Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Archive for June, 2010

Poeziya

June 30, 2010

Mövlanə Cəlaləddin Rumidən möhtəşəm şeirlər


Gitme, istəməm!

Demek sen böyle salına salına bensiz gidiyorsun,
Ey cаnımın cаnı.
Еy, dostların canına can katan,
gül bahçesine böyle bensiz gitme, istemem.
İstemem, ey gökkubbe, bensiz dönme.
İstemem, ey ay, bensiz doğma.
İstemem, ey yeryüzü, bensiz durma.
Bensiz geçme, ey zaman, istemem.
Sen benimle beraberken
Hem bu dünya güzel bana, hem o dünya güzel.
İstemem, bensiz kalma bu dünyada sen,
o dünyaya bensiz gitme, istemem.
İstemem, ey dizgin, bensiz at sürme.
İstemem, ey dil, bensiz okuma.
İstemem, ey göz, bensiz görme.
Bensiz uçup gitme, ey ruh, istemem.
Senin aydınlığındır aya ışığını veren geceleyin
Ben bir geceyim, sen bir aysın madem,
gökyüzünde bensiz gitme, istemem
Gül sayesinde yanmaktan kurtufan dikene bak bir.
Sen gülsün, bense senin dikeninim madem,
gül bahçesine bensiz gitme, istemem.
senin gözün bende iken
ben senin çevgänın önündeyimdir.
Ne olur, öylece bak dur bana,
bırakıp gitme beni, istemem.
O güzelle berabersen, sen ey neşe,
istemem, sakın içme bensiz.
Hünkärın damına çıkarsan, ey bekçi,
sakın bensiz çıkma, istemem.
Bir şey yoksa bu yolda senden,
bitik bu yola düşenlerin hali.
Ben senin izindeyim, ey izi görünmez dost,
bensiz gitme, istemem.
Ne yazık ki bu yola bilmeden rasgele girene!
Sen ay, gideceğim yolu bilen,
sen ey yolumun ışığı, sen ey benim değneğim,
bensiz gitme, istemem.
Onlar sadece aşk diyorlar sana,
oysa aşk sultanımsın sen benim.
Ey, hiç kimsenin düşüne sığmayan dost,
bensiz gitme, istemem.

(davamı…)

Poeziya

İki polşa şairindən nümunələr


Leopold Staff (1878-1957) - XX əsrin ən çox oxunan şairlərindəndir. Hüquq, fəlsəfə və filologiya fakultələrində təhsil aldı. 1901 – ci ildə «Gedişlə bağlı yuxular» adlı şeir kitabı ilə modernizmin özünə məxsus şairlərindən biri kimi tanındı. 1918 – ci ildə artıq şairin doqquz şeir kitabı nəşr olunmuşdu. 1946 – cı ildə «Mart havası» kitabı nəşr olunub. Tərcüməçi kimi qədim yunan və latın dillərindən elədiyi tərcümələrdən başqa fransız, italyan və alman dillərindən elədiyi bir sıra tərcümələrlə də tanınır.

ARTIQ GÜNÜ QAPATMAQ İSTƏYİRDİM

Artıq günü qapatmaq istəyirdim
Oxunmuş bir kitab kimi
Bürünmək, qapqara bir sakitliyə
Yatmaq istəyirdim o böyük gücə.
Bütün ehtişamı ilə pəncərədən görünənə kimi dan qızıllığı -
sevinc və qorxu oyandıran gözəllik
yanğın kimi alov saçan
bir orkestr kimi sakitliyi pozan.
Bu da yeni bir gün, yeni bir dünya
minlərlə dan işıqları oynaşır içimdə
yüksəlirəm barmaqlarımın ucuna
Dayanıram upuzun bir pilləkənin qarşısında

Viklina 1954 – cü il

(davamı…)

Maraqlı, Müsahibə

Postmodernizm nədir? – 10 SUAL – 10 CAVAB

Ədəbiyyatda və memarlıqda istifadə olunmağa başlanan bu qavram siyasi ədəbiyyatımıza da daxil oldu.
Son günlərdə «postmodernizm» qavramı özəlliklə siyasi mövzularda çox işlənməyə başlandı. ABŞ Kembrij Universiteti Sosyologiya Bölümünün professoru Prof. Dr. Əli Akaya postmodernizmlə bağlı 10 sualla mürajiət etdik

1 – Postmodernizm nədir?

- Bir çox mənası var. Moderndən öncə, moderndən sonra, eklektizm, avanqard yəni qabaqcıl olmaq, şəxsiyyətləşmə, camaatlaşma olaraq işlənir.

2 – Bu qavram nə zamandan işlənməyə başlanıb?

- 1960 – cı illərdən etibarən işlənir. Öncə ədəbiyatda, 1970 – cı illərdə heykəltaraşlıqda işləndi. 1979 – cu ildə Jon Fransis Lyotardın “Postmodern Durum” adlı kitabıyla bir mübahisə başladı.

3 – Modernleşmə siyasətimiz bizim postmodernizmə açılışımızı dahamı asanlaşdırır?

- Türkiyə olduqca modern bir ölkədir. Hərkəs yeniliyə tez qəbul edir. Hətta İslami düşüncə də modernliyi ortaya qoyur. Türkiyə məsələn bir Fransa kimi çox tez yeni texnologiyalara ayaq uydurur.

4 – Alışdığımız hadisələrdən başqa hər şey postmoderndirmi? “Ordular çevriliş həyata keçirir, onun xaricindəki müdaxilələri postmoderndir.» şəklində bir tanımlama keçərlidimi? 28 fevral məsəlçün…

- Həm əsgər, həm də vətəndaş idarəsi, 28 fevraldan da, cümhuriyyətin başından etibarən də var. Eklektizm mənasında, onsuz da elə əvvəldən bizim demokratiyamızın özü postmoderndir. Demokratik və əsgəri idarə heterogen bir şəkildə birbirlərinə bağlıdırlar. Lyotardın bu qavramı “qabaqcıl” mənasında işlətdiyini nəzərə alsaq, 28 fevrala postmodern anlamını yükləyə bilərik. Amma postmoderni eyni zamanda “gücsüzlük” yəni içəriyin olmaması mənasıyla ələ almalı olsaq, o zaman 28 fevral postmodern bir müdaxilə deyil. Çünki o, məqsədli, yəni dünyəvilik və Kamalizm adına gerçəkləşdirilən bir hərəkatdır.

(davamı…)

Köşə

Cəlil Cavanşir: Nəğməkarın son nəğməsi Və ya Vüqar Əhməd özünü necə ifşa etdi?

