Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Köşə

March 9, 2010

Pərvin Abbasov: 8 Mart hədiyyəsi

…martın 8-nə hələ on saatdan çox qalmışdı. O neçə saatdır “nə yaxşı ki, ayın 7-si buraxıldım, yoxsa bu il də Sevdaya hədiyyə ala bilməyəcəkdim” – deyib, ürəyində sevinirdi. Hədiyyə almışdı… Elə həmin hədiyyədən idi, 6 il – hər günü bir ilə bərabər olan 6 il əvvəl aldığı hədiyyədən. İndi aldığı gəlincik də 6 il əvvəlki boyda, həmin rəngdəydi, bəlkə də eynən həmin gəlincikdən idi. Ancaq deyəsən özü həmin adam deyildi…

Yamanca sevinirdi, həm azadlığa çıxdığına, həm Sevdasına qovuşacağına, həm də ona gəlincik hədiyyə edəcəyinə görə.

Əslində həbsxanadan çıxan kimi evə getmək istəyirdi. Dükanların qarşısından keçərkən təsadüfən 6 il əvvəl Sevdaya aldığı gəlincikdən görmüş, qiymətilə maraqlanmış, pulu çatdığından onu almışdı. Yox-yox, daha doğrusu gəlinciyi görən kimi bir müddət (heç özü də bilmirdi ki, neçə saat) donub qalmış, həmin günləri xatırlamışdı…

…Sevdayla evliliklərinin birinci ayı idi. O, 8 Mart bayramı münasibətilə Sevdanı şəhərə aparmışdı, xeyli gəzmişdilər. Sonra da dükandan ona gəlincik almışdı. Gəlincik Sevdanın əlində birlikdə evə gedirdilər, özü də deyə-deyə, gülə-gülə.

Lakin yolda onların, daha çox da Pənahın kefinə yamanca soğan doğrandı. Buna səbəb cütlükdən qabaqda gedən üç nəfər gəncin ucadan pis söyüşlər söyməsi idi. Həmin an Pənah gənc xanımının yanında özünü təhqir olunmuş saydı. Və gənclərə yaxınlaşaraq onlardan küçədə bərkdən söyüş söymələrinin hesabını sormaq istədi. Gənclərlə mübahisə isə Pənahın onlardan birini bıçıqlamasıyla qurtardı…

…İndi – martın 7-də Pənah düz 6 il əvvəl olmuş hadisəni anbaan xatırladı, sonra da dükandakı gəlinciyi almaq və evə bir gün gec getmək qərarına gəldi. Fikirləşirdi ki, evə məhz martın 8-i gedib həm də Sevdanın bayramını təbrik edər, hədiyyəsini verər…

Sevdasını çox sevirdi. Özü də lap çox. O qədər də qısqancdı ki! Həbsxanada olarkən Sevda işləmək üçün ondan zorla icazə almışdı. Düzdür, Sevd indi atasıgildəydi. Ancaq Pənah özü bilirdi ki, işləməməsi, pul qazanmaması qadını üçün çox çətindir: axı nə qədər yaxınlardan pul almaq olardı? Razılıq verməyə meyilli olarkən Sevdadan hansı işlə məşğul olacağını soruşmuş, o da başını yerə salıb “bir atelye var, dərzilik eləmək istəyirəm” demişdi. Dərzilik pis iş deyildi ki! Qoy olsun. Beləcə, Pənah razılaşmışdı…

…Piyada fikirli-fikirli gedərkən yolunun üstünə çıxan çayxanaya oxşar bir yerə girdi. Bu çayxanaya oxşar yerdə qiymətlərin baha olmayacağı onun divarlarının deşik-deşik kartonlarından ibarət olmasından bəlliydi. Zatən bahalı bir yerə girməyi heç ağlından da keçirmirdi…

İçəridə yeddi-səkkiz stol, stolların yanında isə stullar vardı. Stulların çoxu müxtəlif rəngdəydi. Masaların birində üç kişi oturmuşdu, onlar popiros tüstülədir, ucadan danışır, arabir söyüş söyür, gülüşürdülər. Kişilərdən biri “saxladığı” (o özü məhz belə deyirdi) hansısa qadın barədə gop eləyirdi. O birilər də tez-tez onun sözünü kəsir, əlavələr edirdilər. Birdən həmin söz kəsənlərdən biri mətbəxə tərəf dönərək “aaaz çay nə oldu?” deyib, yenidən kişilərə tərəf döndü. O, bu dəfə öz söhbət yoldaşlarına tərəf dönərək mətbəxdəki ofisianta işarə edərək “bu qancığ da yaman ləng işləyir” dedi. Kişilərdən başqası da ofisiantı nəzərdə tutaraq “ancaq pis şey deyil ha” dedi. Söhbət yenidən davam elədi.

Pənah bayaqdan bu adamları, onların hərəkətlərini müşahidə edir, söhbətlərinə qulaq kəsilirdi. Qulaq kəsildikcə də oturan kişiləri özündən aşağıda görür, fikirləşirdi ki, nə qədər axmaq adamlar var. Düzdür, o özü həbsxanaya düşməzdən əvvəl söyüş söyməsə də, “içəridə“ ağzı yaman korlanmışdı. Ancaq elə “içəridə” özünə söz vermişdi ki, azadlığa çıxan kimi ağzını “düzəldəcək”.

Yenidən düşüncələrə daldı. “Yaxşı ki, həbsxanadan çıxan kimi evə getmədim. Səhər bir yer tapıb üzümü də qırxaram. Evə üzü saqqallı getmək yaxşı olmazdı”. İndi o, bir yer tapıb gecələməyi və üzünü qırxmağı düşünürdü. Maraqlıdır, indi o elə bir vəziyyətdəydi ki, hətta üz qırxmaq üçün yer fikirləşib tapmaq barədə düşündüyünə görə də sevinirdi. Çünki Pənah bu 6 il ərzində ancaq gənci bıçaqladığına görə peşman olub-olmamaq barədə düşünmüşdü. Gah peşman olur, “o oğlanı bıçaqlamamaq da olardı” – deyir, gah da özünə haqq qazandırırdı. Ancaq özünə haqq qazandırdığı vaxtlarda da ürəyinin dərinliklərində peşmantəhər kimi olurdu…

Bayaqdan çayxanadakı kişilərin söhbətlərini dinlədikcə isə Pənahın ürəyi bulanırdı…

…Ancaq birdən onun bulanan ürəyi sancdı. Deyəsən ürəyinin dərinliyindəki peşmantəhər hislər üzə vurmuşdu: mətbəxdən gələn, həm də bayaqdan haqqında söyüş söyülən ofisiant qadın onun Sevdası idi… Gözləri qaraldı… Bir neçə an keçdi. Özünü o qədər də itirmədi, başını döndərdi ki qadını onu görməsin. Bir an içərisində sanki bütün baş verənlər gözünün qarşısından gəlib keçdi; bu dəqiqə onun ən böyük arzusu bu çayxanadan çıxmaq idi: Sevda onu görmədən çıxmaq…

…Nəhayət, Sevda əlində padnos əvvəlki yerinə (yəqin ki mətbəxə) qayıdanda o ayağa durdu; bir də özünü küçədə gördü, gəlincik də əlindəydi. İndi nə barədə düşünəcəyini belə bilmirdi…

pervinabbasov@mail.ru

Şərh yaz

RSS feed for comments on this post. TrackBack URL