Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Archive for May, 2010

Poeziya

May 31, 2010

Feyziyyədən bir şeir

bütün sualların cavabı bir qağayının dimdiyindəymiş demə
demə olanlar kabusmuş, oyanıb bismillah deyəcəm,
bir də deyirəm məni bağışla, butun kabuslara bağışla məni.
hər şey birdən oldu,
birdən oldu hər şey.
əvvəl bir burulğan göründü uzaqdan, lap uzaqdan
qara, qorxulu, kabus kimi qorxulu.
sonra gozlərimi qum tutdu,
o tutdu gözlərimi.
yuxularıma süd sızdı o gecə
o gecə bütün kollar kəklikotu qoxuyan lalələr açdı,
bütün agaclar balıq qoxuyan gilaslar gətirdi.
bağışla məni
o gecə qırmızı yağmurluqdan savayı əynimə heç nə gəlmədi,
bağışlama məni
göy qurşağı rənglərində yağan balıq yağışından
qaçmağa yer tapammadım.

(davamı…)

Poeziya

Nərmin Hüseynzadədən bir şeir

Mən də sənin kimi gülə-gülə qaçırdım,
bu balaca parkda.
Hərdən yıxılıb dodaq da büzürdüm,
balaca qız…
eynən sənin kimi.
Mənim də anam bax beləcə
Arxanca qaçırdı,
yıxılmayım deyə.
Əlindəki gəlincikdən mənim də vardı, körpə
Saçlarını yolardım onun eynən sənin kimi…
Hə, balaca sənin kimi ağlağandım,
İnadkardım
Bax, o qıza baxdığın kimi,
mən də baxardım uzunsaç qızlara
tez böyümək istərdim, tez…
Ancaq indi…
(davamı…)

Poeziya

Kəramət Böyükçöl: Ağı

(Cəlal Abdullayevin şəklinə baxarkən)

üzündə 20.05.2010-cu il dayanıb,
80 dəfə ötüb keçdin may ayının üstündən,
ancaq indi vaxt səndən 1 saniyə önə keçdi,
elə bil Səməd Vurğun ikinci dəfə öldü.

koridorlar təzədi, Cəlal müəllim!
döşəməmiz yenilənib.
ayaq izini tapa bilmirik,
öpüşsün ayağımızla,
gözünün izini gəzirik indi
çöldəki ağacın yarpağında.

şəklinlə yanaşı durmusan elə bil,
hər gün yanından keçdiyin o dirəkdə,
cəmi üçcə günlük başdaşıdı o dirək,
o dirəyin yanından
cavanlar güllə-güllə, gülə-gülə,
qocalar qarışqa-qarışqa, fikirli-fikirli keçər hər dəfə.

(davamı…)

Poeziya

May 30, 2010

Bəxtiyar Hidayət: Yeni şeirlər

BOZQURD

Ey Boz Qurd!
Bizi dovşana döndərdilər
Günümüzü qara etdilər
Və bu qaranlıqda
Gözümüzə azadlıq işığı salıb
Tutdular bizi
Göstərdilər arabaynan dovşan
tutmaq nətəəri olur

Ey qoca qartal!
Bizi cücəyə döndərdilər
Bu Ana Vətən tezcə təpdi bizi
Qargalar tülkülər asanca tapdı bizi

Ey uca dağlar!
Bizi yandırıb kül təpələrinə döndərdilər

Ey dədə palıdlar, ey xan çinarlar
Saxlayın küləklərin qabağını

(davamı…)

Proza

May 29, 2010

Aysel Əlizadə: Ölülər

“Ölülər”
Cəlil Məmmədquluzadə

İnsan özünü həmişə itlə tutuşdurardı, “it kökü”, “it kimi”, “itin günü ”- deyərdi. İtsə heç kimlə özünü tutuşdurmazdı. Həmişə it olaraq qalardı. İtliyindən də məmnundu. Ona bir dəfə sümük atanı ömrü boyu unutmazdı. Quyruğunu bulayar, hürər, qulaqlarını şəkləyər, iz axtarar, yaxşı dost olardı. İnsanın həmin bu it kimi sadiq bir dostu vardı. Dostun adı azadlıq idi. Bir gün insan öldü.
Ölünün heç bir iddiası yox idi. Yerimir, hərəkət etmir, heç nə haqda düşünmürdü. Ancaq yatırdı. Yatmaq…. uyumaq… tək işi idi. Yaddaşı da yoxdu. Ölü heç nə xatırlamırdı. Xatırlamırdı ki, ölməmişdən qabaq kim idi, hardan gəlib hara gedirdi. Dostu, azadlığı da tamam unutmuşdu. Ölü sağ olanda azadlığı diktatura adlı bir düşmənin əlindən qurtarardı. Onu qoruyardı.
Aradan zaman keçdi. O, yatmaqdan bezdi. Başqa işlərlə məşğul olmaq istədi. Nə etməli olduğunu bilmirdi, nə iş görsün? Nəyin qulpundan yapışsın? Yatmaqdan başqa neyləsin? Günlər keçirdi, ölü hələ də heç bir iş tapmırdı. Getdikcə onda qəribə bir ehtiyac yaranırdı. Yol göstərən – göstəriş verən birinə gərək duyurdu. Kiminsə ona nə etməli olduğunu söyləməsi lazım idi. Bir gün xor-xor yatdığı vaxt hardansa biri gəldi. Elə yatdığı yerdəcə ona özünü təqdim edib demokratiya olduğunu dedi.
Demokratiya çox kübar görünürdü. Əynində kəpənəkli frak, əlində ciddi bir çanta, ayağında bahalı ayaqqabısı vardı. Gözəl danışır, maraqlı cümlələr işlədir, səsinə mehribanlıq qatırdı. Demokratiya ölünün çox xoşuna gəldi. Demokratiya dedi ki, başçı keçmək istəyir. Bunun üçün öz namizədliyini irəli sürüb. O, ölülərdən səs toplamalıdır. Dedi ki, əgər başçı olsa, ölülərə doğru yol göstərəcək. Onlara çoxlu iş tapacaq. Cürbəcür hərəkətlər öyrədəcək. Bu lap yerinə düşdü. Ölü sevincək onunçün səs yığacağına söz verdi. Demokratiya çıxıb getdi. Ölü heç bilmədi ki, bu onun keçmiş dostu, azadlığın qatı düşməni olan diktaturanın özüdür. Ölü üz-gözünü maskalamış, bəzəkli-düzəkli diktaturanı tanımadı, heç tanıya da bilməzdi. Bütün ölülər yekdilliklə demokratiyaya səs verib özlərinə başçı seçdilər. Demokratiya başçı keçən kimi azadlığı tutub ömürlük həbs elədi.
(davamı…)

