçicik şeirində söhbət heç də qızılgüldən getmir, bəlkə o qızılgül deyəndə tamam başqa bir varlığı nəzərdə tuturdu, bəlkə də özündən deyirdi, öz axtarışlarının qızılgülün göylərdə məchul axtarışı kimi qəbul oluna bilməyən tərəflərindən danışmaq istəyirdi- bilmirəm. Bir onu bilirəm ki, maraqlı və özünəməxsus şair olub.
(davamı…)

Köşə

II Qismət: Federikonun saatı

Şairlər dünyanın dərdini yazar,
Dərdlər tapışarlar, arxalaşarlar;
Hər şeirin şairin qəbrini qazar :
İslam qəbirləri – Nəsimiləşər,
İspan qəbirləri Lorkalaşarlar…
(Mahir N.Qarayev, “Uvertüra”)

Ölümün yumurtasını onun yarasına qoymasından 37 il keçmişdi. Şairlər üçün ən təhlükə yaşda, 37-də, Qarsia Lorkanın ölümü yumurtasını qırıb şairə göz vurdu. Lorka da göz vurmaq istədi, amma gözləri yumuldu və bir daha açılmadı. O gün qaraçıların nəğmələri güllələndi.
Frankoçuların etnik təmizləməsində 15 min adamın gövdəsi gülləylə öpüşdü. 15 min adamın can təkərinə mismar batdı. O gün 14999 adam və şair Federiko Qarsia Lorka güllələndi.
Bir film çəkilib, tapıb mütləq baxın: “Keçmişin külləri”. Son illərin parlayan Hollivud ulduzu Robert Pattison baş rollardan birini oynayır. Film Lorkanın, Salvador Dalinin və Luiz Bunyuelin dostluqlarından, sevgilərindən, düşmənçiliklərindən və Lorkanın ölümün bəhs edir.
… Hər zamankı tənbəlliyin ucbatından bu yazını da qəzetə göndərməyə bir gün qalmış yazıram. Zərdüştün yazısı artıq hazırdı. İstidir. Bethovenin “Eliza üçün” bəstələdiyinə qulaq asa-asa Lorkanın şeirlərini oxuyuram. Lorka barədə yazmaq istədiklərim o qədər çoxdur ki, hardan başlamaq,necə yazmaq lazım olduğunu dəqiqləşdirə bilmirəm. Hərçənd artıq başlamışam. Beşinci abzasda bu gileyin mənası yoxdu.
(davamı…)

Köşə

May 28, 2010

Mövlud Mövlud: “Bu dünyayla nərd atasan…”

Uzaq 2004-cü ilin iyulunda biz, yəni mən, Murad Köhnəqala və Şərif Ağayar “Torqovı”nı ayağımızın altına almışdıq. Dissident yazıçılar haqqında söhbətimiz “Azərbaycanda dissident varmı?” sualına gəlib çatanda mən Sücaətin, Bəhmən Vətənoğlunun və Azaflı Mikayılın, Alqayıtın adını çəkdim. Murad mənim çəkdiyim adlarla razılaşıb özü də bir ad əlavə elədi – Sərraf Şiruyə. “İstedadlı şairdir, – dedi. – Sovet dönəmində uzun müddət çap oluna bilməsə də, şeirləri dillər əzbəri idi”. Gözünə dönüm Şərif, Azərbaycan türkcəsində şeir yazan elə bil adam ola bilərmi ki, heç olmasa bir bəndini əzbər bilməsin:

Bu dünyayla nərd atasan,
Şeş-beş verən zərin ola.
Ortalığa bəxt qoyasan,
Aparmağa zərin ola.

(davamı…)

