Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Poeziya

March 6, 2010

Anar Amin: Səviyyə testi silsiləsi

Nurlana üçün

Sərxoş olub ağlayanda xoşbəxt oluram,
ağlayanda.
Xoşbəxt görünən adamlar bədbəxt adamlardı:
sənin kimi,
mənim kimi,
onun kimi…
Ağaclar yarpaqlarından,
kişilər papaqlarından…
Nəsə baş verir, nəsə…
Ölənə kimi səbr elə, döz,onu deyə bilmirik,
Bax həqiqət odur ki, o- biz onu deyə bilmirik.
Nə deyirsən de, yaddaşım daş yaddaşıdı.
Bu ölkədə ya susub yaşamalı,
ya danışıb getməlisən, getməli…
Gözlər yaşla, fikir başla,
ağrı ürəklə oynayır.
Əsə bilən nə vardısa,
hamısı küləklə oynayır.
Bu görüş bəlkə də son görüşdü.
ümid bağlama mənə.
Ümidini qırmasam da aça bilərəm,
səndən çox- çox uzaqlara qaça bilərəm…
Uzaqlara baxarsan, yaxın yadından çıxar.
Dərd ətəyindən tutar, yaxan yadından çıxar.
Axtararsan, axtararsan, tapa bilməzsən məni.
Tapsan da, o mən olmaram.
Mənə ümid bağlama.
Gedirəm.
Arxamca gül, ağlama.
Ağlasan…

* * *

Ulduzlar min illərdi doğan ayın balalarıdı, balaları.
Günəş şərqdə doğulur,
böyüyür, böyüyür…
ağlı kəsəndə qərbə gedir.
Deməli qərbdə nəsə var, nəsə…
Qərbə getmək lazımdı, qərbə…
Qərbdə soyunmaq, şərqdə yuyunmaq…
Eh, soyunmaq istəyəndə yuyunmaq,
yuyunmaq istəyəndə soyunmaq yada düşür, soyunmaq.
Elə soyunmaq var ki, yuyunmaq yaddan çıxır.
Ondan sonra yuyunmaq…
Onda da…

***

Əvvəl sözümü,
sonra özümü sevdi qızlar.
Şair dedilər,
məni şeir yazmağa məhkum etdilər.
Getdilər, getdilər…
Tək qaldım, təklik dahilikdi, dahilik.
Düşünürəm, düşünürəm…
Keçmişə şükür, gələcəyə fikir lazımdı, fikir.
Əllərimi masanın üstünə qoyub, barmaqlarıma baxıram.
Barmaqlarım məndən başlayan yollar,
mənsə bu yolların yolçusu.
Yorulmuşam, yorulmuşam.

***
Nədənsə kövrəlmişəm
güzgüyə baxıram,
gözlərim gözümə girir.
Gözlərimin ağı ağ,
qarası qara günlərimi xatırladır mənə…
Göz yaşlarımsa…
Gözlərim göz yaşlarımdan
içiblər, kefləniblər,oynayırlar
aşağa- yuxarı, sağa- sola…
Könlümdən oynamaq keçir,
dərdlərimlə qol-qola.
Oynayaram, oynayaram,
gözlərimin oynadığı havanı
mənim üçün çalan ola…
***
Dünyada ən böyük dərd
bəlkə də vicdan dərdidi.
Vicdanı narahat olanlar bilər bunu…
Vicdanı rahat olan qadınım soruşdu :
“nolub sənə, Anar Amin ?”
“ şeir yazmaq istəyirəm”.
İnandı, aldandı, yatdı.
Mənimsə vicdanım çox narahatdı.
Qadınlar təklikdən qorxduğu qədər
qorxuram allah, səndən, təkliyindən
məni qadınıma bağışla…

Sorry, the comment form is closed at this time.