Köşə

May 28, 2010

Mövlud Mövlud: “Bu dünyayla nərd atasan…”

Uzaq 2004-cü ilin iyulunda biz, yəni mən, Murad Köhnəqala və Şərif Ağayar “Torqovı”nı ayağımızın altına almışdıq. Dissident yazıçılar haqqında söhbətimiz “Azərbaycanda dissident varmı?” sualına gəlib çatanda mən Sücaətin, Bəhmən Vətənoğlunun və Azaflı Mikayılın, Alqayıtın adını çəkdim. Murad mənim çəkdiyim adlarla razılaşıb özü də bir ad əlavə elədi – Sərraf Şiruyə. “İstedadlı şairdir, – dedi. – Sovet dönəmində uzun müddət çap oluna bilməsə də, şeirləri dillər əzbəri idi”. Gözünə dönüm Şərif, Azərbaycan türkcəsində şeir yazan elə bil adam ola bilərmi ki, heç olmasa bir bəndini əzbər bilməsin:

Bu dünyayla nərd atasan,
Şeş-beş verən zərin ola.
Ortalığa bəxt qoyasan,
Aparmağa zərin ola.

(davamı…)

Elan

May 25, 2010

Tofiq Abdinin yeni kitabı işıq üzü görüb

Şair-publisist Tofiq Abdinin “Dövlət çevrilişi” adlı yeni kitabı işıq üzü görüb. Kitabda müəllifin yaxın keçmişimizin hadisələri və avtobioqrafik səciyyəli məqamlarla zəngin publisistik povesti yer alıb. Kitaba daxil edilmiş əsər əvvəlcə “Azərbaycan” jurnalında çap olunub.Xalq yazıçısı Anarın, millət vəkili, publisist Elmira Axundova və jurnalist Müsəllim Həsənovun əsərin mövzusu, orada təsvir olunan hadisələrlə səsləşən fikirləri kitaba ön söz əvəzi kimi verilib.Topluda müəllif 20 yanvar hadisələrini, canlı şahidi olduğu o günləri və həmin qətliamdan yaşadığı sarsıntılarına xüsusi yer verib. T.Abdin “bu kitabda 20 yanvar hadisələrini, geniş mənada desək, ermənilərin türklərə atdığı böhtanlara dayanaraq, Azərbaycan qətliamını yeni bir tərzdə, şəxsən gördüklərinə və yaşadıqlarına arxalanaraq yazmaq fikrində” olduğunu qeyd edir.

“525-сi qəzet″

Elan

Qadın düşərgəsi haqda povest çapdan çıxdı (Əsərdən bir parça)

Rövşən Yerfinin 45 yaşı var. Qubanın Yerfi kəndindəndir. Dediyinə görə, 90-cı illərdə bir müddət qadın həbsxanasında işləməyi bir qələm adamı kimi ona böyük həyat materialı verib. O bu yaxınlarda çapdan çıxan “Qadın düşərgəsi” povestlər kitabında oxucuya belə müraciət edir:”Etiraf edirəm ki, xırdalamaq istəmədiyim müəyyən səbəblər üzündən bu əsərdə haqqında danışılan zindan həyatının dərinliklərinə lazımi qədər vara bilməmişəm.Lakin, ümidimi itirmirəm. Allah nəsib edərsə ürəyimdə qalanları oxuduğunuz povestin davamı kimi böyük məmnuniyyətlə Sizlərə çatdırmaq arzusundayam”.
Rövşən Yerfinin ilk kitabı 2004-cü ildə çapdan çıxıb – “Üzdəniraq ada”. 2008-ci ildə “Qadın düşərgəsi” povesti “Kitab Klubu”nun həyata keçirdiyi “Sınaq nüsxəsi” layihəsində bəyənilib.Müəllif deyir ki, kitabı qadınlara həsr olunsa da əslində onu kişilər üçün yazıb: “Hesab edirəm ki, qadınların belə ağır, çətin vəziyyətlərə düşməsi təkcə öz günahlarının deyil, eyni zamanda onlarla bir mühitdə yaşayan kişilərdəki çatışmazlıqların, qüsurların nəticəsidir”.
Beləliklə əsərdən bir parçanı sizə təqdim edirik.

(davamı…)

Təssürat

“Buyur, tənqid” görüşü baş tutdu

Rüstəm Kamal: “Qəşəm Nəcəfzadə təhlükəli şairdi”
“Əgər şeirlərim Dayandurla Sərvazın xöşuna gəlsəydi, özümü çox pis hiss eləyərdim”
Şair Qəşəm Nəcəfzadənin Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yeni şeirlərinin təqdimatı oldu. Ağzınacan dolu olan Natəvan klubunda sovet dönəmindən sonra ilk dəfə idi ki, belə tənqid səsləri eşidilirdi.
Öz tədbirini açıq elan edən Qəşəm Nəcəfzadə: “Burada keçən kitab təqdimatlarından, yersiz təriflərdən bezmişik. Amma indi gəlin kişi kimi danışaq. Sizə 10-15 şeir oxuyacağam. Bu şeirlər həmçinin sizin də qarşınızda var. Gəlin həqiqəti deyək. Bu meydan, bu da şeytan… mənim xətrimə dəyin”- dedi və sonra sonra 15 şeir oxudu. (davamı…)

Poeziya

May 24, 2010

Əlisəmid Kürdən şeirlər

***
Yağışlı bir gecədə
adımı söylədim Kürə.
Sağ-soluma baxdım
gördüm heç kəs eşitmədi.
Yağış dəli,
Kür dəli.
Qoşulub dəli sulara
şeir dedim
mən dəli…

YOXA ÇIXAN XAN SARAYI

Bax gör
neylədilər,
neylədilər bu şəhərdə!?.
Uçurulan
Şah sarayı deyil,
dağılan xan mülkü deyil
bu şəhərdə…
Bir şeirin baş beyti itib,
Şah misrası yoxa çıxıb
İçərişəhərdə!