Köşə

May 22, 2010

II Qismət: AĞ-aclığın sonu

Nəfəsim daralanda könlümdən bir şam ağacını qucaqlayıb ağlamaq keçir. Ağciyərimin oksigen aclığını doyurmaq üçün şam ağaclarına yalvarıb, borca bir-iki nəfəs artıq hava almaq istəyirəm. Bəzən nəfəsim elə tıxanır ki, ağacdan düzələn hər şeyə burnumu, ağzımı yaxınlaşdırıb hərisliklə hava axtarıram. Yaxşı ki, kitablar var…
Bir neçə il bundan əvvəl, nəfəsimin daraldığı günlərdən birində otaqda əsəbiliklə var-gəl edirdim. Havasızlıqdan havalanmağa başlamışdım. Özümü kitabların içinə atdım. İlk əlimə keçən kitabı götürüb təsadüfi bir səhifəsini açdım və “zəhrimarının” vaxtı gələndə tutması tutan narkoman kimi əsə-əsə burnumu kitabın bir səhifəsinə dayadım. Gözlərimi yumub, nəfəs almağa çalışdım. Az keçmədi ki, nəbzim yerinə gəldi, ürək döyüntülərim normallaşdı, əllərimin əsməsi keçdi. Mən sevimli “nəfəsliyimdən” bir az da nəfəs alıb, gözlərimi açdım. Belə də təsadüf olar? Adamın nəfəsi darala, ürək döyüntülərinin ritmi pozula, həkimə ehtiyacı ola və qaçıb açdığı ilk “nəfəsliyin” müəllifi adi həkim, böyük yazıçı Çexov ola. Bu işdə bir iş var, yahu!
Həmişə hansısa məzarlığın yanından keçəndən yadıma Çexovun “Rotşildin skripkası” hekayəsi düşür, kədərlənirəm.
Tabutçu qoca Yakovun Marfa adlı qarısı var. Yakov uzun illər ərzində Marfaya qəti mehribanlıq göstərməyən, vasvası, əsəbi kişinin biridir. Marfa ağzı var, dili yox,hər şeyi itaətkarlıqla qəbul edib yerinə yetirən bir rus “babulyası”.
(davamı…)

Köşə

Zərdüşt Şəfizadə: Maska

“Çalmayın! Sakit, Yeqor Niliç yatır…”- dedilər bizə və biz o dəqiqə musiqini susdurduq.
Mən bayaqdan bəri qaşımağa fürsət tapmadığım başımı qaşımağa başladım. Bizim məşhur pianist İvan Nikitiç isə narazı üzünü divara tərəf çevirərək qoltuq cibindəki araqdan bir neçə qurtum aşırdı. Salondakı adamlar sərxoş halda kresloya çöküb xumarlanan Yeqor Niliçə təzim edərək yavaş-yavaş dağılışmağa başladılar. Başa düşmürəm, sərxoş və yarımyuxulu adamın nəyinə təzim edirlər.
Bu Yeqor Niliç də içib, dəmlənib. Bayaqdan bəri klubda məzələnmədiyi adam qoymayıb, indi də ayaqlarını uzadaraq ictimai klubun stulunda xorhaxor yatmaq istəyir.
Bu arada biri Yeqor Niliçə yaxınlaşdı və əzilib-büzülərək öz köməyini təklif elədi: ona bu şərəf qismət olarmı görən Yeqor Niliçə evlərinə getmək üçün kömək etsin?
Əsəbiləşdim. İstədim skripkadan bir dəli çığırtı qoparım, Yeqor Niliç stulun qoltuğuna yaslandığı yerdə dik atılsın, yarım yuxulu beyni ilə nə baş verdiyini anlamağa çalışsın. Edə bilmədim, çünki oxucu o dəqiqə başa düşərdi ki, Çexovun hekayəsində, orkestrdə belə skripkaçı ola bilməz. Orkestr üzvləri bax belə Yeqor Niliçlərin evlərində təşkil olunan ballarda, belə xeyriyyə məclislərində pul qazanan adamlardı və onların heç biri bunu etməzdi.
(davamı…)

Köşə

May 8, 2010

Mövlud Mövlud: Alınmayan yazı


“Məcnun Ədalət qısılmışdı
Leyli saza,
Leyli saz qısılmışdı
Məcnun Ədalətə…”
Vaqif Bayatlı Odər

…Aşıq Ədalət bədbəxt adamdır…
Şair dostum Bəxtiyar Hidayət danışır, deyir Yaralı Bəxtiyar imzası ilə yazan vaxtım idi. Qazaxda parkda gəzişirdik. Bir də gördük Aşıq Ədalət gəlir. Yanımdakı dostum dedi ki, gedək ustadın əlini sıxaq. Yaxınlaşıb görüşdük. Dostum məni təqdim elədi:
“Tanış ol, ay qağa: şair Yaralı Bəxtiyar!” Ustad üz-gözünü turşudub etiraz elədi:
“Hərəsi belinə bir “lapet”i qoşor, gəler…”
Aşıq Ədalət bədbəxt adamdır…
Mərhum şair Akif Səməd Qazaxda onun haqqında film çəkirmiş. Yayın istisində gündə bir neçə saat çəkiliş meydançasında gördükləri zülmün əziyyətini yaşadığı anların birində xəbər gəlir- Bəs deməzsənmi, Aşıq Ədalət gedib orda-burda danışır ki, gəlib burda mənim hesabıma pul qazanırlar. Akif qağa havalanır. Çəkiliş kollektivinə tapşırır: Yığışın gedirik!
Handan-hana sənətkarın özü gəlib çıxır. Bəs nə olub? Nə məsələdi? Onu söhbəti danışırlar edirlər. Üzünü Akif tutub deyir:
“Əşi gör kimə baş qoşursan? Dəlisən eyyy sən…”
Akif Səməd özü ilə Bakıdan gətirdiyi adamlara baxıb gülür:
“Qalası olduq film çəkiləcək”.
(davamı…)