Maraqlıdır ki, bir çox qələm adamları 40 yaşı keçən kimi tənqidə qarşı dözümsüz olurlar. Tənqidə ikrahla, qəzəblə yanaşırlar. Tənqid eşidəndə qızarıb-bozarmaqla qalmayan bu tip “qocalar” tənqidi fikir bildirəni təhqir etməkdən də çəkinmirlər. Onu da bildirim ki, nə qədər bu “qocalar” tənqidə qarşı dözümsüz, bəzi gənclərimiz isə yaltaq olacaq ədəbiyyatımızın da inkişafı ləngiyəcək.
Ədəbiyyatımızın ciddi şəkildə inkişaf edə bilməməsinin bir səbəbi də məhz bizim ədəbi tənqidimizin zəif olması, ədəbi tənqid adına iddialı olan yazıların müəyyən qonaqlıq sonrası və ya para qarşılığı yazılmasıdır. Əslində ədəbi tənqidlə bağlı yazmaq fikrində deyiləm. Əgər bu mövzuya müraciət olunsa çox uzun bir yazı alınar. Hələliksə ciddi ədəbi tənqidin gözündən yayınan, özündən razı və müştəbeh nəğməkardan daha doğrusu özünün nəğməkar-şair olduğunu iddia edən Vüqar Əhməddən söz açmaq fikrindəyəm. O Vüqar Əhməd ki, 20 il AzTV-də çalışmasına baxmayaraq bir nəfər də gənc şairə, gənc qələm adamına yardım etməyib. Özünün dayaz şeirlərinə bəstələnmiş mahnılarını oxuyan müğənniləri efirə buraxmaqla mədəniyyətimizə də ciddi zərbə vurub. Bir dənə də olsun mənalı misrasını xatırlaya bilmədiyim V.Əhməd ötən günlərin birində ATV-nin “El içində” verlişində qonaq idi. Bu sətirlərin müəllifi də publisist qismində həmin verilişdə iştirak edirdi. Öz dayaz şeirlərinin, mənasız mətnlərinin məsuliyyətini anlayamayan, 50-yə yaxın yaşı, 100 kq-dan artıq çəkisi olan V.Əhməd utanıb-qızarmadan mahnı mətinlərinə münasibət bildirmək iddiasında idi. Çəkiliş başlayana qədər isti-isti verlişin aparıcısı E.Əlibəyliyə yarınan, “Xalq sizi tələb edir” deyib özünü sığortalamağa çalışan V.Əhməd az keçmədi ki, tənqidə qarşı dözümsüzlüyünü, göstərdi, əxlaqi problemlərini biruzə verdi. Xüsusilə əlini gənclərə tərəf uzadıb, “Mən gəncləri oxuyuram, gəncləri dəstəkləyirəm”-deyən V.Əhməd az keçmədi ki, iç üzünü göstərdi.
(davamı…)

Poeziya

June 28, 2010

Aysel Əlizadənin Alikə yazdığı şeir

Kasıb vaxtımda gəldin, şairim
Adamlar hamısı xərcləndi
Heç qalıq da qalmadı birindən
ən kökündən də heç nə qalmadı.
- adamlar ölməyə başladı…

…yorğunam…

- Sakitliksən… Qadınsan…Susma…

Kişi olmayan şairlər
Şair olmayan kişilər
Hamısı qadından danışır.
Kişinin yeri qadındır
Sənin yerindir.
(davamı…)

Proza

Uliyam Folkner: Saçlar

Yazıq qızcığaz Syuzən Rid yetim qalmışdı. O, Berçetlər ailəsində yaşayırdı.

Deyilənə görə, bu ailənin iki və ya üç uşağı da vardı. Syuzən isə ya onların doğmaca qardaşı qızı, ya əmi uşağı, ya da ki, yaxın qohumuydu.

Belə hallarda olduğu kimi bu ailənin başçısı haqqında müxtəlif şayiələr dolaşırdı. Misis Berçetti də yaddan çıxartmırdılar.

Xüsusən də qadınlar.

Pinkerton bu şəhərə ilk dəfə gələndə hələ qızcığazın beş yaşı da yox idi. Missis Berçett Syuzənin saçını birinci dəfə qırxdırmağa gətirəndə, o – Pinkerton Maksinin bərbərxanasında ilk yayını keçirirdi.

Maksi özü mənə danışdı ki, Missis Berçett üç gün dalbadal Syuzəni bərbərxanaya gətirməyə cəhd etmişdi (o zaman bu qızcığaz çox arıq idi. Gözləri qorxudan böyümüş, qalın şümal saçlarının rəngi nə ağımtıl, nə də qara idi).

Ən qəribəsi o idi ki, – bunu Maksi nağıl edirdi, – indiyədək şəhərdə nə kişilərlə, nə də qadınlarla «bəli», «xeyir» sözlərindən savayı, bir kəlmə kəsməyən Pinkerton onların arxasınca küçəyə çıxmış, qızcığazı içəri keçməyə razı salmaq üçün 15 dəqiqəyə kimi onunla danışmışdı.

- Vallah ayrı cür ola bilməz, o, yalnız Syuzəni gözləyirdi, – deyə Maksi and içirdi. Bu qızcığazın bərbərxanaya ilk gəlişi belə olmuşdu. Elə Pinkerton da onun saçlarını kəsmişdi. O isə ürkək dovşan balası kimi ağ mələfənin altında büzüşüb oturmuşdu. Yarım il keçəndən sonra o, artıq bərbərxanaya gəlirsə də, saçlarını əvvəlkitək Pinkertona kəsdiməyə razılıq verirdi.

Syuzən yenə də dovşan balasını xatırladırdı. Gözləri və sifəti qorxu ifadə edirdi.

Mələfə üstünə tökülmüş saçlarının nə rəngdə olduğunu demək çətin idi. Maksi danışırdı ki, qızcığaz içəri girən vaxt, əgər Pinkerton məşğul olsaydı, o, sakitcə ona yaxın yerdə oturar, bərbərin işini qurtarmasını gözləyərdi.

Artıq hamı Syuzənə hər şənbə Pinkertonun yanına gələn müştərilərdən biri kimi baxırdı.

Belə bir hadisə olmuşdu. İkinci bərbər Mətt Foks Pinkerton məşğul olduğu üçün qızın saçını kəsmək istəmişdi. Bunu görən Pinkerton ucadan qışqıraraq: «Yox-yox lazım deyil. İndi mən özüm qırxaram»- demişdi.

Bir ilə yaxın işləməsinə baxmayaraq, hələ heç kəs Pinkertonun kimisə təngə gətirdiyini görməmişdi – deyə Maksi söhbətinə davam etdi. Həmin ilin payızından qızcığaz məktəbə getməyə başladı.

Və gündə iki dəfə – səhər və günorta bərbərxananın yanından keçməli olurdu.

O, yenə əvvəlkitək qorxa-qorxa, xırda balıq sayağı sürüşüb keçir, pəncərədən təkcə onun sarı-qonur başı görünür, ani olaraq yoxa çıxırdı. Elə bil qızcığaz konki üstündə gəzirdi.

O, əvvəllər məktəbə tək gedirdi. Sonralar ona bir neçə uşaq da qoşuldu.

Qızlar qışqıra-qışqıra bərbərxanaya baxmadan keçirdilər. Pinkerton isə həmin vaxt pəncərədən boylanıb, onların arasında Syuzəni axtarırdı.

(davamı…)

Proza

Ramiz Rövşən: Yağışlı bir günün günortasında

Yağışlı bir günün günortasında kəndin ortasında bir yük maşını dayandı.Sürücü düşdü.

Bizim əsgərlər düşdülər.

Maşındakıları düşürtdülər.

Bu kəndin böyründən dəmir yolu çəkmək istəyirdilər.

Neçə günüydü kəndə xəbər yayılmışdı ki, bəs nemes plenlərini gətirib işlədəcəklər və neçə günüydü ki, camaatın yuxusuna əcaib-əcaib şeylər girirdi.

Ancaq maşından düşürülən nemes plenlərini görəndə Mikayıl kişi ağzını doldurub tüpürdü:

- Pay atonnan, adam yiyəsi!.. – dedi. – Bunlar lap narmalni adamlarıymışlar ki!..

Elə bil bu nemes plenləri mütləq əcaib adamlar olmalıydılar və “normalni” adam olmaqla çox yekə bir cinayət eləmişdilər.

Ancaq Mikayıl kişinin gözü bu “normalni” adamların arasında da bir əcaibini tapdı; həmin əcaib nemesin saqqalı vardı, bığı yoxdu.

İbrahim o bığsız saqqalı görən kimi qəhqəhə çəkdi.

İbrahimin anası davada ölən ərinin qara, eşmə bığını yada salıb hönkürdü.

