Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Proza

July 18, 2010

Yeganə Cansail: Yachts…yaxud xeyirxah qatil

Bayırda yağışlı soyuq külək əsirdi. Belə havanı heç sevmirəm. Adətən belə günlərdə evə çəkilir, isti sobanın qarşısında bardaş qurub kitab oxuyar, yaxud notbukda dostlarla yazışıram. Bu gün nəsə içimdə caz mərkəzinə gedib musiqi dinləmək istəyi yaranmışdı. Nə vaxtdı ora getmirdim. Proqramda gürcü qonaqların ifası yer almalıydı. Odur ki, həvəslə evdən çıxıb caz mərkəzinə üz tutdum.
Burdakı alaqaranlıq zal, həzin caz sədaları və içki qoxusu insanda xoş aura yaradırdı. Bu gün əvvəl ki, günlərdən fərqli olaraq gələn tamaşaçıların sayı az deyildi. Həmişə ki, yerimə künc tərəfdəki boş masaya keçib oturdum. Martini sifariş edib ətrafa nəzər yetirdim. Gələnlərdən əksərinin siması mənə tanış idi. sənət adamları, caz sevərlər və yalnızlar…
Gürcü ifaçısı öz ölkəsində çox da məşhur olmasa da cazı ürəkdən ifa edirdi. Qadının ifasından kifayət qədər zövq almaq və bütün pislikləri unutmaq mümkün idi. bir az içki, bir az da saksafonun səsi məni sərxoş etmişdi. Lakin növbəti səslənən musiqi bir anda sanki məni yuxudan oyatdı. Coco Steelin “Yatchs” musiqisinin sədaları fikirlərimi də alıb özüylə uzaq Arxangelsk məkanına apardı. Düz 5 il öncə bundan qabaq olmuş hadisə hələ də yaddaşıma anbaan həkk olunmuşdu. Orada bir qadın vardı. O zamanlar orada işləməyə gedərkən bu qadınla təsadüfən rastlamışdım. O mənim qonşum idi. qəribə sifəti var idi. çənəsi həddindən çox irəli gəlmiş bu qadının dodaqları sanki üzündə quyu təsvirini yaratmışdı. Onun bu əcaib simasına baxanda ərinin onu necə öpdüyünü düşünür və bunu hər vəcdlə gözlərim önündə canlandırmağa çalışırdım. Lakin nə qədər etsəm də bu xəyalımı canlandıra bilməyib təəssüf hissi keçirirdim. Arxangelsk mənim həm də uşağlıq illərimin keçdiyi yerlər olduğundan buranı çox sevirdim. Şəhərdən uzaq, qarlı-qışlı kənd həyatı. Burada şəhərin gərginlik dolu stressi, depressiyası əriyib gedirdi. Hərdən mənə elə gəlirdi ki, yazıçı olmaq istəyən adam mütləq buralara baş çəkməlidir. mən taxtalardan düzəldilmiş ruslara məxsus bağlı-baxçalı evdə yaşayırdım. Hərçənd buraların gecələri çox soyuq və qorxulu idi mənim üçün, amma gecələrini çox sevirdim. Xüsusilə də Arxangelskin bəyaz gecələri möhtəşəm idi. belə gecələrdən birində bir dəfə yenə həyətə düşüb gəzirdim. Birdən həmin qadını öz qapısının yanında pilləkəndə oturub ağlayıb-sızlayan gördüm. Nədənsə ondan çəkinirdim. Yaxınlaşmağa risk etmədim. Onun haqqında məlumatım az olduğundan bu qadın həmişə məni maraqlandırırdı. Çəpərlərə yaxınlaşdım. O deyəsən məni gördü. Tez ayağa qalxıb evinə getdi. Sonralar bu hadisə neçə dəfə təkrar oldu. Bir dəfə ürək edib qadının ardıyca mən də getmişdim. Qapısını döyərkən açıq olduğunu görüb içəri daxil olmuşdum. Otaqda çilçıraqdan asılmış kəndir və taburetka var idi. qadın isə otağın düz ortasında dizləri üstə düşüb ağlayırdı. Tez ona yaxınlaşıb:
