Əsəd QARAQAPLAN: “HALROMAN”DAN BİR HAL
DÖRDÜNCÜ HAL
Rənanın gecə zəngi halı
Sevgi səni qarşındakına görə davranmağa məcbur edən bir şeydi, onun halı sənin sevginin “sərhədini” də müəyyənləşdirir…
Hələ ki, görüşdüyüm qadın Lena güclüdü; məni əldən buraxmaq istəmir, yəqin hər dəfə onunla görüşərkən öldürdüyüm şairlərin, şeirlərin, dadı damağından getmir, belə məqamlarda bir-birimizi sevməyimiz üçün bizə sevgi də lazım gəlmir, bəlkə bir neçə saata dörd şair öldürməyim onun üçün əsl sevgidi, bəlkə də sevgidən də üstündü, ama hər halda bizimki nəsə sevgiylə bağlı bir şeydi…
Son vaxtlar mənim qadına marağım ölməyə başlamışdı, yəqin səbəb də onu əldə etməyim idi… ama günü bu gecə – saat ikiyə işləyən vaxtda Rənanın mənə zəng etməsi hər şeyi dəyişdi, sağ əlim telefonda – qulağımda, sol əlimsə qıçlarımın arasından qalxan yorğanı yatızdırmağa çalışanda hər şey yenidən başladı.
Ona dediyim hər xoş sözdə, hər görüşmək təklifində, hər intim kəlmədə yatağımın necə səs-küy saldığını böyrümdə yatan otaq yoldaşımın tərpənməsindən hiss edirdim, Rənanın yaşına sığmayan – 37 yaşı var – incə və yaraşıqlı bədəni bu gecə vaxtı durub yanına getməyimçün əsl bəhanə ola bilər.
Həyatdan küskün görkəminin altında həmişə sevilmək, əzizlənmək, oxşanmaq istəyinin durduğunu duyuram, ama mən qarşımdakının nə düşündüyünü deyə bilmədiyimi demişdim, elə indi də belədi, sadəcə bunlar Rəna haqqında hiss etdiklərim, təsəvvürlərimdi və bu, yalnız mənə aiddi.
Rəna bəlkə dünyanın ən pis qadınıdı, ama mən onu görmək istədiyim kimi görürəm, onunla telefonla danışarkən belə, təsəvvür etdiyim yataq səhnəsi məni özümdən çıxartmağa bəs edir, bu sətirləri yazarkən nəfəsim nəfəsində, əllərim çılpaq bədənində, qələmimin ucu kağızın üstündə gəzdiyi kimi, gəzdiyini təsəvvür və hiss edirəm… alaqaranlıq, ucuzvari, səs-küydən çox da uzaq olmayan kafedə görüşümüzü xatırlayıram, yanıda oturmağıma etirazına rəğmən, içində buna can atdığını duyur, arxasını mənə çevirsə də, onu qucaqlamağıma çox da mane olmadan, hələ də öz bərkliyini saxlayan xırda döşlərini sıxmağımdan xoşhallanır, saçlarını qoxlayıb, qulağının dibinə, boyun-boğazına dodağımın atəşi toxunduqca, qəsdən bir-birinə sıxdığı qıçlarının özündən aslı olmadan aralandığını görür, başını arxaya atdıqca boynu qabarır, üstümə dağılan saçları sanki məni bu dünyada var olub görünən hər şeydən gizlətməyə çalışırdı… ama hər dəfə bir kişi kimi ona sahib olduğumu, onunla unudulmayacaq bir gecə keçirtdiyimi düşünəndə, yəni bu yazının son nöqtəsini qoymağa çalışanda qələmim day yaza bilmir, etiraf edim ki, hələ yazmamışam onunla keçən gecəni yaddaşımın bir küncünə…
…dilim, dodağım nə təhər quruyubsa, indi hiss etdim ki, bayaq süzdüyüm çayı axıra qədər içib qurtarmamışam, növbəti qurtumu içmək istəyəndə anladım bu yanğını…
Sən demə, mətn üzərində işləmək də elə qadın üzərində işləmək kimi bir şeymiş, hər şeyi unudur adam, onun ən incə yerini tapmaq, ona ən xoş sözləri pıçıldayıb yatağa salıb ona kobudluq etməyindən xoşlanması əsas olsa da, önəmli olan ona hansı enrjiylə, hansı etirasla yanaşmağındı…