(davamı…)

Esse

May 23, 2010

Nərmin Hüseynzadə: Nənəmgilin hini Avropadır

…”Qızım, səninlə danışmağı artıq bacarmıram. Mümkün deyil. Nə dediklərimi eşidir,nə eşitdiklərini edir, nə də səhvlərini görürsən. Günbəgün uzaqlaşırsan məndən. Özünə bir dünya qurmusan. Mənim qaranlıq,sənin işıqlı gördüyün dünya. Gözümün qabağındaca özünü məhv edib, uçuruma gedirsən.
Məni başa düş,qızım,sənə istədiyin azadlığı verə bilmərəm. Sən də anan kimi yaşamalısan. Oxumalı, sonra da elə mənim kimi, ailənin bəyəndiyi biri ilə ailə qurub xoşbəxt olsan da olmasan da yaşamalısan.Özünü xoşbəxt kimi göstərməlisən. Sonra uşaqların dünyaya gələndə onsuz da xoşbəxt olacaqsan. Qəbul et bunları, mənim balam,qəbul et. Axı, mən sənin ananam, sənin yaxşılığını istəyirəm. Səni dünyaya gətirdim, əziyyətlə böyütdüm. Atan gecə-gündüz çalışdı, ehtiyaclarını ödəməkçün. Azdan – çoxdan bacardığımızı etdik səninçün,Mələk. İndi artıq böyük qızsan.Çəkdiyimiz əziyyəti yerə vurma bəhrəsini göstər bizə. Sən Avropalı deyilsən. Qəbul et artıq bunu”…
***
“Çox təəssüf ana, təəssüf ki,biz bir birimizi başa düşə bilmirik. Bilirsən, ana bunun günahkarı sənsən. Çünki, biz heç zaman rəfiqə olmadıq. Həmişə qorxdum hiss etdiklərim, düşündüklərim haqqda sənə deməyə. Elə uşaqlığımdan başa düşdüm ki, istəklərimi gözlərimdə boğacaqsan. Sənin bəyəndiyin ayaqqabıları aldım, atamın xoşladığı yeməkləri yedim. Sizin həyatınızı yaşadım,ana. Atam hirsli, yorğun olanda danışmadım, gülmədim. Ancaq, artıq sizin getdiyiniz yolla getmək istəmirəm. Sağ ol ki, dünyaya gətirdin məni. Bilirəm, çətindi dünyaya uşaq gətirmək. Yəqin ki, gecələr də yatmamısan mənə görə. Ancaq sən də mənə minnətdar olmalısan çünki, mən dünyaya gəlməsəydim sənin də həyatın soyuq, mənasız olardı. Sən özün də mənə yazmısan ki, uşaqların olanda onsuz da xöşbəxt olacaqsan . Mən varam deyə xöşbəxt olmusan demək… Yoluma çəkdiyiniz böyük səddləri götürün, ana. Mən sizin istədiyiniz kimi yox, özümü xoşbəxt hiss edəcəyim kimi yaşayacağam. Bunu atama da başa sal”.

(davamı…)

Köşə

May 22, 2010

II Qismət: AĞ-aclığın sonu

Nəfəsim daralanda könlümdən bir şam ağacını qucaqlayıb ağlamaq keçir. Ağciyərimin oksigen aclığını doyurmaq üçün şam ağaclarına yalvarıb, borca bir-iki nəfəs artıq hava almaq istəyirəm. Bəzən nəfəsim elə tıxanır ki, ağacdan düzələn hər şeyə burnumu, ağzımı yaxınlaşdırıb hərisliklə hava axtarıram. Yaxşı ki, kitablar var…
Bir neçə il bundan əvvəl, nəfəsimin daraldığı günlərdən birində otaqda əsəbiliklə var-gəl edirdim. Havasızlıqdan havalanmağa başlamışdım. Özümü kitabların içinə atdım. İlk əlimə keçən kitabı götürüb təsadüfi bir səhifəsini açdım və “zəhrimarının” vaxtı gələndə tutması tutan narkoman kimi əsə-əsə burnumu kitabın bir səhifəsinə dayadım. Gözlərimi yumub, nəfəs almağa çalışdım. Az keçmədi ki, nəbzim yerinə gəldi, ürək döyüntülərim normallaşdı, əllərimin əsməsi keçdi. Mən sevimli “nəfəsliyimdən” bir az da nəfəs alıb, gözlərimi açdım. Belə də təsadüf olar? Adamın nəfəsi darala, ürək döyüntülərinin ritmi pozula, həkimə ehtiyacı ola və qaçıb açdığı ilk “nəfəsliyin” müəllifi adi həkim, böyük yazıçı Çexov ola. Bu işdə bir iş var, yahu!
Həmişə hansısa məzarlığın yanından keçəndən yadıma Çexovun “Rotşildin skripkası” hekayəsi düşür, kədərlənirəm.
Tabutçu qoca Yakovun Marfa adlı qarısı var. Yakov uzun illər ərzində Marfaya qəti mehribanlıq göstərməyən, vasvası, əsəbi kişinin biridir. Marfa ağzı var, dili yox,hər şeyi itaətkarlıqla qəbul edib yerinə yetirən bir rus “babulyası”.
(davamı…)

