Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Müsahibə

July 5, 2010

Salam Sarvan: “Azərbaycan ədəbiyyatı məni maraqlandırmır”


Salam Sarvan: “Bizimkilər söz veriblər ki, dünyanın yaratdığı bütün gözəl dəyərlərin anasını ağladacaqlar”
Ənənəvi Azərbaycan heca şeirinə klassik əruz intonasiyası gətirmiş 90-cı illər ədəbi nəslinin ən istedadlı nümayəndələrindən biri Salam Sarvan hal hazırda Bakı Slavyan Universitetində nəşriyyat direktoru və 150 cildlik dünya ədəbiyyatı seriyasının redaktoru kimi çalışır. Onunla müsahibəni olduğu kimi sizə təqdim edirik.
- Ədəbiyyatımızın bu günki vəziyyəti sizi qane eləyirmi?
-Məncə hər şeyi Azərbaycan adına düşünmək də düz deyil. Niyə Azərbaycanın musiqisi yoxdu, niyə ədəbiyyatı yoxdu, niyə futbolu yoxdu? Yoxdu, yoxdu da… Sənə ədəbiyyat lazımdırsa, o gərək elə Azərbaycanda olsun? Sən onu Fransada tap oxu. Sənə musiqi lazımdırsa və bizdə yoxdusa, onu Almaniyada arayıb dinlə. Milli təəssübkeşlik heç də həmişə məcburi deyil. Nədən biz o iddiadayıq ki, bu balaca ölkədə hər şey olmalıdı – böyük ədəbiyyat da, böyük musiqi də, böyük elm də və sair? Neyləməli, elə coğrafiya var ki, orda «torpaq yetişdirmir». Bizdən asılı olmayan şeylər də var axı. Axı burda möcüzə də baş vermir – «fiziklərimizin» başına alma da düşmür axı.
Yəni, Azərbaycan ədəbiyyatının vəziyyəti məni qətiyyən maraqlandırmır. Bu «vəziyyətin» yanından keçib dünyanın beş ölkəsinə çıxan «Yarımçıq Əlyazma» kimi əsərlərin tək-tük olması da kifayətdi.