- Nə baş verir? – deyə bağırmışdım. O an mənə elə gəlmişdi ki, o intihar etmək istəyir. Sonra qadına bir stəkan su verib onu sakitləşdirməyə çalışmışdım. Bir neçə dəqiqədən sonra isə o artıq susurdu. Gözləri yol çəkirdi.
- Hər şey yaxşıdır? – deyə sual etmişdim ki, o yenidən ağlamağa başladı. Bu dəfə lap pis hönkürürdü.
- Öldür məni nə olar, öldür. Yalvarıram. Mən intihar edə bilmirəm, qorxuram. Sən öldür məni. Gecə yatanda gəl bıçaqla öldür məni, nə olaaaar- deyəndə isə heyrətimdən bilmədim nə cavab verim. əvvəl mənə elə gəldi ki, o dəlidir. sonra isə otaqda divarda asılan yaşlı kişi və gənc oğlan şəkillərinə baxıb:
- Bax, bax onlara. Görürsən biz əvvəl necə xoşbəxt ailə olmuşuq? Görürsən? İndi onlar yoxdular. Məni tək qoyub gediblər. Gedibləəəər!!! – deyə bağırdı.
İndi mənə aydın oldu ki, o qadın niyə hər səhər qəbirstanlığa gedən yol tərəfdən gələrmiş. Həmin gün o bütün dərdini mənə danışdı. Dəfələrcə dərman içərmiş. Amma yaşamaq hissi onun ölüm hissini üstələdiyindən dərmanların sayını bilərəkdən az edər, yaxud da dərmanı içdiyi andan sonra qonşuluqdakı rəfiqəsinə gedib hər şeyi ona danışarmış. Bütün bunlar da təbii ki, zərərsiz ötüşməmişdi. Qadının içdiyi dərmanlardan sonra ürəyində tədricən ağır ağrılar başlamışdı. Qan dövranı sistemində pozuntular yaşandığından ağrıları gün-gündən daha da şiddətlənirdi. Bir dəfə gözlərimin qarşısında həkimin ona iynə vurduğu anda “Nə olar mənə elə iynə vur ki, məni öldürsün” demişdi. Bu sözləri o qədər ürəkdən deyirdi ki, ona heç kimə yazığım gəlməyəcək qədər acımışdım. Kim deyir ki, həyat zəhərdir. Yaşamaq eşqi neçə intiharı gözlərdə qoyub ki… Oğlu 26 yaşında maşın qəzasında ölmüşdü. Yoldaşı isə oğlunun dəfn günündə olanlara tab gətirməyib ürəyi partlamışdı. Qadın o vaxtdan itirmək acısını dadıb yalnızlıqla doymuşdu. Hər gecə divarlarla danışır, ağlayırdı. Artıq ondan qorxmurdum, hətta siması mənə çox doğmalaşmışdı. Bir dəfə yanına baş çəkərkən həvəskar kamera ilə çəkilmiş ailə videolarını göstərdi. Doğrudan da çox mehriban və xoşbəxt bir ailəni izləyirdim. Həyətlərində yoldaşı kabab çəkir, oğlu isə anası ilə zarafatlar edirdi. İndi bu qadının yalnız bir arzusu var idi. Ölmək. Daha doğrusu kiminsə tərəfindən öldürülmək. Dəfələrcə bunu məndən xahiş etsə də zəhləmgetdiyim təsəllini“ hər şey yaxşı olacaq. Siz yaşayırsıznız. Demək bunda bir xeyir və hikmət var. bunu qiymətləndirin” deyib özümdə bu axmaq kəlmələrin mənasızlığına varırdım. Bir dəfə gecə evdə oturub sevimli coconun yachts-nı dinləyirdim. Qapımda sürünən kölgəni hiss edib tez ayağa qalxdım. O idi. deyəsən ilk dəfə olaraq mənə qonaq gəlmişdi. Buna elə sevinirdim ki… Onunla çay içib söhbətləşdik. Qadın yenə məni təəccübləndirdi.