Köşə

Zərdüşt Şəfizadə: Maska

“Çalmayın! Sakit, Yeqor Niliç yatır…”- dedilər bizə və biz o dəqiqə musiqini susdurduq.
Mən bayaqdan bəri qaşımağa fürsət tapmadığım başımı qaşımağa başladım. Bizim məşhur pianist İvan Nikitiç isə narazı üzünü divara tərəf çevirərək qoltuq cibindəki araqdan bir neçə qurtum aşırdı. Salondakı adamlar sərxoş halda kresloya çöküb xumarlanan Yeqor Niliçə təzim edərək yavaş-yavaş dağılışmağa başladılar. Başa düşmürəm, sərxoş və yarımyuxulu adamın nəyinə təzim edirlər.
Bu Yeqor Niliç də içib, dəmlənib. Bayaqdan bəri klubda məzələnmədiyi adam qoymayıb, indi də ayaqlarını uzadaraq ictimai klubun stulunda xorhaxor yatmaq istəyir.
Bu arada biri Yeqor Niliçə yaxınlaşdı və əzilib-büzülərək öz köməyini təklif elədi: ona bu şərəf qismət olarmı görən Yeqor Niliçə evlərinə getmək üçün kömək etsin?
Əsəbiləşdim. İstədim skripkadan bir dəli çığırtı qoparım, Yeqor Niliç stulun qoltuğuna yaslandığı yerdə dik atılsın, yarım yuxulu beyni ilə nə baş verdiyini anlamağa çalışsın. Edə bilmədim, çünki oxucu o dəqiqə başa düşərdi ki, Çexovun hekayəsində, orkestrdə belə skripkaçı ola bilməz. Orkestr üzvləri bax belə Yeqor Niliçlərin evlərində təşkil olunan ballarda, belə xeyriyyə məclislərində pul qazanan adamlardı və onların heç biri bunu etməzdi.
(davamı…)

Poeziya

Alik: Anam üçün

Ah, bu nə ümidsizlikdir
Gecədə
Yerimin içində
Anamın ağrıdan iniltisini və
Bethovenin musiqisini dinləyirəm…

“Təklik” deyə vahiməli
qadın pıçıltısı gəlir qulağıma…

Tək yaşayan qadınların kişisidir ağrı,
Xəstəlik…

Hələ üstəlik

(davamı…)

Proza

May 21, 2010

Volfqanq Borhert: Solğun ətirşahlar

Onlar qaş qaralanda tanış oldular. Sonra qadın kişini evə dəvət elədi, o da gəldi.

Qadın ona mənzilini də, stol örtüklərini də, mələfələrini də, üstəlik boşqablarını da, çəngəllərini də – nəyi vardısa – onu göstərdi.

Amma onlar bu vaxt günün aydın işığında bir-birinə baxanda kişi qadının burnunu gördü.

“Gör nə cür burnu var, elə bil başqa sifətdən kəsilib-tikilib, – fikirləşdi. – Hətta buruna da oxşamır. Daha çox hansısa tərəvəzə oxşayır.

İlahi, özün rəhm elə, burun deşiklərinə bax! – fikirləşdi. – Onlar da heç bir-birinə uyğun yerləşməyiblər! Ümumiyyətlə bir-biriylə uyuşmurlar.

Burun deşiyinin biri ensizdi, dairəvidi. O birisisə dibsiz deşiyə oxşayır. Qara, girdə, sirlidi”.

O, cib dəsmalını çıxarıb alnını sildi.

- Dəhşətli istidi, elə deyil, – qadın dilləndi.

- Hə də! – kişi cavab verib onun burnuna baxdı.

“Dübbədüz tikilib, – təzədən fikirləşdi. – Üzündə tamamilə kənar əşyadı. Hətta dərisi də başqadı. Daha qaraşındı.

(davamı…)

Esse

Ziyad Quluzadə: Kamal Abdullanın paradiqmasi

(“Kriptomun gizlinləri” silsiləsindən)

Üç-dörd qapını ört!
Three-four close the door!
“Sirr açıram. Gizlinləri. Görünməyənləri, göstərilməyənləri göstərirəm. Allahın hamınızdan gizlətdiyi həqiqətləri onun ürəyindən oğurlamışam… Artıq bütün həqiqətləri biləcəksiniz. Qorxuram. Hamıdan qorxuram. Allahdan başqa” deyə bağıra-bağıra əlində Dədə Qorqudun sazının simlərini dınqıldada-dınqıldada Kamal Abdulla göründü.
Məhəmməd Füzulinin heykəlinin yerində dayanıb üzü Qoşa Qala qapılarına doğru gülümsəyirdi. Gözlərini gördüm. Kədərli idi. Qəribə, izahedilməz qorxu var idi.
“Müqəddəs Zevs. Ey, dünyanı nura boyayan Promotey gəl, Bakıya. Tut, mənim əllərimdən. Gedək birlikdə Laçına, Şuşaya” dediyini eşitdim. Və bir damla göz yaşı düşdü əlindəki sazın simlərinə. Ümidsizcəsinə bir şeir pıçıldadı.

Mənə deyən gərək nə olub axı,
Nə çabalayırsan, söylə, nə xəbər.
Sən çətin tapasan axtardığını.
Sən axtardığını itirməyiblər.

Susdum. Heykəlin yanındakı oturacaqlardan birində sevgilim D.-ilə oturmuşduq. Əlimi tutmuşdu. Qorxdu. Başını çiynimə qoyub, ağladı. “Allahın yalanı üzə çıxdı, Ziyad” dedi.

(davamı…)

Poeziya

May 19, 2010

Şaiq Vəli: Şeirlər

Mən bu çağın nəyiylə yarışım?
Mən bu torpağın nəyiylə qarışım?
Mən bu dünyanın nəyilə barışım?
Puç, puç, meyxanəçi!

***

Şair Məhəmməd Astanbəyliyə

Yazı-yazı payız hönkürür,
Yazı, yazı… gülüm ağlayır.
Yazıq-yazıq kağız hönkürür,
Yazıq-yazıq qələm ağlayır.