- Ədəbiyyatda cəbhələşməyə münasibətinizi bilmək maraqlı olardı. Sizcə, hər hansı ədəbi qurum bir yazıçının yetişməsinə kömək edə bilərmi?
- Amerikada ilk Nobeli Luis Sinkler alıb. Ancaq o vaxtlar Sinkler Amerikanın AYB-si olan «İncəsənət və Ədəbiyyat Akademiyası»nın üzvü deyildi. Onu həmin quruma götürməkdən imtina eləmişdilər.
Əslində, ədəbi qurumlar yazıçı yetişdirmək üçün yox, oxucu yetişdirmək üçün yaradılır. Söhbət əlbəttə ki, hansısa ideologiya, ədəbi cərəyan ətrafında birləşmələrdən gedir. Yəni, eyni cür düşünən yazarlar cəmiyyəti öz auditoriyasına çevirməyə cəhd eləyirlər. Hətta futuristlər öz ədəbi prinsiplərini İtaliyada siyasi həyata da hakim eləmək iddiasındaydılar.
Ancaq ədəbiyyatın yaradılmasında kollektiv cəhdlərin heç bir rolu yoxdu. Ədəbiyyatı təklər yaradır – markeslər, dostoyevskilər, sartrlar… «Sürrealist ədəbiyyat», «futurist ədəbiyyat», «postmodernist ədəbiyyat» və sair anlayışlar estetik effektlərdi, bədii səviyyə effektləri deyil ki. Yəni, əsər postmodern olaraq pis də, yaxşı da yazıla bilər. Məsələn, bir vaxtlar bizdə belə bir dəb var idi. Adamlara elə gəlirdi ki, yazı postmoderndirsə, deməli, yaxşıdı. Hətta bəziləri mətnlərinin üstünə «postmodern mətn» qeydini böyük hərflərlə yazırdılar da. Bakının kostyumuna fransız etiketi yapışdırmağa oxşar bir şey. Yəni bir qəlib düzəltmişdilər və elə bilirdilər ki, bu qəlibə zibil də töksən qızıl çıxacaq, çünki qəlib – «qızıl qəlibi»dir.
İndi eyni səhvi mənim dostum Şahbaz Xuduoğlu da eləyib başını salıb bəlaya. «Ən yeni ədəbiyyat» adlandırdığı seriyadan kitablar buraxmağa başlayıb. Eşitdiyimə görə, hərə qoltuğuna bir əsər vurub qaçır onun üstünə ki, məni də bu seriyada çap elə. Sanki Şahbaz bəy əlində möhür oturub ədəbiyyat məmuru kimi və gəlib-gedənin yaradıcılığına «ən yeni» möhürü vurmaqla məşğuldu. Bunlara da elə gəlir ki, Şahbaz bəyin düzəltdiyi bu qəlibə nə töksən, ordan «ən yeni» çıxacaq.
- Vaxtilə Mirşahinin «Çoxlarının sevdiyi şair Salamdır. Bəs Salamın sevdiyi şair kimdir?» sualına «Salamın sevdiyi şair də Salamdır» kimi cavab vermişdiz. Bəs indi, illər sonra necə fikirləşirsiz, yaş keçdikcə hansı şairlər daha çox qəlbinizə yol tapır?
- «Yaş keçdikcə» sözüylə lap hədəfə vurursan. Axır vaxtlara qədər mən şeiri ürəklə yox, beyinlə oxuyurdum, yəni, sənət kriterilərindən yanaşırdım şeirə, onunçün də oxudan ləzzət ala bilmirdim. İndi «səmimi» şeirlər axtarıram oxumağa – yəni, indi o şeirləri xoşlayıram ki, onlar sənətçün yazılmayıb, qurulmayıb, içdən gəldiyi kimi də kağıza köçürülüb. Yəqin ki, bu elə yaşın keçməsiylə bağlıdı.
- Azərbaycan şeirinə gətirdiyiniz yeniliklər o dövrdə ciddi rezonansa səbəb oldu. Sizi imitasiya edənlər də tapıldı. Sizcə şeirdə uğur qazanmağın əsas yolu nədir? Orijinal intonasiya, yoxsa orijinal fikir?
- Bunu bir dəfə də demişdim və səmimiyyətimə inanmamışdılar. «Şeirdə uğur qazanmaq» məsələsi heç vaxt ağlımdan keçməyib. Heç «şair olmaq» da… Düşünürəm ki, şairlik mənim başıma bir hadisə kimi gəlib, bir qəza kimi gəlib. Məncə şeirdə uğur qazanmağın heç bir yolu-zadı yoxdu, sən elə durduğun yerdə birdən-birə şair olursan, vəssalam. Və təbii ki, şair olursansa, deməli, sənin öz intonasiyan və öz informasiyan, öz düşüncə tərzin olur. Uğurlu nəsrə bəlkə də yavaş-yavaş, axtarışlar apara-apara, püxtələşə-püxtələşə gəlib çıxmaq olar, uğurlu şeirə isə adam birdən gəlir – nə özünün, nə də başqalarının gözləmədiyi halda. Şairin inkişaf eləməsi məsələsini qəbul eləmirəm. Harda inkişaf eləmiş şair görsən, bil ki, onun «inkişaf mərhələsinin» şeirləri özünün deyil.
- Son illər işinizlə əlaqədar dünya ədəbiyyatıyla daha sıx təmasdasınız. Bu, sizin ədəbiyyat və cəmiyyətlə bağlı fikirlərinizdə hansısa köklü dəyişiklik edibmi?
- Köklü dəyişiklik olmayıb. Əvvəlcədən gəldiyim bəzi kortəbii qənaətlər vardı ki, onlar bir az da möhkəmləndi. Mühitimiz, doğrudan da, həddən artıq istedadsız imiş. Bizdə istisnalar çox azdı. Dünya ədəbiyyatından tərcümə eləyən bəzi tərcüməçilərin iddiasıyla səviyyəsi arasında fərq adamı şoka salır. Sanki bizimkilər söz veriblər ki, dünyanın yaratdığı bütün gözəl dəyərlərin anasını ağladacaqlar. Bunların qarşısını almasan ən dahiyanə əsəri də dilimizə çevirib bir qəpiklik eləyərlər. Azsaylı istedadlı tərcüməçilərimizə də dilimizin kasadlığı mane olur. Beşyüz minə yaxın alman sözündən ibarət Hesseni dilimizə çevirməkçün tərcüməçinin əlinin altında cəmisi əlli min söz var. Dilimizdə yeni sözlərin yaradılmasına dəhşətli ehtiyac var. Heç olmasa dialekt sözlərini sürətlə ədəbi dilimizə gətirməyə başlamaq lazımdı. Onunçün dialektoloji lüğətlə Azərbaycan dilinin izahlı lüğətini birləşdirib yenidən çap eləmək gərək. Orfoqrafiya lüğətinin də yenidən tərtib olunmasına ehtiyac duyulur. Akademik nəşrlərdə yazarların və tərcüməçilərin uğurlu dil ekspermentlərinə meydan verilsə, yaxşı olar.