Köşə

May 6, 2010

Əsəd Qaraqaplan: RAFİQ TAĞIYA QARŞI ÇIXANLARA…


I

Son zamanlar mətbuat və internet səhifələrində Rafiq Tağıya qarşı kəskin fikirlər, əsassız ittihamlar gözümə dəyməyə başlayıb. Özü də bu fikirlər, ittihamlar elə adamların dilindən səslənir ki, adam bir anlıq düşünməli olur:
– İlahi, qiyamətmi yaxınlaşıb?
– Heç bir əxlaqa, heç bir istedada, heç bir insaniliyə, heç bir yazar vicdanına sahib olmayan bu adamlar Rafiq Tağıya qarşı çıxmaqmı istəyirlər?
– Yaxşı, Rafiq Tağıya qarşı bu yeni kompaniyaya başlamaqda onların məqsədi nədi?
Bugünki yazımda Rafiq Tağı əleyhinə yenidən kompaniya başlamağa çalışan konkret iki nəfərdən danışacam.
Dünən bir idmançı dostumuzun müsahibəsi yer alan “Demokrat” qəzetini onun əlində görüb, alıb vərəqləməyə başladım.
Birdən Əli Əkbər adlı bir nəfərin bu qəzetin bir köşəsinə sığınaraq yazdığı “Muğamatçı Rafiq Tağının dissidentliyi” yazısı gözümə sataşdı. Bu yazıda Əli Əkbər bir içki məclisində (!) muğamla bağlı düşən mübahisədə, guya, Rafiq Tağının onlara “Hamınız ermənisiz!” dediyini iddia edir, gileylənir, saçlarını yolub küləyə verir, sovet şairləri kimi əli çənəsində eynəkli şəkliylə, sanki, deməyə çalışırdı: “görürsüz də Rafiq Tağını necə “vururam”.
(davamı…)

Köşə

May 5, 2010

Səlcuq Elçin: Varis, yoxsa Polad Alemdar?

Keçənlərdə Bakı Slavyan Universitetinin nəznində fəaliyyət göstərən “Yaradıcılıq” fakultəsində dinləyici kimi iştirak etdim. Hər dəfə başqa-başqa yazarlar gəlib dinləyici qismində olan bizlərlə “Ədəbiyyat” barəsində söhbətlər edir, bizim yazdıqlarımızı oxuyub təhlil edirlər. Bu yazarlardan Salam Sarvan, Etimad Başkeçid, Qulu Ağsəs, Aqşin Yenisey və s. Yazarların muhazirələrinə qulaq asmışam. Maraqlı ədəbi məqamlara toxunmuş və xeyli mübahisələr aparmışıq.
Sonuncu dəfə qonaq yazar qismində Varis dəvət olunmuşdu. Dərsin əvvəlində Rüstəm Kamal Varisi bizə təqdim edib, onun yaradıcılığı haqqında bizə qısaca məlumat verdi. Auditoriyada bir də gördük ki, bir nəfər qapını açdı, o biri nəfər isə içəri girib o tərəfə, bu tərəfə baxdı və ən sonda Varis içəri girdi. Mən özümü saxlaya bilməyib gülməyə başladım. Sanki bu səhnə “Kurdlar Vadisi” filmindəki kimi alındı. Birinci Abdulleh qapını açır, Memati ora-bura baxır, bu arada da Polad Alemdar içəri daxil olur. Çox gözəl… Özü də bir razılıq hissi var idi ki, sanki böyük yazar olmasını göstərmək istəyirdi. Yəqin ki, auditoriyada az dinləyicinin olmasını görüb pis olmuşdu, qanı qaralmışdı. Bu adamları yanında cangüdənləri kimi niyə gətirmişdi, hələ də mənə məlum deyil. Birinci dəfədi hansısa yazaranın cangüdəni olduğunu gördüm. Hətta telefonuna zəng gələndə yanında gətirdiklərinindən biri telefonu götürüb: – “Varis bəyin telefonudu, kimdi?” Adətən mən tanıdığım yazarlar çox acınacaqlı vəziyyətdə yaşayırlar. Bunun isə şəxsi sekreteri belə var. Əhsən!
(davamı…)