Tərs kimi elə bu vaxt yağış da kəsdi və hamı gördü ki, anası ağlayır, İbrahim gülür.

İbrahimin anası da bunu gördü, çöndü, İbrahimin qulağının dibindən bir tərs şapalaq tutuzdurdu və elə o cür, ağlaya-ağlaya yerindən götürüldü, cumdu o saqqalı olan-bığı olmayan nemesin üstünə, bir əliynən saqqalından yapışdı, bir əliynən yaxasından, – dartdı, diz üstə gətirdi yerə, yumruqla ki yumruqlayasan, təpiklə ki təpikləyəsən.

Nemes olan bəndə, heç denən səsini çıxardırsan? Ay tövbə!..

Mikayıl kişi olmasaydı, o yazığın işi bitmişdi.

Mikayıl kişi birtəhər, güc-bəlaynan İbrahimin anasını tutub çəkdi qırağa, ha dartındı – buraxmadı və İbrahimin anası bir az da bərkdən ağladı.

Bu dəfə o biri arvadlar da qoşuldular İbrahimin anasına, ağlaşdılar.

(davamı…)

Proza

June 27, 2010

Alpay Azər: Qız psixoloqu

Əmanəti verən nyu-yorklu biznesmen Condur, çatdırmalı olan isə Tovuzdan olan, Moskvanın böyük topdansatış meyvə bazalarının birində işləyən biznesmen otuz dörd yaşlı Veysəldir. Con iki yüz əlli dolları Veysəllə Moskvadakı məşuqəsi, ginekoloq işləyən iyirmi səkkiz yaşlı Yekaterinaya göndərir. Conla Veysəl biznes partnoylarıdırlar, Con il ərzində çox vaxt Moskvada olur, gəmilərlə Amerikadan gələn meyvə-tərəvəzi Moskvanın böyük bazarlarına çatdırılması işlərinə baxır, boş vaxtlarında Veysəllə bazlığa, saunaya, gecə klublarına, qız striptizinə tamaşa eləməyə gedir. Əvvəllər bir yerdə ayda bir dəfə gecəsi səkkiz yüz – min dollar qiyməti olan elit fahişələri çağırırıdılar, Con Yekaterinanı, qısaca deyək Katyanı tapandan sonra gecə klublarının birində tanış olub evlərinə getmişdi, sonra da münasibətləri yaxınlıqla nəticələnmişdi, beləcə fahişələrdən uzaqlaşmışdı.
Nyu-Yorkdan Moskvaya uçan Veysəlin təyyarədə ağlına gəldiyi ilk suallardan biri “Görən bu Katya nətəhər şeydi?” oldu. Moskvaya səhər enən Veysəl ofisə getdi, işçilərinə tapşırıqlarını verdi, banka dəydi, pul çıxartdı, lazımi zənglərini elədi, arada iki-üç məşuqəsinə sms atdı ki, “mən artıq Moskvadayam, orijinal hədiyyələr almışam”, yəni hazırlaşın, tezliklə “görüşəcəyik”, ən əsası Katyaya zəng edib ertəsi gün axşama görüş təyin etdi.
Axşam evə gəldi, cakkuzidə su masajı qəbul elədi, çimdi, fenləndi, qoltuqlarının altına anti-prespirant sürtdü, üzünü “Braun”la qırxdı, yekə plazma ekranlı televizoru açdı, Moskvada otura-otura, çiyələk mürəbbəsi ilə kəkotulu çay içə-içə ANS kanalından ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti mənasız səfəri ilə bağlı reportaja baxdı, amma deyilənləri yox, ancaq diktorun səsini eşitdi, o artıq plan cızmağa başlamışdı: Katya ilə münasibətləri necə qurmalı, söhbəti nədən başlamalı, hansı kafeyə dəvət etməli və s. Bir sözlə Katyanın səsi Veysəlin xoşuna gəlmişdi.
(davamı…)

Proza

Əfqan Nəsirli: TƏRSLİK

O gün bərk əsəbiləşdim. Sanki ürəyimdə nə tutmuşdumsa, bütün işlərim tərsinə oldu. Hər görəcəyim işdə bir problem yarandı. İşlərimin tərs gətirməsinin səbəbini axtardım. Ancaq elə bir tutarlı əsas olmadı. Heç kim haqqında pis düşünməmişdim. Hamıya gülərüzlə cavab vermişdim. Hətta evdə yoldaşımla da mehribanlıqla danışmışdım. Cibimdə pul az olmasına baxmayaraq uşaqların qəlbini qırmamamaq üçün nə istəmişdilərsə almışdım. Səhər evdən çıxanda da qarşıma qonşulardan heç kim çıxmamışdı. Hətta qarşımdan nə qara pişik keçmişdi, nə də it. Bəs görən işlərin düz gətirməməsinə səbəb nə ola bilərdi? Nə qədər düşündümsə də bir cavab tapa bilmədim. Artıq saat beşə az qalırdı. Düşündüm ki, əgər indiyə kimi bir işim düz gətirməyibsə, bundan sonra da bu gün hər hansı bir problem dalınca getmək mənasızdır. Onsuz da alınmayacaq. Bu isti havada da indidən evə gedib nə edəcəkdim. Vaxt öldürmək üçün dostum Vahidə zəng etdim. Vahid yaşca məndən böyük idi. Arıq, uzunboy bədəni vardı. Saçını daim arxaya darayardı. Geyimində səliqə-səhman əskik olmazdı. Zəngin biliyə malik olan Vahid, həm də çoxlu lətifələr və məsəllər bilirdi. Çətin anlarda ona müraciət edir, bir az dərdləşib, ürəyimi boşaldıb yüngülləşirdim. Telefonu gec açdı:
(davamı…)

Məqalə

June 26, 2010

Həmid Herisçi: REYTİNQİN QURBANLARI

Televizorun düyməsini basıram, ekran anında işıqlanır… Günəş şüaları mane olur deyə, pencərəmin pərdəsini çəkirəm… ANS-in növbəti verilişi…Telejurnalist Sevil Nuriyeva ekrandan gülümsəyir, həmsöhbəti-keçmiş İran şahbanusu Fərəh Dibayla demokratiya, insan hüquqları, Azərbaycan türkü barədə nöqtəli-vergüllü uzun-uzadı söhbət aparır… Nəysə, əsəblərim tarıma çəkilir… Müsahibənin sonunda Sevil xanım xahiş edir ki, şahbanu Bakı tamaşaçılarına azəricə qısaca salam göndərsin. Şahbanunun ağzından sanki qədim paslı qıfıl düşür, nəhayət ki, o öz tamaşaçılarına türkcə bir iki cümləlik salam göndərir…
Sevil xanım da mutludur, şahbanu da…
Mən isə həmin bu gecikmiş… vaxtı çoxdan ötmüş salama bir başqa əlavə də edərdim, icazə versəydiz, xanım-şahbanular. Deyərdim kadrarxası bir səslə, mərhum Səməndər Rzayevin divarları silkələyən hayqırtısıyla: “Bu Şahbanunun təmsil etdiyi Pəhləvi istibdadı zamanı Güney Azərbaycanın ictimai yerlərində, xüsusən təhsil ocaqlarınında azəricə qonuşmaq qəti qadağan edilimişdi. Qadağanı pozanlar əvvəlcə 20, sonra 50, 100… tümən cərimə ödəyirdilər… Hər sinifdə belə pulların yığıldığı qara bir qutu vardı… Sonra bu pullar ən yaxşı (satqın!) tələbəyə mükafat kimi təqdim olunardı, bəli…”
Səməndər Rzayevin səsini kadrarxasında kəsən andaca, mən keçərdim öz səsimə, öz ahəngimə. Deyərdim azca kədərli bir ovqatla: “Şahbanu, xahiş edirəm, türkcə ictimai yerdə danışdığınıza görə cərimə ödəməlisiniz. Əvvəlcə 20 tümən. Səhvinizi təkrarlasanız, çaşıb bir də türkcə danışsanız, bu cərimə ikiqat artacaq. Həmin o pulu sonra biz mükafat kimi “ilin ən yaxşı jurnalistinə” təqdim edəcəyik”…
Həə, Şimali Azərbaycan TV ulduzu Sevil Nuriyevanın şahbanuyla söhbəti bax bu nidalarla bitsəydi, bəli, işlər olardı yaxşı. O cəriməyə gəldikdə, bu məbləği mən mütləq ölkəmizin ən tərəfsiz, müstəqil, vicdanlı, qərəzsiz telekanallarına verərdim.
Niyə?
Aşağıda dediklərimlə tanış olduqdan sonra siz özünüz də buna can-başla əməl edərdiniz.