- bir tanış var, o məni xilas edəcək.
- Nə tanış? Kimdən danışırsız?
- Əvvəllər mənimlə bir oxuyub universitetdə. Ərimin, Oleqin dostu olub həm də. Tələbəlik illərində məni sevirdi. Amma ona qarşı heç vaxt hisslərim olmadığından mən ona yox deyib onun dostu Oleq ilə ailə qurdum. Bu ona o vaxtdan çox pis təsir etmişdi. Hər fürsətdə məndən intiqam almaq hissi ilə alışıb yanırdı. Dünən təsadüfən yolda onunla rastlaşdım yenə. Bu dəfə mən onu yolundan saxlatdım və biz birgə oturub söhbət etmişik.
Təəccübümü gizlətməyib
- Nə haqda danışmısınız ki?
- Başa düşürsən mənə çox çətindir. Mən hər dəfə yoldaşımı, oğlumu xatırlayıb bir vaxtlar səsli-küylü evimdə indi tək tənha xatirələrimlə yaşaya bilmərəm. Ona dedim ki, məni öldür. Yalvardım, ayaqlarına düşdüm.
- Təbii ki, o da razı olmadı.
- Hə…həəəə. həəəə. Razı olmadı. Mənsə elə bilirdim o mənim Oleqlə evlənməyimə görə məni hər an qisas üçün öldürməyə hazırdır.
- Bəs nə dedi?
- Güldü. Amma hiss etdim ki, gözləri dolmuşdu. Yalandan gülürdü. Sonra mənə fahişə deyib getdi.
- Fahişə???- maraqla soruşdum.
- Hə. Mənə fahişə ərimə isə oğraş deyərdi. Oleqlə dost olduğu üçün onun məni sevdiyini ərim də bilib. ərimin mənimlə evlənməsini isə dostluğuna xəyanət kimi düşünürdü həmişə.
Sonra susdu. Otağımda çalınan musiqiyə qulaq verdi. Sanki bayaqdan heç eşitmirdi.
- nə yaxşı musiqidi. Oğlum da cazı sevirdi – deyib yenə ağlamağa başladı.
Ahhh. Pianoçu, gitarist necə gözəl ifa edirdi. Sərxoşluğum və uzaq arxangelskə uçub gedən düşüncələrim yenə mənə qayıtdı. Ofisiant:
- içki gətirim?
- Hə yenə…
Həmin günün səhərisi nədənsə o qadını adəti üzrə qəbirstanlığa gedən görmədim. Maraqla günortanı gözlədim, bəlkə küçəyə çıxar deyə. Hava yenə də soyuq olduğundan özüm də çıxıb həyətdə gəzişmirdim. Gecə oldu. Bayaqdan müşahidə etdiyim evinin pəncərəsində nədənsə qaranlıq idi. yox, bu dəfə marağımı gizlətməyib evinə yollandım. Qapısı açıq idi. otaqa keçdim. İşığı yandırdım. Rastlaşdığım mənzərə isə məni dəhşətə gətirdi. Qadın divanda üzüüstə kürəyinin ortasına mətbəx bıçağı saplanmış şəkildə yatmışdı. Daha doğrusu canını tapşırmışdı.
Həmin gündən 3 gün sonra vətənə qayıtdım. Qatil isə qadını öldürən günün səhərisi polisə gedib təslim olmuşdu. Bəli o idi… bir vaxtlar fahişə dediyi Viktoriyanı sevən xeyirxah. Qadının ölümünə bilmirdim sevinim, yoxsa təəssüf hissi keçirim. Yaşadığı əzabları gözlərimin önünə gətirəndə xoş olmayan hisslər keçirirdim. Bəlkə də indi rahat olmuşdu.
- xanım bəsdi bu qədər?
Ofisiantın səsi məni fikirlərimdən ayırdı.
- Bəsdi. Yachts-da bitmişdi artıq.

  1. Tesiredici hekayedir. Cox maraqli dilde yazilib, insani yormur, hevesle sonlugu gozleyirsen. ve oxuduqdan sonra da insani dushundurur, xatiresinde qalir. Beyendim.

    Comment by Nermin — August 9, 2010 @ 12:02 pm

Şərh yaz

RSS feed for comments on this post. TrackBack URL