Ədəbiyyat.Net - Fərqli ədəbiyyatın ünvanı

Müsahibə

July 20, 2010

II Qismət: “Heç kimin mənim yerimə səhv və ya düz addım atıb deməyə ixtiyarı yoxdur!”

Bu həftəki müsahibimiz gənc yazar Qismətdir. Qismət ədəbi mühitdə yeni imzalardan biri olsa da, qısa müddətdə xeyli tanına bilib. Onunla bir çox məsələlər barədə söhbətləşdik. Müsahibəni sizə təqdim edirik.

– Bu yaxınlarda Milli kitab mükafatının qalibi Elxan Qaraqanın “A” romanı ilə bağlı “plagiatdır” fikirləri səsləndirildi. Mətbuatda bu mövzu ətraflı işıqlandırıldı. Sizin buna münasibətinizi bilmək maraqlı olardı.

– Oxudum yazılanları. Nə publisistikaya, nə ədəbi tənqidə, nə ədəbiyyatşünaslığa, heç nəyə dəxli olmayan fikirlər, arqument gətirmək cəhdləriydi. Adam bilmir gülsün, təəssüflənsin, ya qəzəblənsin. Yazıların müəllifi Cavid Ramazanovun ədəbiyyat, plagiat haqqında təsəvvürlərinə, “Azadlıq” radiosundakı keçmiş yurdçu Xədicə xanımın müsahibədə verdiyi sualların jurnalistika baxımından üslubuna , söhbət etikasına adamın yazığı gəlir… “Alma” qəzetinin adı, loqosu barədə məlumatınız varmı bilmirəm. Bu adda və təxminən elə bu formalı loqoyla nəşr olunan qəzetlər, dərgilər qərbdə doludur. Bir neçəsi Türkiyədə də var. Tutduqları istiqamət də elə təxminən “Alma” qəzetiylə eynidir. İndi nədir belə bir oxşarlıq, bənzərlik tapan kimi sevincək olub yazmaq lazımdı ki, ay camaat “Alma” qəzetinin adı, loqosu və hətta ideologiyası da plagiatdır? Axı plagiat belə bir şey deyil. Burda ancaq məşhur filmin adı yada düşə bilər: “ Alma almaya bənzər”.

- Bəzi yaşıdlarınız sizin AYB sıralarına qoşulmağınızı səhv addım kimi qiymətləndirir. Sizcə düzgünmü qərar vermisiniz?

– Mənə elə gəlir ki, gərək Hakan Şükür o vaxt Qalatasaraydan İnterə getməyəydi, eləcə də Əmrə də Nyukasl Yunaytedə keçməyəydi. Dostoyevski gərək qumar oynamayaydı, Edqar Po çox içməyəydi, Şarl Bodler düşgün həyat tərzindən uzaq duraydı, Lorka Qranadaya getməyəydi, Nazim Hikmət yaşlı vaxtı Veraya aşiq olmayaydı, Səməd Səmədov biləydi ki, dövlət himninin sözlərini kim yazıb və s. Bu mənim fərdi seçimimdi. Heç kimin mənim yerimə səhv və ya düz addım atıb deməyə ixtiyarı yoxdur. Qərar vermək də , fikrimi dəyişmək də yalnız mənə aiddir. Kim istəyir AYB-yə üzv olsun, ya da AYO-ya özü bilər. Bu fərdi məsələdi. Kim də istəyir “Şirzadın” kafesinə abunə olsun, “Baca” qrupu ya da “Qaraca” qrupu yaratsın. Önəmli odur ki, böhtan atmasın, qərəzli olmasın, istedadlı olsun, mütaliəli olsun, cibində diktafon gizlədib əclaflıq eləməsin, xaricdən qrant alıb Azərbaycanı söyməsin, köşə yazılarının kölgəliyində azadlıq axtarmasın, ətrafına topladıqlarını qaldırmaq üçün xaricdə Füzulidən Salam Sarvana qədər bütün Azərbaycan poeziyasının üstündən xətt çəkməsin.

- Uzun müddət Azərbaycan poeziyasında sərbəst şeir bumu yaşandı. Son dövrlər isə hecaya qayıdış müşahidə olunur. Bunun öncüllərindən biri də sizsiniz. Sizcə müasir dövrün şeiri hansı vəzndə yazılmalıdır?