Həm də heç nəyin əbədi olmadığı bu dünyada indiki halımla qadınları razı salıb, bunu yazmaqdan, özündən sonra bir şey qoymaqdan başqa əlimdən elə də böyük bir iş gəlmədiyini duyanda yazmağa və qadınlara daha çox aludə oluram…
Bu gecə ancaq Rənadan yazacam, çünki yuxudan qalxıb gecə vaxtı yazmağıma o, səbəb oldu,– bax, işdə Aynanı unutmağımçün bir bəhanə, zatən mən onu hər zaman unutmuş deyiləmmi… zəng edib özünü yada saldırmasa, kim bilir, bəlkə də telefonumun yaddaşında adını görməsəm yadıma düşərmi… mənim bir yazar olaraq yazmağıma Ayna nə kömək edir ki, halbuki mən onu özümə yazı qəhrəmanı seçmişəm…
Gəlib qarşımda günahkarcasına sakit-sakit dayanarkən, heç vaxt susmayan mənim susduğumu görərkən belə, susması, uzun müddət lal-dinməz yol getməyimiz və nəhayət, dayancağımız məkana doğru yanaşı addımlayarkən dözməyib niyə susduğumu soruşması da indi işə yaramır, sarılıb mənə onu öpməyimi gözləyib, saatlarla məndən ayrılmaq istəməyirmiş kimi davranması onu unutmağıma mane ola bilərmi…
Sərt baxışlarım qarşısında məzlumcasına, məğlubcasına dayanması mənə bir daha sevgidə uduzduğumu göstərir… ama sevgilərimi uduzmadığımı, yalnız sevdiklərimi uduzduğumu anlayıram, indi sevgini hansısa qadınla yataq səhnəsində təsəvvür etmək, nəfəsim nəfəsində, əllərim bədənində gəzərkən belə, sevgilərimi deyil, yenə sevdiyim qadınları, qızları uduzduğuma əmin oluram.
Ayna da uduzduğum sevdiyimdi… yazdığım hər hər cümlədə, hər sözdə, hər hərifdə Aynanı bir az da uduzuram…
Rəna – bu 37 yaşlı sevgilimsə hələ də özünü bakirə qız kimi aparıb məni coşdurmaqda, coşdurub qəzəbləndirməkdə davam edir… indi onun öz evində uzanıb, telefon danışığımızdan sonra nə düşünməsi önəmli deyil, önəmli olan mənim Rənanı necə yazmağımdı…
Təninə sarılıb, dəfələrlə öpüb-oxşadığım Rənayçün öldürəcəyim şairlər, ya da şeirlər hələ də diridirlər, həyatımdan yüz qadın gəlib keçə onları heç bir qadınçün öldürə bilməyəcəyimi də anlayıram – onlar məni öldürsələr belə, – məni yalnız qadınlar öldürə bilər, onlarçün öldürdüyüm şairlərdən, şeirlərdən yapışıban…
***
Anlayıram ki, bu gecə vaxtı məni bu qadınların əlindən yalnız durub bir siqaret çəkmək xilas edə bilər, altımda yazıq stulun da cırıldayıb dözmədiyi bu dəqiqələrdə həyatın hansı tərəfində olduğumu da dəqiq təxmin edə bilmirəm…
Coys da bəzən belə gecələrdə öz nəfəsini izləyib yazırdı, o içib yazırdısa, mən bu dəqiqə yeyib yazıram, elə indi yadıma düşüb ki, şam eləməyi unutmuşam, işdən yorğun gəlib eləcə yatıb qalmışam, Rəna zəng edib məni oyatmasaydı, yəqin səhərəcən yatacaqdım, indi də oturub masanın üstündə olan qatıq-çörəkdən yeyib bu mənasız sətirləri yazmazdım… niyə mənasız deyirəm, ona görə ki, hər dəfə yazdığımın bu olmadığını, içimdəkinin başqa olduğunu, ya da özümü tam ifadə edə bilmədiyimi anlayıram.