(davamı…)

Proza

Sahilə İbrahimova: Zırrama

Mən bu vəzifəyə lapdan gəldim və hamını heyrətə gətirdim.

Çünki hamı mənim zırrama olduğumu, iki eşşəyin arpasını bölə bilmədiyimi bilirdi. Amma bu mənim vecimə də deyildi.

Məgər məmləkətimizdəki vəzifə sahiblərinin hamısı iki eşşəyin arpasını bölməyə qadirdilərmi?

Zırrama məmurlardan mən zırramanın nəyi əksikdi ki? Bir odu ki, o zırramalar xüsusi tapşırıqlar, rüşvətlər hesabına vəzifəyə gəlmişlər, mənimsə başıma “şahlıq quşu” qonmuşdu.

Mənim bu vəzifəyə gəlişim lap cənab Mirielin Napaleonla qarşılaşması səhnəsindəki kimi olmuşdu. Soruşursunuz ki, cənab Mirielin Napaleonla qarşılaşması səhnəsi necə olmuşdu?

Əgər siz Viktor Hüqonun “Səfillər” əsərini vaxtında oxusaydız, indi bunu məndən soruşmazdız.

Mən nə qədər zırrama olsam da, institutda oxuduğum illər müəllimim güclə bunu mənə oxutdurmuşdu. Yazıq müəllimim. İndi özü səfildi, səfil professor…

Artıq qocalmış heç kəsə lazım olmayan keşiş Miriel təsadüfən Napaleonla üz-üzə gəlmişdi. Napaleon qəfil geri dönərək kəskin şəkildə soruşmuşdu:

- Mərhəmətli insan, niyə mənə elə baxırsan?

- Əlahəzrət, siz qarşınızda mərhəmətli birini görürsünüz, mən isə böyük bir insan seyr edirəm. Hər birimiz bu tamaşadan özümüz üçün bir fayda ala bilərik – deyə Miriel cavab vermişdi. Elə həmin hadisədən bir müddət sonra cənab Miriel Cin şəhərinin yepiskopu təyin edilmişdi.

Mənim özümü yepiskopla müqayisə etməyim düzgün olmasa da, hər ikimiz bir “tamaşadan” sonra xoşbəxtliyə nail olmuşduq. Miriel Napaleonu, mən isə baş aça bilmədiyim əsərə tamaşa edərkən…

(davamı…)

Proza

QOTLER: Yarasa

Qəribə olan o idi ki, evdə məndən başqa heç kimin olmadığını ovcumun içi kimi bilirdim. Odur ki, darıxırdım. Bizimkilərin hara getdiyini xatırlamıram. Orası yadımda deyil…
Həyətə düşmək üçün ensiz dəhlizdə arxayınlıqla ayaqqabımı geyinirdim. Qəfil qulağıma səs dəydi. Kiminsə məni arxadan çağırdığını eşitdim və cəld çevrildim. Divara vurulmuş güzgüdəki əksimlə üz-üzə durdum. Bir anlıq mənə elə gəldi ki, gördüyüm başqa adamdı. Ona görə də diksindim. Fikirli adam başını qaldırıb qəfil qarşısında ruh görə, necə olar?
Güzgüyə yapışan gözlərim ölü gözlərinə döndü. Bax əsil inanılmaz şey bu idi: Mən bir anın içində albinoz xəstəsi olmuşdum. Yəni başımın bütün tükləri ağarmışdı. Qara qıvrım saçlarım, qaşım, kirpiyim ağappaq idi. Tüklərim biz-biz durdu. Hətta axşamın o ayaqqabımı geyindiyim anına qədər nə vaxt bu görkəmə girdiyimi də hiss eləməmişdim. Bəlkə də elə məndən başqa heç kimin olmadığı evdə adımla çağırılanda hər şey dəyişdi? Bunu dəqiq bilmirəm. Güzgünün qabağında quruyub qalmışdım. Bədənimdən bir civilti keçdi. Donmuş qanım şırıltıyla damarlarımdan axmağa başladı. Hanan-hana əlimi qaldırıb ehtiyatla saçıma sürtdüm. Hiss elədim. Elə onda dərk elədim ki, ölməmişəm. Nə ruh zad? Qarşımdakı da özüməm. Bu xəstəliyin anadangəlmə olduğunu lap yaxşı bilirdim. Amma mən otuz yaşımda bir necə anın içində albinoz olmuşdum. Doğrudur bunu kimə desəm inanmazdı. Bax əsil qəribəlik də elə bu idi. İnanılmaz və mümkünsüz olan bir şey axşamın adi bir vaxtında başıma gəlmişdi və mən təpədən dırnağa qədər həqiqətən ruh görən adam kimi şokdaydım.
Həyəcandan havam çatışmadı. Pəjmürdə halda həyətə çıxdım. Toran qovuşmuşdu. Göyün üzündə parça-parça boz buludlar diyirlənirdi. Dopdolu ay isə bacardığı qədər qaranlığın qarşısını kəsməyə çalışırdı. Birdən ağarmış gur saçıma nə isə çırpıldı və yenə uçdu. Ətim ürpəşdi. Qeyri-ixtiyari əlimi başımın üstündə yellədim. O, yenə bir göz qırpımında qulağımın yanına tərs şillə kimi çırpıldı. Bu dəfə fikrim havada olduğundan mənə hücum edənin yarasa olduğunu dəqiq gördüm. Başımı qorumağa çalışdıqca yarasa yuvasına çöp soxulmuş arı əsəbiylə üstümə gəlirdi. Bəlkə də ağ saçlarımın xışıltısını, ya da təlaşlı ürəyimin gumbultusunu eşitdiyi üçün daha da cəsarətlənirdi. Dəqiq bilmirəm. Onu görürdüm ki, yarasa iti hərəkətləriylə havada hərbi təyyarə kimi manevr edib özünü sağ tərəfdən yenə də qulağıma çırpırdı. Bu dəfə ürpənməkdən çox əsəbiləşdim. Düzdü yarasadan qorxmurdum. Amma qəfil onun saçıma çırpılması, caynaqlı qanadını qulağımın seyvanına vurması və çox incə civiltisiylə dişimi qamaşdırması mənə açıq gəlirdi. Birdən yarasa gözümdən itdi. Onu havada axtara-axtara qaldım.
(davamı…)

Ədəbi tənqid

Qəşəm Nəcəfzadə: “Gözlərimdən axan damla, buxarlanma”


(Şairə Nuranə Nurun şeirləri haqqında)