– Janrların, formaların yaşamaq icazəsi həmişə müəlliflərdən asılı olmur. Ədəbiyyat özü də canlı orqanizm kimi zaman-zaman xoşuna gəlməyənləri zibil qabına atır. Tərsinə də olur. Bəzən nə vaxtsa atdığından peşman olub heç vaxt kirlənməyən əllərini zibil qabına salır və atdığını geri götürür. Mən obyektiv hökm verə bilmərəm. Subyektiv fikrim isə belədir ki, hecasıyla, sərbəstiylə fərq etməz istedadla, səmimiyyətlə, ustalıqla yazılmış istənilən mətnin taleyi yaxşı olacaq. Deyirlər ki, şeir zamanıdı. Mən tam əksinə düşünürəm. Paradoksal deyilmi biz deyirik ki, şeir vaxtı deyil, romanlar yazılmalıdır. Eyni zamanda da deyirik ki, sürət əsridi. Qalın romanlar yazılır, tərcümə olunur. Sürət əsrində məntiqlə 500 səhifə romanı oxumaq asan olmalıdı, ya bir səhifə şeiri? Bu fikri, şeir ölüb, fikrini bütün dünyada bilərəkdən tirajlayırlar. Ədəbiyyatda şeirə də, romana həmişə yaxşı yazıldıqca yer var. Bilirik ki, dünya arenasına daha çox prozayla çıxmaq olar. Amma məncə həm də həmişəkindən daha çox şeir zamanıdır. Amma o daha geniş bir müzakirənin temasıdır ki, çağdaş şeirin istiqaməti, obrazlar sistemi, romanın dili, mövzular və s.

– Yazıçıların siyasətə qoşulmağına necə baxırsınız?

– Fərdi məsələdi. Siyasət bütün dövrlər üçün ədəbiyyatı “redaktə etmək” istəyib. Bu mənada demək olar ki, yazıçı siyasətə birbaşa qoşulmasa da, siyasət yazıçıya dolayı da olsa “qoşulur”.

– Bəzən belə fikirlər səslənir ki, Azərbaycan dili kasaddır və bu dillə ciddi bir nailiyyət qazanmaq olmaz. Yeni böyük bədii əsər yazmaq olmaz. Siz bu barədə nə fikirdəsiniz?

– “Böyük” sözünü həcm mənasında deyirsizsə yazmaq olar. Hər ay palaz-palaz istedadsızca, zövqsüzcə yazılmış kitablar görürük satışda. Bu mənada “böyük” əsərlər yazılır. Amma “böyük” sözünü keyfiyyət göstəricisi kimi deyirsizsə, burda vəziyyət dəyişir. Azərbaycan dili məncə konservativ, kompleksli dildir. Bu dil o qədər mühafizəkardı ki, onun “olmaz”ları çin səddindən uzundur. O qədər komplekslidir ki, uzaq olduğu dillərlə “ünsiyyət”dən utancaq yeniyetmə kimi qaçır. Halbuki yeniyetmə deyil. Məncə dilimizə özgə dillərin “giriş-çıxış” qadağası, ya da icazəsi aradan götürülməlidir. Ən azı eksperiment üçün.

- Bir az da yaradıcılığınız barədə danışın.

– Bu yaxınlarda “525-ci qəzet”in seriyasından bir şeir kitabım çap olunmalıdır. Son illərin məşhur yazıçısı Xalid Hüseynin bestseller olmuş “The Kite runner” romanını ruscadan dilimizə çevirmişəm. Demək olar ki, bitirmişəm. Bodriyarın “Səssiz yığınlar kölgəsində və kütləviliyin sonu” əsərini türkcədən çevirməyə başlamışam. Mövzusunu təxminən 4 ildir düşündüyüm bir romanı qaralamağa başlamışam. Proza ağır fiziki iş tələb edir. Ümid edirəm ki, yaxşı olacaq. Müxtəlif adamlar, əsərlər barədə yazdığım esseləri də toplamaq istəyirəm.

– Mütaliə necə, mütaliə edə bilmisinizmi yeni əsərlərdən?

