Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Məqalə

March 6, 2010

II Qismət: Son günlərin ən səs-küylü çıxışı

( Xocalı soyqırımı ilə əlaqədar Odlar Yurdu universitetində edilmiş çıxış )

Gərək əvvəl o beş hərfli sözü təkrarlayım : SALAM.
Salam xanımlar, cənablar, qonaqlar, qonaq olmayanlar, dostlar, dost olmayanlar. Gərək biləsiniz ki, mən müharibələr qədər xatirə tədbirlərini də sevmirəm. Özümü bax elə indi bu dəqiqə burda-bu kürsüdə ən maraqsız, ən yalançı adam hesab edirəm. Mənim bu ütülü duruşum, eynəkli baxışım, stixiyalı səs tonum dəmir sözünün D hərfiylə yazıldığını bilmədən, bədəninə dəmir mərmiləri buraxan bir körpə cəsədinin yanında nə qədər gülməlidi.
Mən hər 26 fevralda televizorda keçən ildən qalma kadrlara baxanda uzun bir təəssüflə bir sualı həmişə özümə təkrarlayıram : torpaqların 20 faizinimi itirmək faciədi, yoxsa hər il donmuş bir kadrlarda qəmli-qəmli bir körpənin cəsədinə baxmaqmı ? Mən bunu bilmirəm. Nəzərə alsaq ki, vətən bütün şərtiliklərin ən böyüyü və ən gözəlidi,onda şərtilikdən daha çox onun içindəkiləri itirmək daha dəhşətlidir. Nə qədər ki, biz çətirsiz gəzməkdə romantika görürük, Xocalıda, güllə yağışında islanan uşaqlar heç vaxt böyüməyəcək.
Biz Xocalını Xocalıda uduzmadıq. Biz Xocalını çılpaqlığın adını səmimiyyət qoyan şou-biznes əhlində, televiziya kanallarımıza terror aktı keçirməklə məşğul biabırçı verilişlərdə, maqazin jurnallarında uduzduq. Biz Röya jurnalında çılpaq röyalara yatdıq, el içində verilişində dalaşdıq,söyüşdük, ay zauru evimizə buraxdıq, sms-lərlə xalq ulduzları seçdik, meyxana deyən olduq salam göndərdik məhlədəki və Rusiyadakı dostlarımıza.
Biz Xocalını parklarda qoca qarılar Nizami Gəncəvinin əsərlərinə günəbaxan tumu büküb satanda uduzduq.
Bir gün- siqareti darıxmaq kimi çəkdiyim, şeir fikirləşdiyim bir gün, bir dostumla mənə Gənclər və idman nazirliyindən bir təklif gəldi. Mərdəkanda məskunlaşan qaçqın və məcburi köçkün uşaqlar arasında keçirilən şeir müsabiqəsində jüri olmaq. Razılaşdıq. Təyin olunan gün ordaydıq. Müxtəlif yaş qruplarında olan uşaqlara bir-bir qulaq asmağa başladıq. O kədərli gözləri olan, şirin uşaqları və xüsusilə iki hadisəni yəqin heç vaxt unuda bilməyəcəm. 12 yaşlı bir qız uşağı bir şeir oxudu və mən bütün yazdıqlarımı yandırmaq, özümü dəli bir təkliyə qandallamaq, ağlamaq , qışqırmaq istədim. 3 bəndlik çox pinti, qeyri-peşakarlıqla yazılmış şeirdə 2 misra varıydı ki, məncə o misranın önündə çoxlarının gözlərindən yağmur boşalar… 12 yaşlı qızcığaz anasını da, atasını da itirmişdi. Bütün olanlar qarşısındakı uşaq və qız acizliyini belə ifadə edə bilmişdi :

