Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Köşə

February 16, 2010

Taleh Şahsuvarlı: Köçmüş pişiklər bağçası

Sözün düzü, özüm öz gözlərimlə oxumamışam, lakin ucundan-qulağından eşitmişəm ki, Liberal Partiyası “Ölkə” qəzetini məhkəməyə verir. Hal-qaziyə belədir ki, Rafael Becanovun baş yazar olduğu qəzetdə “Madam” ləqəbli KQB agenti” başlıqlı məqalə dərc olunub, ALP-nin yetənə yetib, yetməyənə də daş atan madar yetkilisi Əvəz Temirxan da bəyan edib ki, pəs, yazıda lideri Lalə Şövkətin “KQB agenti” kimi təqdim edilməsini arxasında Müsavat Partiyasının başqanı İsa Qəmbər durur. Cəmi müşahidəçilərin fikrincə, Temirxanın açıqlamasından sonra Müsavatla ALP arasındakı qarşıdurma qızışıb. Madam siyasətçilərin çənəsi qızışıb, gərək mənim də klaviaturam taqqataq taqqıldaya…

Beləliklə, ALP ilə Müsavat Partiyası arasındakı qarşıdurmanın yeddi xüsusiyyəti:

BİR: Bu qarşıdurmada tərəflərdən birinin meydanı yoxdur;
İKİ: Bu qarşıdurmada tərəflərdən birinin kütləsi yoxdur;
ÜÇ: Bu qarşıdurmada tərəflərdən birinin ortaya çıxartmağa ciddi fiquru yoxdur;
DÖRD: Bu qarşıdurmada tərəflərdən birinin ortaya qoymağa faktı və məntiqi yoxdur;
BEŞ: Bu qarşıdurmada tərəflərdən birinin psixoloji durumu nevrotikdir;
ALTI: Bu qarşıdurmada tərəflərdən birinin siyasi hədəfləri bəlli deyil;
YEDDİ: Bu qarşıdurmada tərəflərdən birinin siyasi reallıqlarla barışması gərəkdir.

***

Hafiz Hacıyevlə Əvəz Temirxanın qarşılıqlı müqayisəsi

* Hafiz Hacıyev qırmızıdır, Əvəz Temirxan bozdur;
* Hafiz Hacıyevin artistizmi güclüdür, Əvəz Temirxanın üzə durmaqda tayı-bərabəri yoxdur;
* Hafiz Hacıyevi başa salmaq olar, Əvəz Temirxanı başa salmaq olmaz;
* Hafiz Hacıyevə sui-qəsd edərlər, Əvəz Temirxana baş qoşmazlar;
* Hafiz Hacıyevdə az-çox ciddiyyət var, Əvəz Temirxanda ağayanalıq yerli-dibli yoxdur;
* Hafiz Hacıyevdən yenilik gözləmək olar, Əvəz Temirxandan heç nə gözləmək olmaz!

***

“İtlər yaxşıdır, yoxsa pişiklər” sualı ilə nə zaman üzləşsəm, həmişə birincilərdən yana olardım. Yadımdadır, bir dəfə “Counterpart İnternational” beynəlxalq təşkilatının seminarında iştirak edirdim və tədbirin bir bölümü məhz bu fundamental sualın müzakirəsinə həsr olundu. AMİP sədrinin sabiq müavini, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı ilə əlüstü “koalisiya yaradıb” orada itlərin pişiklərdən daha üstün olmasını necə lazımdırsa, eləcə də sübut etdik, and olsun inandıqlarımıza ki, heç Amerikaya, Avropaya gedən gənclərimiz bir valüz broşura aparsalar da, dolmanın ermənilərin xörəyi olmadığını elə isbatlaya bilmirlər. Hər nə qədər olmasa, heyvanatlar dünyasında it qurdla qohumdur, qurd da bizim milli totemimizdir, amma gəlin görək pişik nəyimizdir? Yeddi bu yana yaddır! Üstəlik, dədə-babalarımız əsrlər boyu it boğuşdurublar, amma bir dəfə də olsun pişik cırmaqlaşdırmayıblar. Lakin bundan belə həmin sualla haçan və harada qarşılaşsam, gərək pişiklərin üstündən gələm, çünki qazlar Romanı xilas edən kimi, mənim doğulub boya-başa çatdığım Bərdə rayonunu da pişiklər xilas etməkdədir. Lent.az-ın məlumatına görə, artıq bir neçə həftədir ki, Bərdədən Füzuli, Beyləqan və İmişli rayonlarına gələn alıcılar evdə və ya çöldə sahibli-sahibsiz gəzib dolaşan pişiklərin birini 2-3 manatdan satın alırlar. Zirək həmyerlim Qədir Səfiyev İmişli rayonunun Xubyarlı kəndindən son 15 gün ərzində 80-dən artıq pişik alıb və ya tutub. Səfiyev Lent.az-a bildirib ki, pişikləri tarlalara buraxır, onlar da əkini xarab edən siçanların kökünü kəsir. Qoy, pişiklər siçanların kökünü kəssinlər, mən də indidən bir-iki sualın qabağını kəsim.

Ovcumun içi kimi bilirəm ki, 2010-cu ili tarixə “inqilab” kimi yazmağı öhdəsinə götürən “tıklanmayan köşə yazarları” mənim sonradan-sonraya pişiklərin müdafiəsinə qalxmağımı “satqınlıq”, “xəyanət”, “təxribat”, “uğursuzluq” kimi dəyərləndirəcəklər, hətta “komplo nəzəriyyələr” ürətərək təzə mövqeyimin Fazil Mustafanın məlum yazısı əsasında formalaşdığını, yaxud “sifariş”in AYB-dən gəldiyini iddia edəcəklər. Amma çifayda!

Pişiklərə simpatiyam türk yazıçısı Bilge Karasunun “Köçmüş kedilər bahçesi” əsəri ilə tanışlıqdan sonra yaranıb və belə bir gözəl əsəri oxuyandan sonra itləri müdafiə eləmək üçün adamda gərək sədaqət ola…

Şərh yaz

RSS feed for comments on this post. TrackBack URL