Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Məqalə

February 6, 2010

Mövlud Mövlud: “Bu zalım dünyayla neyləyəcəksən?…”

20-ci yüzilin birinci yarısında Azərbaycan ədəbiyyatı kiçik istisnaları çıxmaq şərti ilə daha çox sosrealizmin saxta qəlibləri içində yaranırdısa, 60-cı illərdən başlayaraq (“Xruşşov mülayimləşməsi” dövründə) dünyada baş verən ictimai-siyasi, mədəni dəyişiklərin, təsirilə ədəbiyyatımızda lirik-psixoloji ovqat artdı. 65-67 milyon adamın həyatına son verən 2-ci Cahan Hərbinin vurduğu ağır zərbələrdən sonra yazıçılarımızı daha çox insanın mənəvi aləmi ilə bağlı mövzular maraqlandırmağa başladı. Tarixi-sosial-mədəni dəyişikliklər yeni bir epoxanın başlanmasından xəbər verirdi…
Bu dövr Azərbaycan ədəbiyyatında insanın daxili aləmi, keçirdiyi psixoloji travmalarla bağlı mövzulara meyl gücləndi. İsa Muğannanın “Doğma və yad adamlar” romanı ilə körüklədiyi “içə qayıdış”, Anarın “Mən, sən, o və telefon”, “Dantenin yubileyi” əsərləri, Əkrəm Əylislinin “Adamlar və ağaclar” trilogiyası, Elçinin bir sıra hekayələrilə alovlandı.
60-lardan etibarən şeirimizdə əvvəlki epik miqyaslılığı (məsələn, Səməd Vurğunun poemaları) füzuliyanə lirizmlə əvəzləyən əsas yaradıcı şəxsiyyət, şübhəsiz ki, Ramiz Rövşəndir. “Göy üzü daş saxlamaz”, “İlan balası”, “Ayrılıq”, “Bu güzgüyə bir vaxt qoşa baxardıq”, “Çiçəklər doğulur bu yaz gecəsi” kimi şeirlərində, “Süd dişinin ağrısı” poemasında o, əhvalatı danışmaqda daha çox (özündən əvvəlki şairlərdən fərqli olaraq) onu ağlayır. Beləliklə R.Rövşən insana onun içi, aqibəti ilə bağlı suallarla üz tutur. O, ölüm, tənhalıq, ayrılıq mövzularına şairanə bir sualla yanaşır.
Məsələn, biz “Bu güzgüyə bir vaxt qoşa baxardıq” şeirində özümüzə baxsaq, görərik ki…
Güzgü mövzusu ədəbiyyatımızda çox işlənib (özünün həqiqi və simvolik mənasında). Füzuli Məcnunun dilindən belə yazmışdı:

Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən
Və gər güzgudən umdum sidq, əksi-müddəa gördüm.

Sabir bir şeirində şairə bədxah nəzərlə baxıb gözünü bərəldənə müraciətlə “yoxsa bu ayinədə əyri görürsən özünü?…” deyirdi.
İnsanlar bir-birini əvəz edir. Amma dərdlər həmin dərdlərdir. Güzgü (dünya) bizi udur və bizdən onda nə qalıbsa, təzələrə təqdim edir: Buyur, çək bu köhnə dərdi…

Bu güzgüyə bir vaxt qoşa baxardıq,
Bu güzgüdə yerin indi boş qalıb.
Bəlkə səndən bu güzgünün canında
Dodaq qalıb kirpik qalıb qaş qalıb.

Bu güzgüdən gəlib keçir xanımlar,
Özlərinə baxıb-baxıb keçirlər
Dodağından dodaqları rəng alır,
Kirpiyindən kirpik taxıb keçirlər.

Onun bir şeirində bir neçə ovqat, hadisə, hadisəyə münasibət bir-birini əvəz edə bilər. Amma şeirin ümumi intonasiyası axsamaz. AYB-də keçirilən görüşlərin birində: “Əsl şeir odur ki, içində bir neçə şeir olsun” demişdi. Sonralar onun yazılarının içində bir neçə şeiri bu yazını yazan barmaqlarımla saymışdım. Məsələn, elə götürək məşhur “Ayrılıq” şeirini:

Aradan nə qədər il keçib görən,
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim sənsiz ölərəm
Mən sənsiz ölmədim məni bağışla!

Şair var, bunu tapandan sonra oturar, bir siqaret yandırar, nəfəs dərər. Orasını-burasını doldurub üçbəndlik bir “miskinnamə” düzəldər. Sonra da mətbuata müsahibə verib, ədəbiyyat və əzab mövzusunda danışar. Amma Ramiz Rövşən belə işlərlə baş qatan deyil.

Bunun ardınca “ikinci nəfəs” açılır:
“Ölmədim” deyirəm, nə bilim axı?
Bəlkə də mən sənsiz ölmüşəm elə,
Qəbirsiz, kəfənsiz ölmüşəm elə…

Bəndlər bir-birinin bətnindən doğula-doğula böyük bir simfoniya əmələ gətirir.
Ramiz Rövşən şeirinin heyrətamiz intonasiyası var. Biz yaşı minilliklərlə ölçülən şeirimizdə fikir etibarilə ilə bir-birini təkrar edən iki yaxşı şeir tapa bilərik, amma eyni intonasiyada iki yaxşı şeir tapmaq mümkün deyil. Onun havasına oynayan “çox qoçaqlar yoxa çıxdı ortadan”. Bircə misra oxuyan kimi bilirsən ki, Ramizin havasıdır. Onları qınamalı da deyil, axı bu misranın təsirinə necə düşməyəsən: “Bu zalım dünyayla neyləyəcəksən?”
Nə yazsa, özünəməxsus yazır, hətta ərəb əruzunu da:
Papaq nədir? O bizim atamız qardaşımız…
Bir 11-likdə nəfəsi axıra kimi darta bilməyən “ilhamıqırıq” şairlər dövründə 11-dən 8-ə keçib ritmi axsatmayan Ramiz Rövşən öz nəhəngliyi ilə bir daha bizim gözümüzü qorxudur.

Sən dadıma yetiş, ana,
Ana, sənin balan mənəm.
Bu gecə ay işığına
çarmıxlanıb qalan mənəm.

Ana, məndən keçən bu işıq nəymiş,
Ana, mən ki işıqyeyən deyiləm.
Görünür bəxtim beləymiş,
Bəxtimi söyən deyiləm.

Şeirlərinin Bunyuelin filmlərini xatırladan ovqatı adamı şairanə pessimizmə salır və Kafkanı növbəti dəfə haqlı çıxarır: “Ədəbiyyat xarakter məsələsidir və məzmunca faciəvidir”.

Bir dostum, arxam olmadı,
Mənsiz darıxan olmadı,
Ha yandım, baxan olmadı,
İndi yox külümdən əziz.

Bir adayam, qərib ada,
Doğmalarım döndü yada,
Daha mənə bu dünyada
Nə qaldı ölümdən əziz?!.

Mövlud MÖVLUD

525-ci qəzet

Şərh yaz

RSS feed for comments on this post. TrackBack URL