Suda qaralan Günə ləliyir,
Gündə saralan çənə ləliyir.
Məni ağladan sənə ləliyir,
Ağlayır, – aləm ağlayır.

Var ikən yox, bu nə var ki?!
Yarı yar oldum, bu nə yar ki!
Nigaranam nə Nigar ki?!-
Hal bilməz, halım ağlayır.

Dünya məni çoxdan soyub,
Dünya məndən çoxdan doyub…
Ölümə bir şey qalmayıb,
Gecikib ölüm ağlayır…

(davamı…)

Proza

Con Steynbek: Xrizantemlər


Qəlbidəki boz-xovlu qış dumanı Salinas vadisini həm göydən, həm də dünyanın qalan hissəsindən ayırmışdı.

Qapaq kimi hər tərəfdən dağların üstünə çökmüş duman böyük vadini ağzıbağlı qazana çevirmişdi.

Geniş düzəngahlarda kotanların dərin şırımlarda qara torpaq metal kimi parıldayırdı.

Salinas çayının eninə düzülən dağətəyi fermalarda sarı kövşənlər sanki solğun və soyuq günəş şəfəqlərində çimmişdilər, amma dekabrda vadidə günəş şəfəqləri olmur.

Par-par parıldayan çay boyu uzanan sıx söyüdlüyün sarı yarpaqlarıydı.

Ətraf sükut içindəydi, nəsə gözlənilirdi. Hava soyuq və zərifdi. Cənub-qərbdən əsən külək elə gücləndi ki, fermerlər yaxşı bir yağış yağacağına ümid elədilər, amma dumanla yağış eyni vaxtda gəlmir.

Henri Allenin çayın qırağındakı dağətəyi fermasında xeyli iş görülmüşdü: ot çalınıb yığılmış, meyvə bağı bellənmişdi ki, yağış yağsa, daha dərinə getsin. Hündür yamaclardakı mal-qaranı tük basmışdı.

Çiçəklikdə işləyən Elisa Allen həyətə baxıb, əri Henrinin iş paltarı geymiş iki kişiylə danışan gördü. Üçü də traktor qarajı tərəfdə, bir ayaqlarını Fordsonun qırağına qoyub, siqaret çəkə-çəkə danışır və maşına baxırdılar.

Bir az onlara baxandan sonra Elisa yenə öz işiylə məşğul oldu.

Onun otuz beş yaşı var; arıq üzü ciddidi, gözləri bulaq suyu kimi təmizdi.

Bağda işləyəndə geydiyi kostyumda bədəni təcrid olunmuş və ağırlaşmış kimi görünürdü, başındakı qara rəngli kişi şlyapası gözünün üstünə düşmüşdü, ayağında kobud çəkmə var idi, üstüişləməli geyimi qayçı, bel, dırmıq, toxum və əlində işlətdiyi bıçaq üçün dörd iri cibi olan velvet döşlüklə az qala tamam örtülmüşdü.

Ağır dəri əlcək geymişdi ki, işləyəndə əli əzilməsin.

Elisa qısa və möhkəm qayçıyla xrizantemlərin keçən ilki saplaqlarını kəsirdi, hərdən də traktor qarajı tərəfdəki kişilərə baxırdı.

Onun yetkin sifəti ehtiraslı və gözəl idi; hətta qayçıyla işləməyində də qeyri-adi bir ehtiras və güc duyulurdu. Onun gücü qarşısında xrizantem çubuqları çox zərif və balaca görünürdülər.

(davamı…)

Xəbər

May 18, 2010

Orxan Pamukun “Yeni Həyat” romanı Azərbaycan dilinə uyğunlaşdırılıb

Orxan Pamukun “Qar” və “Mənim adım qırmızı” romanından sonra dilimizə uyğunlaşdırılan “Yeni Həyat” romanı artıq satışa buraxılıb. Əsəri dilimizə uyğunlaşdıran Fərid Hüseyn, nəşrin redaktoru isə Etibar Lətiflidir. Orxan Pamukun ən sehirli və ən intelektual əsəri sayılan “Yeni Həyat” insanlar qəzanın, ölümün, sehrin, səyahətlərin sirlərini açıqlayır. “Bir gün bir kitab oxudum və bütün və bütün həyatım dəyişdi”. O.Pamukun lirik və sehirli romanı olan “Yeni Həyat” bu sözlərlə başlayır. Əsərin qəhrəmanı kitabın təsiri ilə aşiq olur, tələbəlik həyatından uzaqlaşır, İstanbulu tərk edir, davamiyyətli olaraq avtobusla səyahətə çıxır, şəhərlərə qəsəbələrə gedir. Özünün və zamanını azdırır. Başqa dünyaya – Yeni Həyata daxil olur. Roman həm əvəzsiz Zamanın, Ölümün, Taleyin, Yazının, Qəzanın sirlərinə, həm də uşaq vaxtı oxunan şəkilli romanlarına, görünün gözdən itən Mələyin, Dantenin, Rilkenin, şeirlərinə açılan qapıdır.
(davamı…)

Poeziya

Orxan Zaman: Üç şeir

gecənin tən yarısında

gecənin tən yarısında
bomjun zibil yeşiyində
araq şüşəsi əvəzinə,
axtardığı
qadın bədəninin təravəti …

gecənin tən yarısında
təpiklə küçəyə atılmış fahişə
qadının boynunda kişi öpüşü.

gecənin tən yarısında
yaşamaq qədər kədərlidi hər şey…

15.05.2010

(davamı…)

Müsahibə

Vaqif Bayatılı Odər: «Biz özümüz ölümlə oynayırıq»

Şair Vaqif Bayatlı Odərin Milli.Az xəbər portalına müsahibəsi.

- Deyə bilərsinizmi, son illər ərzində şeirimizdə nələr dəyişib?

- Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının güclü qollarından biridir.

Təəssüf ki, bir çoxları bizim ədəbiyyatımızı zəif sayırlar. Bizim şeirimiz çox güclüdür. Əslində bu, təkcə Azərbaycanda deyil, bütün türk dövlətlərində belədir.
Bu gücün sürəti ildən-ilə artır. Buna sözün sürətinin artması kimi baxmaq olar. Bizim şeir ilahi həqiqətdən ilahi həqiqətə doğru gedir.

