Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Proza

March 1, 2010

Mirbəhram Əzimbəyli: Alında oxunan yazı

seyid012@box.az

Hamı məndən səni soruşur. Heç kim sənin harada olduğunu bilmir. Dostlarım daha az ağladığıma görə yaman narahat olublar. Bunun səbəbi olaraq sənin yoxluğunu göstərirlər. Onlar məndən sənin harada olduğunu soruşanda kədərli-kədərli baxıram gözlərinin içinə. Və daha sonra dözə bilməyib səssiz-səssiz ağlayıram. Onlar ağladığımı anlamırlar. Çünki səssiz ağlayıram. Bu dünyada səssiz ağlayanların gözlərini silmirlər, səssiz ölənləri isə dəfn etmirlər. Mən insanlara bəyaz yalanlar söyləyirəm, onlar da inanırlar. Qar yağdığına görə yalan söylədiyimi anlamırlar. Bir az təsəlli verirlər mənə. Deyirlər ki, qorxma, hər şey yaxşı olacaq. (Niyə hər şey yaxşı olmalıdır ki!) Mən də gülümsəyirəm ağrılı bir şəkildə. Onlar bunu da anlamırlar. Çünki insanlar dünya deyilən yaranın ağrılarıdırlar… İnanmayacaqsan bəlkə də sənin öldüyünü düşünənlər də var. Amma mən indi hiss edirəm. Sən yaşayırsan hər hüceyrəmdə. Hər yeni söz yazdıqca uşaq kimi sevinirəm və bağırmaq istəyirəm: Yox o ölməyib, yaşayır, yaşayır!!! Mən yazıram, mən yaza bilirəm…

… Dünən evimizin damına çıxmışdım. Beşinci mərtəbədən baxdım bu şəhərə. Bax elə bu zaman səni gördüm. Heç bir yana getməmişdin. Hələ də bu qara şəhərdən, bu qara adamdan əl çəkməmişdin. Elə çoxdankı ayrılığımız orada bitdi. Yenə ağladım. Bu dəfə hönkürə-hönkürə, bağıra-bağıra. Yenə məni eşitmədilər, məni görmədilər. Ehhh! Sözlə ayrılığımın bitdiyi o yerdə yaman təsirləndim. Tonluq su çənləri məzarlara, “antenalar” isə qəbir daşlarına bənzəyirdi. Və biz insanlar, betonların arasında çürüyən insanlar! Mən elə o an anladım ki, biz həqiqətən, ölülərik. Torpaqdan uzaqlaşırıq. Bəlkə də ölümdən qaçmaq üçün edirik bunu. İnsan kimi yaşayıb insan kimi ölmək əvəzinə betonlaşmaq istəyirik! Necə də ağrılıdır! Ayağımızın altında bizə

“pulsuz” verilmiş torpaq, başımızdan basan ağır çənlər və cəhənəmi “tutan” antenalar! Biz necə də xoşbəxtik. Parça-parça sevinclərin yaratdığı xoşbəxtlik. Bilirəm bu xoşbəxtliyi qara qarğalar parçalayıb gətiriblər. Göyərçinlər isə yoxa çıxıblar. Yəqin onlar öz akvariumlarından televizora baxırlar. Sonra yerə boylandım. İntihar haqqında düşündüm. Bəlkə də evlərin damlarındaki quşlar intihar etmək üçün çıxırlar ora. Edirlər də, lakin son anda peşman olub yenidən həyata qayıtmaq istəyirlər. Elə ona görə də uçurlar. Yoruldum. Oturdum binanın başında və digər binalara baxdım. Birdən maşın bazarının üzbəüzündəki qəbirstanlıq yadıma düşdü. Və qəbirstanlıqla yan-yana yerləşmiş əzəmətli şadlıq evi. Bəlkə də onların yan-yana yerləşməsi heç də təsadüf deyil. Burada da həyat ironiya ilə gülürdü bizə: gülməli balaca adamlar. Elə fikrimin bu yerində daşların arasından qoca bir kişi mənə baxdı, gülümsündü. Mən gülə bilmədim. Üşüdüyümü hissetməyə başladım. Yox, yenə betonların arasına geri dönmək istəmirdim. Bəlkə mən də quşlar kimi edim deyə düşündüm. Qanadlarım qanadı. Qara buludlara baxdım. Elə bil onların da burnu qanıyırdı. Məcbur oldum qəbirimə geri dönməyə…

