Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Müsahibə

February 9, 2010

“Birinci olmaq üçün yazımı müsabiqəyə vermişəm”

Mövlud Süleymanlı: “Rəqiblərim məndən güclü ola bilməzlər”

Bir neçə gündən sonra Milli Kitab Mükafatının qısa siyahısı (10-luq) açıqlanacaq. Vaxt daraldıqca, adı siyahıda olan nasirlər bir-birlərinə qarşı müxtəlif ittihamlarla çıxış edirlər. Əsasən gənc yazarların hədəfində olan şəxslərdən biri xalq yazıçısı Mövlud Süleymanlıdır. Buna görə də onları düşündürən sualları Mövlud müəllimə ünvanlamaq qərarına gəldik:

- Adınız Milli Kitab Mükafatının uzun siyahısına, yəni, 20-liyə düşüb. Siyahıda özünüzə rəqib kimi görürsünüz?

- 20-liyə düşdüyümü sonradan bildim. Əslində mən 20-liyə düşmək üçün deyil, birinci olmaq üçün yazımı müsabiqəyə vermişəm. Siyahıda olanlar içərisində tay-tuşlarım, bəyəndiklərim, qələminə hörmət etdiklərim var. Amma təqdim etdikləri yazıları oxumamışam deyə bilmirəm kim mənə rəqib ola bilər.

- Müsabiqədə iştirakınız gənc yazarların narazılığına səbəb olub. Deyirlər, Mövlud Süleymanlı ən böyük titula – “xalq yazıçısı” adına sahibdir. İndi müsabiqəyə qatılmaqla nəyi sübut etmək istəyir?

- Əslində gənclərin bu fikrini düzgün hesab edirəm. Niyə bu müsabiqəyə qatıldığıma aydınlıq gətirim. Əvvəla, bu müsabiqə mənə maraqlı gəldi. İndi yaşadığımız durğunluğun içərisində bu müsabiqə mənə bir hərəkat, irəliləyiş təsiri bağışladı. Digər tərəfdən, düşündüm ki, indi heç kim heç kimin yazısını oxumur, bu yazım başqa harada oxunacaq? Elə Münsiflər Heyətində olan adamlar oxusalar, bəsimdir. Onların əksəriyyətini çox yaxından tanıyıram, yaradıcılığına, səviyyəsinə yaxından bələdəm. O insanların mənim yazımı oxumasını istədim.

- Münsiflər Heyəti ilə də bağlı müxtəlif fikirlər səsləndirilir. Məsələn, hamısının ədəbiyyat adamı olmamasından, rusdillilərin iştirakından narazılıq edənlər də var…

- Mən bu fiKri ciddi hesab etmirəm. Rüstəm İbrahimbəyova, Çingiz Abdullayevə, Afaq Məsuda və digərlərinə çox böyük hörmətim var. Rus dilində yazanlar belə Azərbaycan dilində yazılmış əsərləri oxuyurlar, məlumatlıdırlar. Ona görə də obyektiv qiymət verəcəklərinə inanıram.

- Mövlud müəllim, sizə elə gəlmirmi ki, xalq yazıçısı olmağınız münsifləri dilemma qarşısında qoyacaq? Yəni, əsəriniz xoşlarına gəlməsə belə, adınızdan keçə bilməyəcəklər…

- Yox, bu qeyri-ciddi söhbətdir. Müsabiqədə iştirak edən rəqiblərim bu cür düşünə bilərlər. Onların hamısı istedadlı adamlardır. Amma heç vaxt mənim yazım 20-liyə düşmüş həmin adamların yazdığından zəif ola bilməz. Ola bilsin hələ gəncdirlər, gələcəkdə məndən daha yaxşı yazsınlar, amma bu gün təcrübə, dil baxımından məndən üstün ola bilməzlər. Əgər öz üzərində çalışsalar, milli olsalar, üstünlük əldə edə bilərlər. Əslində bu gənclər bilməlidirlər ki, milli olmaq elə güclü olmaqdır. Bunu anlasalar, məndən güclü ola bilərlər.

LENT.AZ

Şərh yaz

RSS feed for comments on this post. TrackBack URL