Gənc şairə Nuranə Nurun şeirlərin 5 ildən çoxdur ki, həm mətbuatdan oxuyur, həm də ədəbi-bədii gecələrdə öz dilindən eşidirəm. Və mənə elə gəlir ki, Nuranə Nurun şeirləri öz səsinin üstündə yazılıb və bir az ehtiyatlılıq tələb edir ki, bu şeirləri başqa bir səsə köçürəndə şeirin qanadları sınmasın. Özü şeirlərini gözəl ifa eləyir. Məsələn, yeri gələndə səsi yavaşıyır, bəzəndə elə olur ki, hər hansı bir misranın üstünə səsini elə çırpır ki, az qala misra çilik-çilik olsun. Deməli, o şeirlərdəki fikirləri yaxşı tanıdığından, həyatda onları necə görübsə, o cürdə misraların üstünə “qışqırır”, bəzən də yazığı gəldiyindənmi hər hansı bir həyat detalının ifadə edən bir misranın başını sığallayır, ona ürək-dirək verir. Xaricən sakit görünsə də Nuranə Nur zərif ağ kəpənək qədər əsəbidir. Bəzən insanlarda ləng əsəb olur. Amma Nuranə Nurun şeirlərindəki əsəb çəld, çevik və daim hərəkətdə olan əsəbdir. Şair üçün, məncə bu, vacib şərtdir.
Mənə elə gəlir ki, Nuranə xanım şeirlərində təkcə həyatı ifadə etmir, həyatla söhbət eləyir, onu danışdırır və həm də araşdırır. O, hər bir şeirində ifadə etdiyi həyatla öz haqq-hesabını çəkir. Tutaq ki, o qızına şeir yazsaydı, bəlkə də yazıb, dəqiq bilmirəm onun bu şeiri qızı ilə söhbətə çevriləcəkdi. Məsələn, o, qızına deyə bilərdi ki, ayaqqıblarını niyə palçığa batırmısan, bu sualda güclü ton olmalıydı və yaxud o, qayıdıb qızına belə də deyə bilərdi ki, ay qızım, nə gözəl şəkil çəkmisən, şübhəsiz, burada səs bir az yumşaq görünərdi. Dediyim bu konteksti Nuranənin başqa şeirlərinin üzərinə köçürsək, çox aydın görərik ki, onun şeirləri başqalarından fərqlənir. Şeirləri dialoqlarla, dramaturuji elementlərlə zəngindir. Nuranə Nur həyata əl verir, danışıır, onu qəbul edur, ya etmir, əsəbləşir və ya sevinir, bütün bunlar onun şeirlərinin əsas elementləridir.

(davamı…)

Proza

June 25, 2010

ANAR: Muhakkak görürüz – mütləq görüşərik

İlk gənclik illərindən qiyabi sevdiyim Türkiyəni ora səfərlərim nəticəsində daha yaxından tanıdım və 93-cü ildə İstanbulda yeddi ay yaşadıqdan sonra bu ölkəni, bu xalqı daha çox sevdim. Bir çox dəyərli insanlarla tanış oldum. Onların Azərbaycandakı faciəvi hadisələrə, Qarabağ müsibətinə necə də ürəkdən yandıqlarını, bizə hər cür yardım göstərmək arzusuyla çırpındıqlarının şahidi oldum. Türkiyəni ikinci vətənim sayıram. Birinci vətənimdə – Azərbaycanda gördüyüm naqisliklər, çatışmazlıqlar haqqında tənqidi, satirik yazılar yazdığım kimi, ikinci vətənimdə bəzi xətaları müşahidə etdikcə, sözünü tutmayan, vədinə əməl etməyən, havayı söz danışan adamlarla rastlaşdıqca bu barədə susmaq istəmədim. «Mühakkak görüşürüz» hekayəsi də bu hisslərdən yaranıb. Məncə vətəni sevmək – onu hər cür qüsurlardan, boşboğaz adamlardan xali görəmək istəyidir. Və qələmi bu məqsədə yönəltməkdir. Hekayə Azəri ədəbiyyatının fədakar dostu, yorulmaz təbliğatçısı, sözü bütöv xeyirxah və çox dəqiq insan olan doktor İldəniz Qurtulana ithaf olunub. Bu ithafın səbəbi isə hekayədən aydınlaşır.

16 yanvar 1994, Bakı

(davamı…)

Proza

Jalə: Heykəlin içindəki

- Vaxtında Bakıda bir xaraba alsaydı, indi çöllərə düşməzdik…

Yenə qardaşımdır. Yenə atamın qarasına deyinir. Mən yenə gülümsəyirəm onun deyinməsinə, yola verməyə çalışıram.

Əsəblərimiz ayaq üstündədir – biz yenə köçürük.

Kirayə ev dəyişməkdən birtəhər olmuşuq.

Bunun çox əyləncəli tərəfləri də var, düzdü, amma yeni yerə öyrəşənə qədər də bizimki bizə dəyir. Əslində, yalnız mən beləyəm. Qardaşım üçünsə qonşusunda qəşəng qızlar olan hər yer cənnətdir.

Sənətkar olub mənimçün.

…İndi dördüncü mərtəbədə yaşayacaqdıq. Bu mərtəbədə liftin qapısını bağlayıblar. Buna görə də qardaşımın deyinməsi daha böyük vüsət alıb. Axşama kimi 3-4 dostuyla bərabər ancaq ki əşyaları daşıyıb qurtardı.

Mən də yerbəyer elədim birtəhər. İndi də mən deyinirdim – hər şeyi bir-birinə qarışdırmışdılar. Boşqablar pal-paltarın içindən çıxırdı, ayaqqabıların hər tayı bir qutudan. Kitablarımın taleyi isə daha acınacaqlı idi – bəziləri xörək yağına bulaşmışdı.

Və mən hirsimdən illik deyinmək planımı doldurmaqdaydım.

Gecə 12-də mətbəxdə çay içməyə otura bildik axır ki. Qardaşım son qurtumunu alıb ayağa durdu:

- Mən düşüm uşaqların yanına, gələcəm, sən yat.

- Ona görə evi buradan tapdın ki, kefin istəyəndə gedib avaraları görəsən də. İstəyirsən, heç gəlmə – mən də belə dedim.

Qardaşım yəqin ki, son sözlərimi eşitmədi, evdən çıxmışdı artıq.

(davamı…)

Poeziya

Nərmin Hüseynzadə: Sadəcə şeir…


Of, necə kədərli gecədir,
dost
Darıxıram,ağlayıram,düşünürəm
İlk dəfə
bu qədər işin hamısını
eyni anda görürəm
yoruluram…
Bir qurtum çayla
Böyük bir
Şokolat parçası yeyirəm
Qulaqlarımı musiqidən asıram
Təkəm,dost
(davamı…)

Poeziya

XOSROV BARIŞAN: İki şeir (TƏBRİZDƏN)


ÇAXIRLAR DÖYÜŞÜ

Bax …
Ey insan bax…
Dünyaya yalnız
Silahların
Arpacıq dəliyindən
Bax!
(davamı…)

Proza

June 24, 2010

Xorxe Luis Borxes: Ölümsüz

Sesiliya İnxenyerosa ithaf olunur

Solomon dedi: „ Yer üzündə heç nə yeni deyil”. Platon isə onun fikrini tamamladı: „Yeni olan hər şey sadəcə bir xatirədir”. Ona görə də yeni sayılan hər şeyin yaxşı unudulmuş köhnə olması haqqındakı müdrik fikir Solomona məxsusdur. Frensis Bekon. „Təcrübələr”. LVIII (ing.)