- Kimlər ədəbiyyatımızın zəif olduğunu zənn edir?

- Belə fikirləşən kiçik insanlardır. Hamı hər şeyi özü boyda görür. Söhbət onun fiziki boyundan getmir. İşgüzar, dünya haqqında gözəl fikirləri olan qarışqa dünya haqqında pis fikirdə olan, düşüncələri zəif olan insandan daha hündürdür.

Fillər hər şeydə nəsə pislik axtarırlar. “Fil” deyəndə insanları nəzərdə tuturam.

- İndiki zamanda şairlərin qiyməti nədir?

- Şairlər iki cür olur – zamanın şairləri, zamansızlığın şairləri. Zamanın şairlərinin işi odur ki, onlara qiymət, pul, maşın, fəxri ad, malikanə versinlər.

Bunları doyuzdurmaq mümkün deyil və mənə elə gəlir ki, heç vaxt da mümkün olmayacaq. Dövlət təqaüd, xalq, əməkdar, incəsənət xadimi adlarını verir. Burada bəzən ədalətsizliklər olur. Bunlar gözəl şairlərimizə deyil, layiq olmayanlara verilir.

Mənim anlamımda mən sözümün rəhbəriyəm. Dünya da sözümü rəhbər kimi qəbul etsə, mənim fərmanım öz rəhbərliyimi ləğv etmək olardı. Məndən olsa, bütün o adları ləğv edərdim.

Şeir çox mürəkkəb şeydir. Şairlərin 90 faizi şeiri yaxşı bilmirsə, mən başqalarından bunu tələb edə bilmərəm. Şeirdə zərgər dəqiqliyi olmalıdır.

Bu nöqteyi-nəzərdən mən hələ özümə “3″ qiyməti verirəm. Şairi xalq seçməlidir.

Türkiyədə belə işlərə yaxşı münasibət var. Orada dövlət şairin dövlətə xidmətini nəzərə alıb, dövlət sənətçisi adını verir. Bizdə isə başqa cürdür.

Fikrimcə, kiməsə “xalq artisti” adı verilərkən xalqın da münasibəti nəzərə alınmalıdır. Məsələn, Türkiyədə aşıqlara “xalq şairi” deyirlər.

Bir çoxları elə bilir ki, mən xalq şairiyəm.

(davamı…)

Proza

May 17, 2010

Qabriel Qarsia Markes: Üç somnabul üçün kədər

İndisə orada, evin uzaq bir küncündə kimsəsizdir. Biz hələ şeylərini – meşə qoxusunu heç itirməmiş paltarıyla, pis havalarda geydiyi quştək yüngül ayaqqabısını gətirməmişdən qabaq kimsə bizə demişdi ki, bu qadın iyi-dadı olmayan ləng həyata alışa bilmir, o həyatın ən cazibədar şeyi sərt tənhalıqdır, daim onun çiyinlərini əzir, sanki daş və əhəngdən tökülüb. Kimsə bizə demişdi – və biz bunu xeyli vaxt keçəndən sonra xatırladıq ki, nə vaxsa onun da uşaqlığı olub. Ola bilsin, onda deyilənə sadəcə inanmamışdıq. Amma indi, barmağını dodaqlarına tutub, təəccüb dolu gözlərlə baxaraq küncdə oturduğunu görəndə başa düşdük ki, doğrudan da nə vaxtsa onun uşaqlığı olub; az ömürlü yağış soyuğunu bilib və günəşli günlərdə, qəribə də olsa, ondan kölgə düşüb.

Bütün bunlara (olduqca çox başqa şeylərə də) o axşam – onun ibtidai aləmlə əcaib bağlılığına rəğmən tamamilə insanlaşdığını anlayanda inandıq. O, sanki daxilində nə isə şüşə bir şey sınıbmış kimi həyacanlı qışqırtılar çıxarmağa başlayanda biz bunu başa düşdük; yanında oturana qədər göz yaşları içində hər birimizi adbaad çağırdı; oxuyası və ovça çalası olduq, sanki bu hay-həşir çilik şüşəni yapışdıra biləcəkdi. Yalnız onda biz inandıq ki, onun nə vaxtsa uşaqlığı olub. Elə çıxır ki, bizə nə isə onun bağırtıları sayəsində açıldı; o, ayağa duranda ağac və dərin çay yada düşdü və azacıq qabağa əyilib, önlüyü ilə üzünü örtməyib, fınxıraraq burnunu silməyib, hələ də göz yaşları içində bizə dedi:

(davamı…)

Proza

Murad Köhnəqala: Millimizin oyunu

Axşamınız xeyir, əziz futbol həvəskarları! Bu gün milli yığmamız meydandadır.

Şitlərdə nümayiş etdirilən halal kolbasaların, toyuq dönərinin, dermantin ayaqqabıların, attestat və diplomların, bələdiyyə,deputat və icra başçısı yerlərinin, elmi dərəcələrin, hərbi biletlərin, qul bazarlarının… bər-bəzəkli reklamlarıdı.

Bəri başdan xatırlatmaq istəyirəm ki, matçdan sonra ölüsü-ölüsü 7 milyon manatlıq fişəngi şəhərimizin səmalarına buraxıb atəşfəşanlıq edəcəyik.

Fasilə zamanı estirada müğənnilərimizin vətənpərvərlik ruhunda konserti olacaq, bizdən ayrılmayın!

Aha, deyəsən, oyun çoxdan başlayıb! Axırıncı vaqon, qapını burax!

Göründüyü kimi top Ramiz Mehdiyevdədi. Ramiz meydanın ortasıyla irəliləyir və topu Oqtay Əsədova ötürür.

Oqtay başüstə deyərək topu başı ilə qəbul edir, lakin Hacıbala Abutalıbov topu onun əlindən alır. Hacıbala bu yerdə lap fontan eləyir və qüvvətli zərbə ilə topu irəli vurur.