Yazıram, hər köhnə söz yenisini dünyaya gətirir, o yenisi isə onu dünyaya gətirəni öldürür. Bu, xəyanətə bənzəyir. Yazıram. Niyə yazıram? Elə bu suala cavab tapmaq üçün yazıram. Yazıram, oxuyuram, gülürəm. Nə yazmışam? Heç nə! Bu, hər şeyə bənzəyir. Yazıram. Kəfənlərin üzərinə rəqəmlər yazıram. Yazan adam bu komandada həmişə qapıçı olur. Bircə ona əl ilə oyanamağa icazə verilir. Öz tabutuna qol atmaqdır yazmaq, özünə istehza ilə gülməkdir. Yazmaq güldüklərinə ağlamaqdır. Və sonra öz gözlərini gözəl bir qızın əlləriylə silməkdir. Yazmaq ac bir pişik kimi qapalı qapıları cırmaqlamaqdır. Və inildəmək: bir az yalvarmaq, bir az üsyan etmək, bir az razı olmaq kimidir. Bəzən əlini açıb söz dilənirsən şəhərdə. Bu acizliyə bənzəyir. Yazmaq bəzən ucuz bir otel otağında boş şkaflarda gizlənən zənginlik kimi olur. Bu, kasıblığa bənzəyir. Bəzən bir kilsədə günah çıxartmaq üçün danışan insanlara qulaq asan bir gənc rahibin həmin adamlara oxuduğu lənət duası kimi olur yazmaq. Və bəzən dua etmək istəyərkən anidən əsəbləşib qarğış etməyə bənzəyir. Yazmaq saçı tökülən bir xəstənin aynaları qanatması kimidir. Sən yazarkən heç kimi düşünmürsən, amma oxuyanda hər kəs səni düşünür. Bu, xatırlanmağa bənzəyir. Bəzən sevdiyin insanları yazırsan. Səni oxuyanların o an sənin kimi sevdiyini düşünüb narahat olursan. Bu, qısqanclığa bənzəyir. Bəzən də sən yazanda nələrisə pozursan.( Yazıçının ən böyük bacarığı pozmağı bacarmaqdır- Dostoyevski) Bu, öz namusunu qorumaq üçün günahsız insanları öldürməyə bənzəyir. Elə anlar olur ki, özünü müharibənin ortasında silahsız hiss edirsən. Bax, belə zamanlarda özünə səngər qazmaq üçün yazırsan. Bu, qorxaqlığa bənzəyir. İnsanlar Allaha çatmaq üçün yazırlar. Onun yazdıqlarını oxuyub yazırlar. Allah bizim üçün sevgini yazdı. Allah sevgini insanların ürəyinə yazdı. Hər ürək bir kitabdı, hər duyğu bir varaq. Yazarlar sinələrinin altındaki kitab rəfindən oxuduqlarını yazırlar, Allahı yazırlar. Bu, ibadətə bənzəyir. Yazanda bəzən tam səmimi ola bilmirsən. Yazıçının ən səmimi əsəri onun vəsiyyətidir. Bəlkə də insanın ən azad əsəri də məhz onun vəsiyyətdir. Çünki tənqidçilər həmin əsəri daşlaya bilmirlər. Bəzən yazanda özünü asırsan bu şəhərin baş meydanında. Bütün sözlər yığışıb sənə baxırlar; bir az qorxurlar, bir az kədərlənirlər, bir az da sevinirlər. Sən də sevinirsən. Bütün sözləri bir yerə yığa bildiyinə görə özünü xoşbəxt hiss edirsən. Və onda başa düşürsən ki, sən yazırsan!

  1. Salam, Mirbəhram. Maraqlı yazı idi, mənə elə gəldi ki, bu yazın haradasa çap olumuşdu, ya səhv edirəm.

    Comment by Ayxan Kiçikbəy — March 1, 2010 @ 7:32 am
  2. Təbriklər, maraqla oxudum

    Comment by Soso — March 1, 2010 @ 9:37 am
  3. Yazıçının ən səmimi əsəri onun vəsiyyətidir-əlbəttə bu belədir.Mirbəhra,yazını çox diqqətlə oxudum.Həqiqətən mənə mənəvi təsir elədi.Keçirdiyin hisslərin bəzilərini mən də yaşamışam.Mən də ölmək istəmişəm,amma bacara bilmədim.”Ölüm ALLAHın emri,ayrılık olmasaydı.”

    Comment by Orxan ZAMAN — March 1, 2010 @ 3:27 pm
  4. Cox maragli yazidir. Manda agir itkiyla uzlasmisam! o yangini man biliram! Zamanla otacak… Har sey kecir birca sey kecmir itirdiyin insan ucun bazan dalicasina darixmagin!!! Bazan itirdiyin insani yaxinlarina cox banzadirsan! Sagliginda bu banzatmani gormamisdim! Na edak hayat varsa itgida var yanib bu hayati duymagda var…Hormatli Mirbahram muallim siz hamisa yazilarinizda yazardizki an asasi yasamag ucun sevgi var…

    Comment by ISMAYIOVA NIGAR. — March 3, 2010 @ 9:03 pm
  5. Şərh yazan hər kəsə çox təşəkkür edirəm. Diqqətinizə görə minnətdaram.

    sayğılarla, Mirbəhram Əzimbəyli

    Comment by Mirbəhram Əzimbəyli — March 5, 2010 @ 3:04 pm
  6. ela! Cox gozel yazidi ugurlar.

    Comment by Huseynzade Nermin — March 5, 2010 @ 7:46 pm
  7. qaqam seni hemiseki kimi ugurlarina gore tebrik edirem

    Comment by orxan MUSA — March 6, 2010 @ 2:47 pm
  8. Nərmin xanım, şərhinizə görə təşəkkürlər!

    Orxan, qardaşım, Allah razı olsun. Sənə də yeni-yeni yaradıcılıq uğurları diləyirəm

    Comment by Mirbəhram Əzimbəyli — March 7, 2010 @ 5:34 pm
  9. qaqam hemiseki kimi cox maraqli yazmisan.dunyada en cox beyendiyim iki nefer var. 1-cisi Nizami Gencevi. 2-cisi Qardashim Mirbehram.

    Comment by orxan MUSA — April 18, 2010 @ 12:24 pm
  10. qaqam hemiseki kimi cox maraqli yazmisan.dunyada en cox beyendiyim iki nefer var. 1-cisi Nizami Gencevi. 2-cisi Qardashim Mirbehram

    Comment by orxan BOZKURT — April 18, 2010 @ 12:25 pm

Şərh yaz

RSS feed for comments on this post. TrackBack URL