***

1929-cu ilin iyun ayında əslən İzmirdən olan əntiqfüruş Jozef Kartafil Londonda knyaginya Lüsenjə Aleksandr Popun „İliada” əsərinin (1715-1720) kiçik formatlı altı cildliyini göstərmişdi.
Knyaginya tərəddüd etmədən kitabları almışdı. Bu zaman əntiqfüruşla aralarında qısa söhbət də olmuşdu.
Sonralar knyaginya xatırlayırdı ki, ona qədim kitabları satan adam tamam qocalıb əldən düşmüşdü; sifəti cadarlanmış torpağı xatırladırdı. Boz gözləri və bomboz saqqalı vardı. Üzü qətiyyən yaddaqalan deyildi.
Yozef Kartafil bir neçə dildə eyni dərəcədə asanlıqla və eyni səhvlərlə danışmağı bacarırdı.
Çox da uzun çəkməyən ünsiyyət zamanı o, ingilis dilindən fransızcaya, sonra Salonikidə danışılan ispan dilinə keçmiş, axırda isə söhbəti Makao adasında istifadə olunan Portuqal dilində davam etdirmişdi.
Oktyabr ayında knyaginya „Zevs” gəmisinin bir sərnişinindən Kartafilin İzmirə qayıdarkən öldüyünü və İos adasında dəfn edildiyini eşitmişdi. Aşağıda verdiyimiz mətn isə „İliada”nın son cildinə yazılmışdı.
Orijinal ingilis dilində qələmə alınmışdı və orada çoxlu latın sözləri vardı. Mətnin tərcüməsini olduğu kimi təqdim edirik.

***

(davamı…)

Proza

Fridrix Dürrenmatt: Şahmat oyunu

Gənc prokuror öz sələfinin, qoca prokurorun dəfnində mərhumun yaxın dostu sayılan hakimlə tanış oldu.

Mərasim zamanı hakim dedi ki, hər ay rəhmətliklə şahmat oynayırmış. Gənc prokuror cavab verdi ki, (bu zaman onlar artıq krematoriyə çatmışdılar) o da şahmat həvəskarıdır.

Matəm mitinqi başa çatdıqdan sonra təzə tanışlar daha tabutun arxasınca qəbrə qədər getmədilər. Əvəzində qoca hakim gənc prokurora bir partiya şahmat oynamağı təklif etdi.

Prokuror təklifi qəbul elədi və onlar gələn şənbə gününə vədələşdilər. Prokurorun gənc xanımı da görüşə dəvət olundu. Hakimin evində isə ailə işlərini qızı idarə edirdi, çünki hakim dul idi.

Şənbə günü saat yeddidə gənc prokuror öz arvadı ilə birlikdə hakimgilə gəldi.

Hakimin evi hündür küknar ağaclarının bitdiyi parkla əhatə olunmuşdu. Ev şəhər kənarında, “ingilis məhəlləsi” deyilən ərazidə yerləşirdi və orada yalnız hakim yaşayırdı.

Ağaclardan quşların cikkiltisi eşidilir, Günəşin son şüaları bərq vururdu. Yemək əla, şərab isə misilsiz idi.

Yeməkdən sonra hakimin qızı ilə prokurorun arvadı qonaq otağına getdilər, kişilər isə kabinetə keçdilər.

Şahmat taxtası hazır vəziyyətdə idi. Qoca hakim konyak süzdü və onlar üzbəüz əyləşdilər, amma oyuna başlamazdan qabaq qoca hakim prokurora bir etirafda bulunmaq istəyində olduğunu bildirdi.

(davamı…)

Proza

Lion Feytxvanger: Sədaqət

Marşal əməlli-başlı qocalmış, tarixi şəxsiyyətə çevrilmiş, şan-şöhrəti də dərs kitablarını doldurmuşdu.

İndi minlərlə küçə, meydan və bir neçə şəhər onun adını daşıyırdı.

Artıq səkkiz il idi ki, öz sakit malikanəsinə çəkilib, siyasi çəkişmələrdən uzaqda yaşayırdı.

Günlərin bir günü Vətən ağır vəziyyətə düşdü.

Məlum oldu ki, marşaldan cavan olan altmış-yetmiş yaşlı şəxsiyyətlərin heç biri onun qədər nüfuzlu deyil və vətəni bu hərc-mərclikdən, fəlakətdən qurtara bilməzlər.

Beləliklə də, ona pənah apardılar və xahiş etdilər ki, vətənin sükanını təzədən öz etibarlı, düyünlü əlinə alsın.

Ulu qoca canlı heykələ bənzəyirdi. Əvvəlki ehtirası, həvəsi sönmüşdü.

Daha heç kəsi sevmirdi. Nifrət etdiyi kin-küdurət bəslədiyi adamların sayı da xeyli azalmışdı.

Həyatın bir çox sevinclərindən də məhrum olmuşdu.

Ancaq qəlbində səkkiz il əvvəlki hakimiyyətin həzin xatirələri hələ də titrəməkdəydi.

Axı adam biləndə ki, öz imzası ilə yüzlərlə, minlərlə insanın taleyini həll edir-getdikcə cavanlaşır, qüvvətlənir, həvəslənirdi.

Elə buna görə də marşal öz ürəyində Vətənin çağırışını qəbul etməyi qərara aldı. Jurnalistlər bayırda dayanıb, onun cavabını gözləyirdilər.

Malikanə uzaqda olduğu üçün telefon xətləri yoxlanmış qaydaya salınmışdı.

Marşal bilirdi ki, bütün dünya nəfəsini içinə çəkib, onun verəcəyi cavabı gözləyir.

Ancaq bir dəfə-düz əlli üç il bundan əvvəl düşünülməmiş addım atmış və qərara almışdı ki, cavab verəndə heç vaxt tələsməsin və indiyəcən də sözünün üstündə durmuşdu.

(davamı…)

Elan

June 23, 2010

Şair Murad Köhnəqaladan yeni ədəbi qəzet

Şair Murad Köhnəqalanın şef redaktorluğu ilə “Qədim Oğuz” adlı ədəbi qəzet nəşrə hazırlanır. Əvvəllər də nəşr olunan qəzet ictimai-siyasi qəzet kimi işıq üzü görüb. Qzetin yeni rəhbərliyi isə “Qədim Oğuz”un profilini dəyişərək onu ədəbiyyat qəzeti kimi nəşr etməyi qərara alıblar.
Bu işdə Murad Köhnəqalaya gənc yazar Mövlud Mövlud yardım edəcək.
Qəzet müəlliflərə dərc etdirmək istədikləri yazıları kohneqala@mail.ru ünvanına göndərmələrini xahiş edir.

Kultaz.Com

Poeziya

Vüsal Nurudan yeni şeirlər


Cəhənnəm nəğməsi.

Vurar başına ay işığı
əynindən kölgən düşər.
Elə bilərsən canındı,
qorxarsan,
sənə mələklər gülüşər.

Ölüm qorxuya dönüncə
dualar çırpılar divarlara
Tutub üzünü bir küncə
içində yellənər ruhun
ravvin kimi,
yalvara-yalvara
Eloxa!
Eloxa!
Ey adam,
sən bir sinaqoq kimisən!

(davamı…)

Proza

Cavidan: Zazunun anası

Biz təzə evə köçəndə ilk qarşımıza çıxan o oldu. Gözləri qaynayan, əndamı oynayan birisi idi.

Mənə “xoş gəlmisiz” desə də gözləri yoldaşımın ora-burasını ölçməklə məşğul idi.

Sonralar onu hər gün görməyə və eşitməyə məcbur olduq.

Hər səhər saat 5-6 arası onun beş yaşlı oğlu əlində batareyalı əcaib siqnal səsləri çıxaran oyuncaq maşın rulu, binanın və ətrafdakı həyət evlərinin sakinlərini oyadırdı.

Demək, bir məhəllə yuxarıda, şəhərin Kiçik Bazar məhəlləsinin başlanğıcındakı məscidin günbəzindən İran azançısının fanoqramı verildimi, bu uşaq da əlində həmin rul, dörd mərtəbə düşüb həyətdə binanın ətrafına dövrə vurar, siqnal verə-verə özü də maşın səsi çıxarar, sonra isə həyətdəki su quyusunun yanında oturub ucadan muğamat oxumağa başlayardı.