Topu Murtuz Ələsgərov sinəsi ilə qəbul edərək Oqtayı və Hacıbalanı aldadıb meydanın kənarı ilə şumlaya-şumlaya sürətlə irəliləyir. Kəmaləddin Heydərovdan çox maraqlı bir oyun: o, yıxılaraq topu sürətlə irəliləyən Murtuzun əlindən alır və qalxıb cərimə meydançasına tərəf irəliləyir.

Budur o, topu Ziya Məmmədova ötürdü.

(davamı…)

Proza

X.L.Borxes: Qum kitabı (magik hekayə)

“Sənin qum kanatın…”
Corc Herbert

Xətt saysız-hesabsız nöqtələrdən ibarətdir: külli-miqdarda xətlərdən müstəvi, sonsuz müstəvilərdən fəza yaranıb, kainat isə nəhayətsiz fəzalar toplusudur…

Xeyr, hekayəmi başlamaq üçün bu, şübhəsiz ki, heç də ən yaxşı – geometrik – vasitə deyil.

Hər hansı bir uydurulmuş hadisə belə duruşların ədalətliliyini sübut edə bilər. Mənim indicə danışdıqlarım isə heç də uydurma deyil…

Buenos-Ayresin Belqrano küçəsindəki binaların birinin dördüncü mərtəbəsində mənzil kirayələyib tək yaşayıram. Bir neçə ay bundan öncə axşamdan azca keçmiş qapının döyüldüyünü eşitdim.

Qapını açdım və astanada tanımadığım bir adam gördüm.

Bu, ucaboylu, üzünün çizgiləri ilə başqalarından seçilməyən bir adam idi – amma, ola bilsin ki, mən yaxını pis görürdüm deyə, onun simasındakı cizgiləri qarışdırdım.

Əlində boz çamadan, əynində boz rəngli paltar geyinmiş bu adam çox təvazökar görsənirdi.

Beləcə, mən o dəqiqə başa düşdüm ki, qarşımdakı əcnəbidir.

Əvvəlcə naməlum şəxs mənim gözümə qoca görsəndi: lakin bir qədər sonra onun az-az rast gəlinən, lap skandinaviyalılar kimi parıldayan işıqlı simasına və saçlarına aldandığımı başa düşdüm.

Bir saatdan da az çəkən söhbətimiz əsnasında özüm üçün aydınlaşdırdım ki, onun əsli Orkney adalarındandır.

Mən naməlum adamı içəri çağırıb oturmağa stul təklif etdim. Danışmazdan əvvəl o, nəyə görəsə bir qədər susdu. Nədənsə çox kədərli görünürdü: indi mən də elə o vəziyyətdəyəm.

- Mən “Bibliya” satıram, – qəfildən o dilləndi.

(davamı…)

Müsahibə

Rafiq Tağı: “Mən Azərbaycanda titulu olmayan yeganə yazıçıyam”

“Özümüz də bilmədən ölkə içində sülhə xidmət edirik”

“Günəşim altında AYB üzvü olmadan da xoşbəxt yaşamaq olar”

– Sizin haqqınızda belə oxumuşam: lakonik və tutumluluğu ilə seçilən mahir hekayə ustası, 3 kitab müəllifi, şair, həkim. Əlavəniz varmı bu təqdimata?

- Kiçik bir düzəliş: 6 kitab… Ancaq mən kitablarımın sayı ilə öyünmək qüdrətində deyiləm. Ümumiyyətlə, əsərlərinin statistikası yaradıcı insanı xarakterizə edə bilməz. Qaldı ki… nə yaxşı, siz mənim ancaq yaradıcılıq areallarımı sadaladınız. Əlavəm budur: mən Azərbaycanda titulları olmayan yeganə yazıçıyam.

- Yazılarınız sizə daha çox qazanc verib, yoxsa itki?

- Qazancım Azərbaycanda Rafiq Tağı obrazının yaranmasıdır. Məncə, bu obraz şou xarakterli deyil və bəlkə haçansa millətə gərək oldu. Millətə gərəklilikdən böyük səadət ola bilməz. Yox, itkim olmayıb. Həbsə atılmağımı da itki saymıram. Ədəbiyyatda maddi itki mümkün deyil. Bircə mən tutularkən məktəbli qızımın qəlbinə düşmüş zədə məni ağrıdır. Bu olmasaydı, nə vardı ki.

- Bir qrup yazıçı Rafiq Tağının həbsdən azad olunması xahişi ilə Prezidentə müraciət etmişdi. O “bir qrup”un içərisində çox gözlədiyiniz və gözləmədiyiniz, yəni sizi təəccübləndirən imzalar oldumu?

(davamı…)

Elan

May 15, 2010

Qəşəm Nəcəfzadə: Buyur, cənab tənqid

May ayının 21-də saat 14.00 da Azərbaycan Yaziçilar Birliyinin Nətavan klubunda şair Qəşəm Nəcəfzadənin yeni şeirlərinin müzakirəsi keçiriləcək. Hamı iştirak edə bilər.
Müəllifin şeirləri canlı müzakirə olunacaq. Tənqid və təhlil ediləcək.
Müəllif yalnız bundan şad ola bilər. Necə deyərlər, üzbəüz. Bu meydan, bu da …

Poeziya

Oktavio Pasın şeirləri

Bir toxunuş

Əllərim
varlığının pərdəsini açar
sənə çılpaqlığı geyindirər,
dəyişər bədənin, başqalaşar.
Əllərim
bədənindən yeni bədən yaradar.

Şəfəq

Soyuq əllərim tələsik
çəkib açar qaranlığın sarğısını.
Gözlərimi açıb görərəm
İndi də yaşayıram
təzə bir yaranın ağrısını.

