Tural Ağatlı: Yeni şeirlər
GECƏNİZ XEYRƏ QALSIN!
Üç yoldaş, uzun yol, yerişlər qıvraq,
Tutqun bir gecənin ömrü yarıdır.
Qarşıda zülməti səylə yararaq,
Yolumuz sürətlə evə sarıdır.
Yenə də işıqlar hər günkü təki
Qəflət yuxusunda yuxulayırdı.
Hərdən bir gözünü açıb çəpəki,
“Artırmı saçlarda dən?” yoxlayırdı.
Qoy yerə tacından Ay işıq saçsın,
Hər gecə önündə qurulanda taxt.
“Ayrılaq, gecəniz xeyirə qalsın”,
Bizlərdən bir nəfər dilləndi bu vaxt.
“Xeyirə qənşər get” söyləyərək biz,
Xeyirlər dilədik dost ünvanına.
O döndü, ayrıldıq, indi ikimiz
Daraşdıq çuxurlu yolun canına.
Bir azdan özümdə tək dinəsiyəm
Bu aylı, ulduzlu göyün altında.
Deyəsən, indicə təklənəsiyəm,
Qazandım bir “gecən xeyrə qalsın” da.
“Xeyirə qənşər get” söyləyib də mən,
Döndüm evimizin səmtinə sarı.
Bir fikir oyandı beynimdə birdən,
Doğradı gözümdə qaranlıqları.
Bəs mən evimizə dönəndə tini,
Kim yenə gedəcək bu yolla-izlə?
Bəs kimə gecənin gecə xeyrini
Söyləyim bölüşək bir-birimizlə.
Birdən ixtiyarsız qanrılıb dala,
Yavaş pıçıldadım – səsim qısalsın.
“Sən mənim gecəmə xeyir arzula,
Ay gecə, gecən də xeyirə qalsın”.
İLK UÇUŞ
Həsrətindən ibrət alıb Məcnunun,
Uçub sənin ürəyinə qonaram.
Gülləsinə heyfi gəlsə ovçunun,
Uçub sənin ürəyinə qonaram.
Dərd eşqimi öz başıma uçursa,
Əl uzatsam, əllərimi qucursan.
Tanrım məni “dövlət quşu” uçursa,
Uçub sənin ürəyinə qonaram.
Haraylayın, gəlsin dədəm ozanı,
Adlandırsın bu dastanı yazanı.
Qəfəslərdən bir azadlıq qazanıb,
Uçub sənin ürəyinə qonaram.
Haqq yolunda xidmət edən bir ürək
Söylə yarım, nədən qorxu çəkəcək?
Ürəyimin gözlərindən öpərək,
Uçub sənin ürəyinə qonaram.
Qəlbim seçən özgəzinə vurulsa,
Yerə girrəm, qara torpaq yarılsa.
Şairlikdə ilk uçuşa yorulsam,
Uçub sənin ürəyinə qonaram.
talehoglu@gmail.com
![images[1]](http://edebiyyat.net/wp-content/uploads/2010/07/images1-150x127.jpg)