Hə, vallah, əməlli-başlı “aman, aman, yaaar, aman” deyə fəğan edərdi uşaq. Elə də gözəl səsi vardı ki…

Bu uşağa kimsə dinib bir söz deməzdi.

Mən belə başa düşdüm ki, binada artıq hamı öyrəncəlidir bu səhər konsertlərinə, çünki çox keçmədi ki, mən özüm də artıq qıcıqlanmadığımı, yuxumun qaçmadığını hiss elədim.

Uşağın adını kimsə bilmirdi. Anası başda olmaqla hamı ona Zazu deyirdi.

Zazunun daha bir sevimli məşğuliyyəti isə həyətdən yığdığı zir-zibili ümumi su quyusuna atmaq idi. Bir dəfə quyunu təmizləyəndə ordan nələr çıxmadı ki!

Qonşuların üstündə bir-birini oğru adlandırıb az qala məhkəməyə verəcəkləri zivədən “şpilka”qarışıq dartılıb götürülən pal-paltardan tutub voleybol toplarınadək, gəlinciklərədək, suçu qoca Vityanın yamaqlı kepkasınadək, quruya çıxıb özünü günə verən timsahabənzər Roza xalanın sevimli kətilinədək…

Camaat Zazunu söyür, anası da dördüncü mərtəbədən baxıb qəhqəhə çəkir, qonşuları biədəb söyüşlərə qonaq edirdi.

(davamı…)

Proza

Hikmət Carçılı: Ayrıldıqdan sonra…

O gün səndən ayrılandan sonra bütün gecə küçələrdə veyil-veyil dolaşmışam. Əzab çəkmişəm sənə dediyim sözləri düşünüb. Onda gözlərimi hirs qapamışdı qarşımdakının kim olduğunu, dediklərimin nələrdən ibarət olduğunu bilmirdim. Sən deyəndə ki, “çıx, get, səni görmək istəmirəm” birdən elə bil başımdan aşağı buz kimi su töküb məni qəflət yuxusundan ayıltdı kimsə və o an ürəyimdən nahaq bu gecə sənin görüşünə gəlmişəm deyə bir hiss keçdi ürəyimdən. Düşündüm ki, bəlkə mən bu gün buraya gəlməsəydim daha yaxşı olardı, ən azından biz əbədilik ayrılmazdıq.
Bəli, əbədilik. Çünki, o sözlərdən sonra daha sənin yanına qayıdacağımı düşünmürsən hər halda. Ancaq həmin axşam başım açılandan sonra düşündüm sənə nə dediklərimi və səninlə nə üstündə bir-birimizlə qan-bıçaq olmağımızın səbəbini. Sənə dediyim sözləri yadıma salsam da (dilimə gətirməyə cəsarətim çatmır o sözləri),mənim o dərəcədə hirslənməyimin səbəbini heç cür ayırd edə bilmədim.
Bu mənə çox əzab verir son günlər, son günlər nəsə çox düşünürəm. Əzizim, bilmirəm sən məni bağışlayacaqmısan, bağışlamağa gücün çatacaqmı ancaq mən özümü bağışlaya bilmirəm. Düşünürəm sən də, elə sən də mənim etdiyimi edəcəksən, bağışlamayacaqsan məni. Düz də etmiş olacaqsan. Sən hər zaman haqlı olaraq qalacaqsan bu məsələdə. Lakin, bir şeyi bilməyini istərəm ki, hər şeyə rəğmən, sənə o əclafcasına dediyim sözlərdən sonra belə səni sevirəm. Bilirəm inanmayacaqsan. Ancaq həyatda ən birinci istədiyim şey budur-sənin mənim sevgi etirafıma, əclaflığımı etiraf etməyimə inanmağın.
(davamı…)

Xəbər

June 22, 2010

Seymur Baycan Qarabağ müharibəsi haqda povest yazıb

“Mənin yeni əsərim indi Azərbaycanda Qarabağ müharibəsi haqqında yazılan romanlardan fərqlənir. Həmin əsərlərdə görürsən ki, ya bir azərbaycanlı əsgər meydana atılıb bütün düşmənləri güllələyir, ya da ermənilərin hücumundan qaçanlar bir mağarada gizlənib düşmənə söyüş və qarğış yağdırır, onların hər şeyi azərbaycanlılardan oğurlamaqları haqqında danışırlar. Mənim məqsədim isə bu müharibəyə neytral baxmaq – müharibənin reallıqlarını tərəf saxlamadan təsvir etmək olub”. Yazıçı Seymur Baycan bunları yeni povesti haqda danışarkən deyib. Hazırda Qaxda əsərini tamamlamaqda olan yazıçı Azadlıq Radiosunun “Oxu zalı”na açıqlamasında deyib ki, povest ilkin variantda “Düşərgə” adlanır.

(davamı…)

Proza

Əkrəm Əylisli: Ağır daş


Ramiz Rövşənə

1

Bu dünyanın saysız-hesabsız hikmətlərindən buzbulaqlı Kəblə Salman kişiyə bir də o hikmət məlum idi ki, sərin çeşmə suyunda əl-üzünü yaxşı-yaxşı yuyanda adamın kefi durulur, fikri dağılır, zehni açılır…

İşləyib yorulanda və bir işi düz gətirməyəndə özünü çeşməyə verib əl-üzünü yumaq Kəblə Salman kişinin çoxdankı adəti idi.

Bundan əlavə sərin suya ehtiyac hiss eləyəndə onun arabir, hətta gecələr də yuxudan durmağı var idi.

Bu da əsasən Kəblə Salman kişinin necə yatmağından və nə təhər yuxular görməyindən asılı idi.

Yuxuda bir pis şey görəndə Kəblə Salman kişi gecənin vaxtına-vədəsinə baxan deyildi; onun öz mülkündəcə öz sərin çeşməsi vardı və neçə illərdən bəri o çeşmənin suyu Kəblə Salman kişinin bircə allah bilir ki, nə qədər pis yuxusunu arx aşağı axıtmışdı.

Vaxt keçdikcə, yaş artdıqca Kəblə Salman kişinin pis yuxularının da sayı artırdı, bir gecə kənddə kolxoz söhbəti başlandı və o gündən etibarən Kəblə Salman kişi əl-üzünü yumağın sayını-hesabını tamam itiridi.

Lap cavan vaxtlarından ta indiki həştad dörd yaşınacan Kəblə Salman kişinin gördüyü ən pis yuxular həmişə bir topa zil qara buluddan başlamışdı ki, bunun da özünəməxsus səbəbi vardı.

Birinci səbəb o idi ki, Kəblə Salman kişinin kəndin Çaylaq deyilən yerindəki indiki bağlı-bağatlı böyük mülkü bir vaxt yox idi.