Bu latın əlifbasının ruhuma yabancılığı da yazdıqca özünü göstərir, sətirləri soldan sağa yazmağım bəzən mənim sağdan sola, yəni ürəyə, ruha yolumu da bağlayırsa, bu yabancı işarələrin batinində öz ruhumu, öz kök inancımı tam hiss etmirəmsə, necə saxtakarlıq etməyib, necə istədiyimi yaza bilərəm, anlamıram… ama üzərimizə çəkilən yabançı pərdələrin altında da özümüz olduğumuzu, bu yabancı işarələrdən, bu yabancı genetik şifrələrdən də zaman-zaman boy göstərən əsl ruhumuzun olduğunu görməmək, duymamaq da mümkün deyil, bəli, biz varıq, ən azından Şərq ölümsüzlüyüylə…
Bugünə qədər Ceyms Coysun yazdığı bir cümləni belə oxumamışam, ama onun həyatının bəzi məqamlarıyla tanışlığım onu ruhuma yaxın edib, bəlkə də indi mənim bu bədəndə daşıdığım ruh elə Coysun ruhudu, sadəcə Şərq bədənində… əslində bunun da heç bir fərqi yoxdu, həyatımı nəfəs-nəfəsə izlədiyim bu dəqiqələrdə nələrin baş verməsini, daha doğrusu, nə duyduğunu yazmaq insanın ruhunun açılışına gətirib çıxartmırmı…
Qadınları bir kənara qoyub, hər sətirdən sonra yazdığımın yalan olduğuna və hər sətirdən sonra özümü inkar etməyimdə nə qədər haqlı, ya da nə qədər haqsız olduğumun dəhşətini düşünürəm… sevdiyin, daha doğrusu, həyatındakı qadınları, qızları unutmağın yolu bu qədər asan ikən, yəni “unut getsin” deyərək özünə güc verib unutmaq varkən, bəs adamı onlardan bunca yazmağa, onların haqqında bunca düşünməyə vadar edən nədi, anlamıram.
Bəlkə özümün real qəhrəman olmamağım da burda özünü göstərir, hər sətirdə özümü aldatmasam, özümü inkar etməsəm yaza bilmirəm… mücərrəd duyğularla başımı qatarkən, gözümün önündə baş verənləri belə görə bilməzkən, özünü xoşbəxt hiss etmək necə də gözəlcə özünü aldatmaqdı.
Bəlkə də həyat, otel xidmətçisi olan arvadının Coysa dediyi o bir cümlədə gizlənirdi:
– Başını içkidən və kitablardan ayırıb həyata baxsan, hər şeyi olduğu kimi görərsən…
Mənimsə bir Aynam, bir Lenam, bir də Rənam var, yəni Coysa söylənən bu sözləri heç zaman mənə söyləməyəcək qadınlar…
Bir neçə gün qabaq Ayna mənə nişanını qaytardığını dedi, indi artıq sərbəstdi, rahat görüşə bilərik, ama mən hələ də bilmirəm o, məni sevdiyindən nişanlısından ayrıldı, yoxsa nişanlısını sevmədiyindən, Aynanın yenə məni sevib-sevmədiyini deyə bilmərəm, ama mənim ona olan hisslərim kəsindi, bəlkə birgün onu itirəcəyimə təəssüflənə də bilərəm…
Son zamanlar tez-tez görüşdüyüm Lenanınsa mənə hər addımda öz böyük sevgisini açıq şəkildə bəyan etməsi, açığı məni çox şübhələndirir… ən dəhşətisə kimisə sevdiyini əməlində sübut edərkən, onu tez-tez dilə gətirməyin, etdiyin yaxşılığı dilə gətirməyə bənzəməklə bərabər, ehtiyac olmayan, ya da artıq bir şey kimi gözə çarpmaqdaykən, hər şeydən öncə ən çox yaxın olduğun yataqda anlaşarkən belə, bunları diləgətirmə səni yatağa da pərdəli baxmağa sürükləyir… ama mənim hər yaşa uyğun sevgimin olması çox zaman məni bu bəlalardan qoruyur…
Ama əksinə, Rənanın dildə öz duyğularını ustalıqla gizlədib, əməldə də özünü belə aparmağa çalışarkən etdiyi xətalar da mənə ağır gəlir, burda mənim “hər aşa uyğun sevgimin” olması da bir o qədər işə yaramır…








ALİK, YAZIYA GÖRƏ ÇOX SAĞ OL…
uğurlar…
yazida ozunu sanki superman qehremani kimi qeleme almisan, baxmayaraq ki meqsed bashqadi…