Köşə

May 1, 2010

II QİSMƏT: Əruz vəznində… telefon söhbəti

Çox gözəl günlərin birində uzaq bir tanışın toyuna dəvət aldım. Köhnə ayaqqabımı təzə mazla qaraldıb, ütünün isti nəfəsini kostyuma toxunduran kimi işlər düzəldi. Hafizəm məni aldatmırsa 2-ci kursda oxuyurdum. İş elə gətirdi ki, gəlməsini gözlədiyim bir neçə dostdan heç biri toya gəlməmişdi. Tanımadığım adamlarla bir masada əyləşdim. Utana-utana yeyib, arabir şərabla boğazımı yaşlayırdım. Toyun yarıdan çoxu keçəndən sonra yanımda oturan kişi şərabın təsirindən döş cibindən bir dünyalıq giley-güzar çıxartdı. Qırmızın çaxırın təsirindən məsti-xumar olan kişi əruz vəznində suallar verməyə başladı.
(davamı…)

Köşə, Ədəbi tənqid

Məcid Həsənli: Ən yeni ədəbiyyat və ya həya hissinə ölüm!

Mənim həmişə kitab oxumaqdan xoşum gəlib və oxumuşam. Düzdür, qırxayağın ayaqlarının sayından çox oxumamışam, amma yenə də çalışıram daha çox oxuyum. Çünki kitab oxumayan və ya oxumağı bacarmayan insan qırğız yazıçılarından birinin (ondan xoşum gəlmir deyə adını çəkmirəm) əsərindəki kimi “manqurt”dur, ya da ona bənzər bir məxluq – Azərbaycan versiyasıdır.
Gör nə günə qalmışıq ki, Allahın gürcüləri ilə, erməniləri də bizdən çox kitab oxuyurlar. Bu məsələ ayrı söhbətin mövzusudur.
“Qanun” nəşriyyatının çap elədiyi “Ən yeni ədəbiyyat” seriyası adı altında cavan yazıçıların əsərlərinin kitab halında oxuculara çatdırılması özlüyündə böyük, təqdirəlayiq hadisədir. Bu ədəbiyyatımızın inkişafını, yaşarlığını sübut edən haldır. Bir oxucu kimi çap olunmuş əsərlərdən bir neçəsini oxumuşam. Əsərlərdə – misal üçün, Sevinc Pərvanənin “Şəhər” romanında – müsbət cəhətlərlə yanaşı, bəzi eyni xoşagəlməyən xüsusiyyətləri də özüm üçün aşkar etmişəm. Onlardan ikisini sizin diqqətinizə çatdırmaq istəyirəm. (davamı…)

Köşə

March 9, 2010

Pərvin Abbasov: 8 Mart hədiyyəsi

…martın 8-nə hələ on saatdan çox qalmışdı. O neçə saatdır “nə yaxşı ki, ayın 7-si buraxıldım, yoxsa bu il də Sevdaya hədiyyə ala bilməyəcəkdim” – deyib, ürəyində sevinirdi. Hədiyyə almışdı… Elə həmin hədiyyədən idi, 6 il – hər günü bir ilə bərabər olan 6 il əvvəl aldığı hədiyyədən. İndi aldığı gəlincik də 6 il əvvəlki boyda, həmin rəngdəydi, bəlkə də eynən həmin gəlincikdən idi. Ancaq deyəsən özü həmin adam deyildi… (davamı…)

Köşə

February 16, 2010

Taleh Şahsuvarlı: Köçmüş pişiklər bağçası

Sözün düzü, özüm öz gözlərimlə oxumamışam, lakin ucundan-qulağından eşitmişəm ki, Liberal Partiyası “Ölkə” qəzetini məhkəməyə verir. Hal-qaziyə belədir ki, Rafael Becanovun baş yazar olduğu qəzetdə “Madam” ləqəbli KQB agenti” başlıqlı məqalə dərc olunub, ALP-nin yetənə yetib, yetməyənə də daş atan madar yetkilisi Əvəz Temirxan da bəyan edib ki, pəs, yazıda lideri Lalə Şövkətin “KQB agenti” kimi təqdim edilməsini arxasında Müsavat Partiyasının başqanı İsa Qəmbər durur. Cəmi müşahidəçilərin fikrincə, Temirxanın açıqlamasından sonra Müsavatla ALP arasındakı qarşıdurma qızışıb. Madam siyasətçilərin çənəsi qızışıb, gərək mənim də klaviaturam taqqataq taqqıldaya… (davamı…)