(davamı…)

Maraqlı

Vulkan (Bir ərəb yazıçısı haqqında)


Həqiqəti eşidən,
bu həqiqəti söyləyən qədər dəyərli adamdır
Cibran Xəlil Cibran

Dağlıq Livan coğrafi baxımdan narahat bir yer idi. Xarici və daxili təsirlərin nəticəsində tez-tez dini çəkişmələr baş verirdi. Bu çəkişmələr Xristian dininin Monolit sektasıyla Müsəlman əhalisi arasında dərin nifrət uçurumu yaradırdı. Monolit sektası eramızdan əvvəl V əsrdə- Bizans kilsəsi öz nüfuzunu itirəndə Suriya xristianlarının qruplaşmasından yaranmışdı. Monolit sektasının rəhbəri rahib sayılırdı. O zaman Sektant fikirlərin təmsilçisi Marun idi.
Livan Böyük Osmanlı imperiyasının (Suriya, Livan, Fələstin ) əyaləti idi. Livanın Dağlıq ərazisinə muxtariyyət verilməsinə baxmayaraq əhali Osmanlı rejiminə qarşı mübarizəyə qalxıb, müstəqil olmaq istəyirdi. Sonralar bu mübarizənin fəal üzvlərindən biri də Cibran oldu. O, dini sektaların, cərəyanların kökünü axtararaq onları birləşdirməyə, dini snobizmi, və despotizmi ləğv etməyə çalışmışdı.
Cibran Xəlil Cibran 6 yanvar 1883-cü ildə Şimali Livanın dağlıq ərazisi olan Basharidə Monalit ailəsində anadan olmuşdu.
Cibranın anası Kamilə Rahmehin otuz yaşı olanda üçüncü əri olan Xəlil Cibranla ailə qurmuşdu. Cibrana hamilə qalan qadın ərinin, kasıb ailəsinə məsuliyyətsiz, laqeyd olmağından tez-tez şikayətlənirdi. Cibran doğulanda artıq onun Piter adlı altı yaşlı bir ögey qardaşı, Marian və Sultan adlı iki bacısı var idi. Ailənin maddi vəziyyəti gündən ağırlaşırdı.
Kamilə təhsilsiz və kasıb ailə başçısı olduğunu əsas gətirərək, ailəsini dolandırmağa, övladlarının təhsil almalarına kömək etmək üçün nüfuzlu dini fondlardan yardım istəmişdi. O, hər yerdə Cibranın istedadlı olduğunu deyir, inkişaf etməsi üçün müxtəlif yollar axtarırdı.
Basharinin mərkəzində böyüyən Cibranın, simvolik janrda çəkdiyi təbii mühitin real təsviri, sıldırımlı qayaların, əzəmətli dağların şəkilləri, onun qeyri-adi istedadını sübut edirdi. Dini şəriəti, İncilin ayələrini, Suriya və ərəb dilini öyrənmək üçün kənd keşişinin yanına gedən Cibran, sistemli şəkildə təhsil ala bilmirdi. Cibranın təbiətcə tərs və hər şeyə maraqlı olduğunu görən Keşiş ona əlifbanı, dilin qrammatikasını, dünya tarixini, elmin sirlərini öyrətməyə başladı.
(davamı…)

Proza

Bəxtiyar Hidayət: Dar ağacı


Kənddə çoxlar məni əclaf kimi tanıyır. Neynim, peşəmiz belədi. Mənim də çörəyim bundan çıxır. Mən, qos-qoca Hökmət ləqəbli kənd icra nümayəndəsi amma o qədər də əclaf deyiləm. Sadəcə hörmətim aşağı düşür hökumətin hörməti aşağı düşdükcə. Kənddə bir-iki düşük müxalifətçı var ki onlar mənə lap superəclaf kimi baxırlar. Çünki hər seçkidə onların səsinə qənim oluram. Neynim, yoxsa məni düüz göndərərlər Bayıl hardasan. O düşüklər də bunu başa düşmürlər. Biri elə mənim köhnə dostum Mətləb müəllim. Müəllim deyəndə ki o elə köhnə müəllimdir. Dilini dinc qoymadı-aya qoymayın maarifdə rüşvət var, aya bəs YAP belə gəldi, musavat belə getdi. Axırı da dalına bir təpik-haydı, yaxşı yol.
Deyirəm bileti at, keç biz tərəfə. Onsuz da mənim müavinim tərcümeyi halını yaza bilmir, gəl düzüm qoşum səni onun yerinə,özü də İcra beş min istəyirsə mən dördə də düzəldərəm-ilan kimi quyruğunun üstə qalxır-
-Mənim əqidəmi satın ala bilməzsən. Sən manqurtsan, mənə noolub.
Deyirəm-ay bədbəxt, manqurt o şəxsdi ki manqurt olmağı onun öz günühı deyil. Mən və mənim kimiləri isə bilə-bilə edirik etdiklərimizi. Biz manqurt deyilik. Manqurt sənsən ki balalarını ac qoyursan bilə-bilə. Manqurt təkcə anaya qarşı manqurt olmur ki. Balaya qarşı da manqurtluq edir. Mən manqurt yox ağıllı insanam
Əclaf adımı qəzetlərdə çeynədir. Guya mən əclafam, mənnən əclafı yoxdu. Hələ uşaqlar da mənim dilimdən belə bir qafiyə açıblar onun təşkilatçılığı ilə-
-Mən əclafam, mənnən əclafı yoxdu
Ağılsızdı kimin alafı yoxdu
Amma mən yenə deyirəm o qədər də əclaf deyiləm. Mənnən min dəfə əclafları var bu kənddə.
(davamı…)

Poeziya

May 13, 2010

İlham Berk: Şeirlər


AYRILIĞIN YÜREĞİ

Sessiz sedasız yaşayan bir ayrık otuydu Orta Anadolu’da
Kıtlıktan önce.
En küçük bir şeyden coşardı
Mesela bir kuş uçmasın Kızılırmak ‘a doğru
Köklerine su yürümüş gibi sevinirdi.
Bir bulut geçsin üstünden
Ayrılıktan çıkardı.
Dünyayı, derdi, dünyayı
Hiçbir şeylere değişmem.

Şimdi yaşamak istemiyor.

(davamı…)