- Necə düşünürsüz, yazıçı siyasətə qarışmalıdırmı?
- Dünyada peşəkar siyasətə qarışan yazıçılar çox olub. Ancaq Kafka kimi yazıçılar da olub ki, heç cəmiyyətə də qarışmayıblar. Kortəbii statistikadan görünür ki, ümumiyyətlə, öz xalqına bulaşmayan yazarlar daha çox uğur qazanıb. Hər halda bu, bir fərdi məsələdi. Yazıçının dissident olmaq azadlığı olduğu kimi, padşah olmaq azadlığı da var.
- Saray yazıçılarına münasibətiniz necədi?
- Gəlin, bir anlığa saray yazıçısı olmağı faciə saymayaq və baxaq: saray yazıçısı heç olmasa sarayla cəmiyyət, kütlə arasında körpü ola bilirmi?
«Robinzon Kruzo» nun müəllifi Daniel Defo həm də lord Qarleyin (saray naziri) köməkçisi statusunda saray yazıçısı olub. Və «İcmal» adlı dövlət qəzeti buraxıb. Lord Qarley və Defo ayrı-ayrı düşərgənin adamlarıydılar – biri konservator idi, digəri liberal. Ancaq Defo bu dövlət qəzetinin müstəqilliyini özünəməxsus şəkildə qoruyurdu. O, lord NƏ istəyirdisə onu da oxuculara çatdırırdı, ancaq NECƏ çatdırmağı özü müəyyənləşdirirdi. Kənardan elə görünüb ki, onun baxışları hakimiyyətlə üst-üstə düşmür. Ancaq bu görüntü ilk baxışdan beləydi və əslində isə qəzet rəhbərinin ifadə elədiyi müxalif mövqe də elə Lordun özünün idi.
Bu, bir stil idi – hakimiyyətin xalqla davranış stili. Və bu heç də plüralizmin imitasiyası deyildi. Sadəcə, hakimiyyətin həm də müxalifət missiyasında çıxışı idi. Lord Qarley bu stili məhz Defonun yaradıcılığında və taleyində kəşf eləmişdi.
Ancaq Höte nümunəsi də var axı. O, sarayda qulluğa gedən kimi 180 dərəcə dəyişib özünün yaratdığı «Verter» obrazından da imtina elədi.
- Sizə elə gəlmirmi Azərbaycan ədəbiyyatında mövzu kasadlığı var?
- Ola bilsin ki, mən səhv eləyirəm. Ancaq bildiyimə görə, «Leyli və Məcnun»un 600-ə qədər variantı olub. Deməli, bu mövzu böyük bir ədəbi epoxanı məşğul eyləyib. Qəribə də olsa biz hələ də bu mövzunun artıq cırılıb-dağılmış şinelindən çıxmamışıq. Bir dəfə ədəbiyyatımızın yan keçdiyi mövzuları çeşidləmək istəyəndə çətinlik çəkdim. Bizim həm göylə, həm yerlə gedən ədəbiyyatımızın cığırları sanki eynidi, bir-birinin təkrarıdı. Elə bil ki, ədəbiyyatımız mövzu etibarilə haçandı ki, rahat bir yolla gəlir və bu ədəbiyyat sanki heç vaxt «qəzaya uğramayıb», qəzaya uğrayaraq o rahat yolun qıraqlarına düşməyib. Əlbəttə ki, bəzi «yoldansapmaları» istisna eləyirəm.
- Bir vaxtlar AYB-ni möhkəm tənqid eləməyə girişmişdiniz…
- Yox, mən heç vaxt AYB-ni tənqid eləməmişəm. Mənim AYB rəhbərliyinə sadəcə konkret bir sualım olub və hələ də onun cavabını ala bilməmişəm.
- Bilmək olarmı o, nə sualdı?
- Yazıçılar Birliyi əslində çox böyük bir təsərrüfatdı. Dövlətdən aldığı xeyli vəsaitin müqabilində bu təşkilatın fəaliyyətindən üzə çıxan bir dənə qəzet, iki dənə jurnaldı. Belə çıxır ki, 1400-dən çox üzv, ştatındakı 200-dən çox işçi, neçə katiblik, neçə şöbə, neçə komissiya, yerlərdəki neçə filial, rəhbərliyindəki neçə ağsaqqal kişi ona görə bir yerə yığışıblar ki, bir qəzet, iki jurnal çıxarsınlar?
- Ədəbi tənqidin ən çox diqqətini cəlb edən şairlərdən biri kimi çağdaş ədəbi kritikamızın vəziyyətini necə dəyərləndirirsiniz?
- Hələ onu deyim ki, tək bizdə yox, elə dünyada da ədəbiyyatşünaslığın həcminin ədəbiyyatın həcmindən qat-qat çox olması adama qəribə gəlir. Bizdə lap ağını çıxarıblar. Dissertasiya mövzularının əksəriyyəti təxminən bu xarakterdədi: «Filankəsin «Filan» əsərindəki Filanə obrazıyla, Bəhmənkəsin «Bəhməniyyə» divanındakı Bəhmən obrazı arasındakı müqayisə müstəvisində gender problemləri»… Heç dəxli var?!
Konkret ədəbi tənqidimizə gələndə insani amilləri bir qırağa qoyub danışa bilmərəm. Ədalət və minnətdarlıq qarışıq bir hisslə deməliyəm ki, normaldı. Hərçənd ki, bəzən belə hallar da olur: tənqidçilərin qarşısına Hindistan qoyursan, onlarsa onun üstündə Amerika kəşf eləyirlər.
- Sizi çox ciddi tənqid edənlər də olub. Tənqidə dözümlüsünüzmü?
- Özümün və qələm dostlarımın təcrübəsindən bir şeyi dəqiq deyə bilərəm: bəzən qətiyyətlə qəbul eləmədiyi iradlar da şüuraltı da olsa yazarın xeyrinə işləyir. Bu mənada tənqidi qəbul eləməyən adam yoxdu.

Söhbətləşdi:
Nərmin Hüseynzadə
“Alma”

Şərh yaz

RSS feed for comments on this post. TrackBack URL