Ananı baladan aldığı üçün,
Dünyanın saçını yolmaq istəmirəm…

O qızın heç vaxt anası, atası olmayacaq. O qız bütün ömrü boyu dünyanın saçını yolmaq istəyəcək, amma bilməyəcək ki, dünyanın heç vaxt öz saçı olmayıb o həmişə parik taxır.
Nəticələri açıqladıq hər yaş qrupundan qaliblər müəyyənləşdi. Səhəri gün musiqili komediya teatrındakı böyük təltif olunma mərasimi üçün elanı verdik. Getməyə hazırlaşırdıq ki, qalib olmuşlardan biri – bir oğlan mənə utana-utana yaxınlaşıb soruşdu ki, müəllim biz sabah səhnədə çıxış edəcəyik ? Dedim ki, əlbəttə, dostum, səhnədə, böyük səhnədə.. Və o gözlərini kirli ayaqqabılarına dikib kövrək bir səslə axı mənim geyinməyə pencəyim yoxdu- dedi. İstədim əlimlə bütün bədənimi örtüb ordan qaçım. O gün elə bildim ki, dünyanın ən çılpaq adamıyam. Şeir yazan, istedadlı, duyğulu, amma valideynlərini və yurdunu itirmiş bu oğlanın pencəyi yoxuydu. Biz ona pencək təşkil elədik. Elədik eləməyinə amma mən dəhşətli bir paradoksu anladım. Adamlar var ki, o oğlan kimi yurdunu,evini, torpağını, atasını, anasını itirib, pencəksiz qalıb, utanır, üşüyür. Sənətçilər da var ki, böyük səhnələrdə pencəyi ilə birgə həyasını, namusunu da çıxarıb atır, amma nəsə üşümür, titrəmir, utanmır.
Mən bugün burdan özləri burda olmasa da səsimi eşitdiklərinə ümid etdiyim o iki uşağın timsalında bütün faciə qurbanlarına üzümü tutub demək istəyirəm ki, bir azdan axşam düşəcək günəş hardasa uzaqlarda yatmağa gedəcək.Adamlar bütün tədbirlərdən evlərinə dönəcəklər. Onların içində mən də olacam. Bir azdan mən evdə olacam və əynimdəki pencəyi, gözlərimdəki eynəyi, səsimdəki kədəri soyunub sabahı düşünməyə başlayacam. Aylıq maaşımı həftənin günlərinə böləcəm, hesablayacam ki, çağrıldığım toyların hansına gedə bilərəm, şeir yazacam, qəzet oxuyacam. Sezen Aksuya qulaq asıb kədərlənəcəm, tez-tez siqareti tərgidəcəm. Amma yenə siz ananı baladan ayrı saldığı üçün dünyanın saçını yolmaq istəyəcəksiz, pencəksizliyinizdən utanacaqsız. Mən isə səhər yenə işə gələcəm, uşaqlara qayıb yazacam, mühazirəni yazdıracam, bu qəribə, dözülməz təkrarın içində hər şeyi unudacam gələn 26 fevrala qədər. Təkcə mən yox hamı unudacaq. Bizim üçün 26 fevral ildə bir gün çəkəcək, sizin üçün hər gün. Ona görə mənim eynəyimi, gözlərimdəki kədəri, əynimdəki pencəyi, bu çıxışımı, bu çıxışdan sonrakı adi həyatımı bağışlayın. Sabaha qədər dostlar, sabah qədər. Gedirəm gözlərimə yağmurları , ayaqlarıma uçurumları geyinməyə. Gedirəm televizorda keçənildən qalma kadrlara baxmağa. Siz də televizora baxacaqsızınızmı, dostlar ?

  1. Maragli yazidi Qismat muallim. Dogurdanda o korpa qizcigazin atasi va anasi hec vaxt olmayacaq!!! Bu dunyanin parikli sacini dartmaga calisda alina bir sey galmayacak!!! Man cox dartim1 Amma atam qayitmadi…

    Comment by ISMAYIOVA NIGAR. — March 6, 2010 @ 3:22 pm
  2. Çox təsirli yazı idi.Hətta bəzi abzaslarda hönkürüb ağlamaq gəldi içimdən.Gəldi də,boğazımda boğub qəhərlə əvəz elədim.Xocalı dərdi,hönkürüb ağlamaq üçün çox köhnəlib mənim üçün. 2-3ildi ki,həmin gün göstərilən fraqmentlərə baxmıram.Hətta, o faciəni yaddaşımdan silib atamaq istəyirəm.Yəni türkçülük xislətimizə,Yox,yalnış anlamayın döyüşkənliyimizə deyil(o ruhumuzu çoxdaan soyunub atmışıq,kimimiz beynəlxalq kürsülərdə,kimimiz səhnədə,kimimizdə…)unudqanlığımıza sadiq qalaraq.Belə də ki,yalnız bu ildönümü ərəfəsində görüb oxuduqlarımızın qarşısında sən,mən hıçqırıb ağlamaqla, 3-5 ürək,yuxu dərmanı atıb yuxularımızı və səhətimizi qaydalaşdırmaqdan başqa əlimizdən bir şey gəlmirsə boş verməkdən başqa çarəmiz yox.Yəni,iki şansımız var ya mazaxist olmalıyıq ya da manqurt.

    Qismət, mən sənin tərcümələrini oxuyurdum ara-sıra (bəzi sayıtlardan)Açığı sənin də dırnaqarası ədəbiyyatla məşğul olduğunu düşünürdüm.Radioda, Əlinin proqramındakı müsüahibənə təsadüfən qulaq asdım,qadın haqqındakı şeirin çox xoşuma gəldi.Düzdü danışıq qabiliyyətin çox zəifdi,yazılarında özünü daha yaxşı ifadə edirsən.(əli də.Bu da təbiidi)Anlayacağın,oproqramdan sonra daha yaxından izləyirəm yaradıcılığını.Formalaşmaqda olan müasir ədəbiyyatımızdakı tanınan bir çox imzalardan daha ciddi və dolğun qələminin olduğunu və yalnız dəbiyyata xidmət etdiyini düşünürəm.

    UĞURLAR!!!

    P.S Əlinin reklam haqqını unutma…)))

    Comment by sona — March 9, 2010 @ 11:16 am

Şərh yaz

RSS feed for comments on this post. TrackBack URL