(davamı…)

Proza

ELÇİN: Canavarlar

“Külli-məxluqatın ən zəifi insandır…”
İlyas Əfəndiyev

…sonra Boz canavar yenə yoluna davam etdi, başını aşağı salıb – qurumuş kol-kosun çör-çöpü az qala burnuna, susuzluqdan cadar-cadar olmuş dodaqlarına sürtülürdü – irəlidə, qancıq isə arxada gedirdi və ara-sıra özü ilə Bozun arasında addımlayan küçüklərə baxsa da, küçüklərin qulaqlarının, quyruqlarının azacıq tərpənişi, titrəyişi belə, görünür, onun gözlərindən yayınmasa da, nəzərlərini Boza dikmişdi.
Boz dayananda, qancıq da yerində donub dayanırdı, Bozun qulaqlarının, boynundakı, belindəki tüklərin, quyruğunun azacıq titrəyişi-tərpənişi ona nə deyirdi, hansı işarəni verirdisə, bunu başa düşdüyünü, anladığını elə o andaca qancığın gözlərinin ifadəsi büruzə verirdi.
Boz canavar haçansa buralardan keçmiş erkək canavarın sidiyinin qoxusunu hiss etdi, bir an burnunu qupquru qurumuş kolun dibinə dirəyib, torpağı iylədi, sonra onun özündə də bir sövq-təbii yarandı ki, bu yerlərdə iz qoysun, arxasını kola yaxınlaşdırıb, sağ ayağını qaldırdı, amma nə qədər gücəndisə də, torpağa bir damla da sidik sala bilmədi və onun susuzluqdan qurumuş sidik kisəsi, görünür, beləcə gücənmədən sancdı, ya bədənində hansısa başqa bir narahatlıq baş verdi, çünki Boz acıqla mırıldayıb, başını yuxarı qaldırdı, havanı iylədi, sonra yenə başını aşağı salıb, Şərqə doğru yoluna davam etdi.
Qancıq ayaq saxlayıb, elə bil, bütün bu günlər ərzində daha da dərinə düşmüş, dibə çökmüş gözləri ilə beş addımlıqdan Bozun hərəkətlərini müşahidə etdi, sonra o da tərpəndi və qurumuş kolun yanından ötəndə, haçansa bir cavan erkək canavarın bu kolun dibində qoyduğu işarəti hiss etdi, amma bu, onun diqqətini yayındırmadı – onun bütün diqqəti ancaq Bozda idi.
(davamı…)

Proza

Bəxtiyar Hidayət: Saz səsi

Sən indi o yekəpər oğlanın diri-diri danışdığına baxma, çayını iç. O əsgərlikdən yeni gəlib. Öz qeyrətsizliyini il yarım barı gözünnən görməyib. Ola bilər dedikləri də düzdü.

Kimisə vurub, kimisə süründürüb əsgərlikdə. Özünün başına nə oyunlar açılıb o da sonra özündən sonrakı əsgərlərin başına o oyunu açıb. Onu mən yaxşı tanıyıram. Gözünnən görənin biridir. Boyuna-buxununa da baxıb çəkinib eləmə. Kim o boyda beçə budu yesəydi hələ bundan da yekəpər olardı. Yaxşı olar ki, indi danışacağım hekayəyə diqqətlə qulaq asasan. Onda anlayacaqsan o qoçaq əslində kimdi.
Nəhayət, bəy çıxdı otaqdan. Əlində avtomat bu anı gözləyirdi qardaşlıq Zakir. Bəy ona göz elədi ki hər şey yaxşıdır. Zakir avtomatı hərrəyib bir daraq güllə buraxdı havaya. Hələ də yeyib içən başqa əli avtomatlılar elə çadırın altından avtomatlarını göyə boşaltdılar. Çadır deşik-deşik oldu.
Bu uşaqların hamısı könüllü ordunun əsgərləri idilər. Elə bəyin özü də. Əsgərlərdən kim növbədə deyildisə özünü bura salmışdı. Toy da sərhədə yaxın bir kənddə keçirilirdi. Bəyin ailəsi qaçqın kimi o kənddə məskunlaşmışdılar.
Bəy də təzədən oturdu. Süfrə təzələndi. Məlum oldu ki posta qayıdası uşaqlar elə bir Qaz-66-ya sığışarlar. Buna görə də ikinci Qaz-66-nın sürücüsü Ərşad komandirdən icazə aldı ki bəs atam xəstədi, mənə icazə ver. (davamı…)

Proza

Alik: Küçə

Nədən, kimdən, haradan başlayacağımı bilmədim. Küçədən başladım. Uzun uzadı bir küçə çəkdim. Daş kəsəkli bir küçə… Bir iki elektrik dirəyi qoydum. Küçənin düz ortasına burnu axan 5-6 yaşlı bir uşaq buraxdım və ona Toğrul adı verdim. Sağ tərəfə illərdən qalma bir yük maşını qoydum. Toğrulun anasını xərçəngdən öldürdüm və Toğrula başını qatsın deyə balaca bir küçük bağışladım. Küçənin boş qalan sağ küncünə hardansa ağac kötüyü gətirib atdım. Üstündə Rafael adlı bir oğlan və Esmira adlı bir qız oturtdum. Sevdirdim onları bir-birinə. Öpüşdürdüm.
Küçənin lap başlanğıcında Fatma adlı kimsəsiz qocaya balaca bir ev tikdim. Kapitan oğlunu müharibədə güllələtdirdim.
Taxta hasarı olan evə bir fahişə buraxdım. Bütün qonşular elə bildi ki, onun simasında bütün qadınlar lənətlənib və özlərinə nifrət eləməyə başladılar. Qadınlara yazığım gəldi və qız dostlarımdan birinə zəng eləyib and içdim ki, qadınlar lənətlənməyiblər. Sadəcə onlar çox yazıqdırlar. O, məni başa düşdü və ağladı. Qadın olmaqdan qorxdu. Mən onu küçənin lap sonuna atdım. Görünməyən bir yerdə gizlətdim.
(davamı…)

Müsahibə

June 21, 2010

Rafiq Tağı: “Ədəbiyyatda kiminsə kimisə qabağa itələməyi ən şərəfsiz işlərdəndir”

“70-80-ci illərdə qabağıma kötük diyirlədənlər artıq ədəbiyyatdan siliniblər”

- Rafiq müəllim, elan ediləndən son gününə qədər kifayət qədər mübahisəyə səbəb olan “Milli Kitab Mükafatı” yekunlaşdı. Təcrübəli və bir o qədər də peşəkar bir yazıçı olaraq, mükafatçılar sırasından kənarda qalmağınız sizə necə təsir etdi?
- İş nə mükafatda, nə də ortadakı məbləğdədir. Mən Azərbaycanda baş verən yeniliklər aşiqiyəm. Mən millətin gələcəyinə ümidlənmək istəyirəm. Bəzən hətta xəyalımda yalançı perspektivlər qururam. Təki yaşamağa bəhanə olsun. Müsabiqəyə də buna görə qoşulmuşdum.Ömrü boyu təhsildə-məşqlərdə birincilik qazanmış German Titov təsadüfən ilk kosmonavtın Yuri Qaqarin, özününsə ikinci olacağını biləndən sonra az qala depressiyaya düşübmüş. Üstəlik, sonradan bilinəsi ki, Titovun təmiz rus yox, başqa millətdən qarışığı olması nəzərə alınıb. Gördünüz ki, ədalət harda və necə itdi. Amma ədalət ən yaxşı sosial tənzimləmə üsuludur.
Mənim üçün toxunan məqam toplumun nəzərində ədalətsizcəsinə çıxdaş olunmağım idi. El gözü tərəzidir. İctimai rəy bunu gördü və “fiasko” deyib də münsifləri qınadı. Zaman-zaman kimlərsə mükafat alıb gedəcək, ədəbiyyatda Rafiq Tağı qalacaq. Buna dolayı bir sübut. Hələ keçən əsrin 70-80-ci illərində qabağıma kötük diyirlədənlər çox olub, məni düz 10 il Azərbaycanımızda çap olunmağa qoymayıblar. Artıq həmin adamlar bir sinif kimi ədəbiyyatdan silinib gedib, ortada yenə mən qalmışam. Bu mənim xoşbəxtliyimdir ki, bir yazıçı olaraq cəmiyyətə daim maraqlıyam: mən ona təsir və təzyiqlər göstərirəm, o da mənə. Beləcə bir-birimizə doğma olmuşuq.

(davamı…)