– Mütaliə mənim uzun illərdi ki, bir gün belə ara vermədən gördüyüm yeganə işdir. Bir xeyli maraqlı mətnlər oxumuşam. Bunun içində bizim müəlliflər də var, xarici də. Fəxri Uğurlunun demək olar ki, bütün hekayələrini oxudum. Gənclərdən Zərdüştün, Cavidin, Sahilənin bir neçə maraqlı hekayəsini oxudum. Cavidin çapa hazırlanan romanını da oxudum. Ziyad Quluzadənin çapa hazırlanan romanını oxudum. Elvin Bakiroğlunun yeni şeirlərini, Mövludun məqalələrini, Səlim Babullaoğlunun tərcümə etdiyi Zbiqnev Herbertin çox maraqlı şeirlərini oxudum. Elif Şafakın 4 kitabını oxuyub bitirdim. Den Brounun sonuncu romanı “İtmiş simvolu” oxudum. Ekonun “O biri günün adası”nı oxudum. Marian Stamp Daukinsin “Heyvanların səssiz dünyası” araşdırmasını, Jared Diamondun “Tüfəng, mikrob və Dəmir” kitabını oxudum. Nə isə bu siyahını hamısını deyəsi olsam çox uzun olar. Bütün bunlarla bərabər son vaxtlar başlamışam bu vaxta qədər oxuduqlarımı sistemə salım. Başlamışam antik dövrdən oxuduqlarıma bir də baxıb sistemləşdirim, oxumadıqlarımı oxuyum.

- Ədəbi mühitdə hamı özünü gah modernist, gah postmodernist elan edir. “İzm”lərə münasibətiniz necədi?

– Münasibətim normaldı. Mənim mətbuatdan oxuduğum, izlədiyim qədəriylə bizdə cərəyanlar haqqında, xüsusilə də postmodernizm haqqında sitat səviyyəsində bilirlər. Hansısa məqalədən, kiminləsə söhbətdən eşitdikləri 5-6 cümlədən o yana keçməyən təkrar fikirlərdi. Adicə onu deyim ki, Elxanı plagiatda ittiham edənlər, bu fikri köşəsinin sonuna əlavə edənlər, face-də paylaşanlar hamısı postmodernizm tərəfdarları, postmodernizm şüarbazlarıdı. Elxanın romanı qəti plagiat deyil, hərçənd ki, postmodernizm şüarlarının altında gizlənib, amma postmodernizm barədə ordan-burdan eşidənlərə tövsiyyə edə bilərəm ki, gedib tapıb oxusunlar və postmodernizmin plagiata münasibətini öyrənsinlər. Rusca bilənlər rusca oxusun , bilməyənlər üçün dəyərli Əsəd Cahangir İrina Nikitanın “Postmodernist sənəti”ni tərcümə edib, “Azərbaycan” jurnalında çap olunub. Postmodernizm plagiatın, açıq mənimsəmənin tərəfdarıdır. Orjinallıqdan imtina edib, həm də müəllif qalmağın tərəfdarıdır. Mən postmodernizmin bu müddəasını qəbul eləmirəm. Bilirəm ki, elə Qaraqan da razı deyil. Hər halda çıxıb bəyanat verə bilərdi ki, plagiat etmişəm, postmodernizmindən sipər kimi istifadə edərdi. Necə ki, çoxları istedadsızlıqlarını postmodernizmin altında gizlətmək istəyir. Bu total savadsızlıq, paxıllıqla heç yerə getmək olmaz.

- Ədəbiyyatda, elmdə inkişafa ümidsizsiz…

– Ümidsiz deyiləm. Sadəcə dünyada elə işlər var ki, bu işlərdən tez xəbər tutmaq lazımdı. Qərbdə dünyanın yaranması ilə bağlı olan bir neçə nəzəriyyəni təcrübi müstəviyə daşımaq istəyirlər. Neçə ildir ki, dünya elminin gündəmində Böyük Kollayder məsələsi var. Bakıya Dalinin, Pikassonun orijinal rəsmləri, heykəlləri gəlir, amma adamların ya xəbəri olmur, ya da marağı. Mən istəyirəm bizim sənət adamları 5 manatlarını heç olmasa bircə günlük arağa verməsinlər, “Müasir incəsənət muzeyinə” gedib Pikassonun tablosuna baxsınlar, Dalinin heykəlini görsünlər. Çox demirəm heç olmasa gündə 50 səhifə də kitab oxusunlar.

– Müsahibəyə görə təşəkkür edirəm.

– Mən də təşəkkür edirəm.Çox sağ olun.

Söhbətləşdi:
Nərmin Hüseynzadə

  1. Salam. Qismət. yaxşi müsahibeye gore sagol. Sene bu şerhi herbi xidmetden yaziram. ugurlar dost

    Comment by Ferid huseyn — July 21, 2010 @ 12:36 pm
  2. Müsahibəni oxuyub bitirdim. Sanki bir nəfər eyvana çıxaraq ordan hamını söyüb batırır, öz dostlarını isə tərifləyir, qayıdıb girir içəriyə.

    Mənim bir sadəlövh sualım var: Bu istedadlı gənc əgər bu qədər kitab oxuyub və bu qədər şey bilirsə, bəs nə yaxşı İlhamƏliyev hakimiyyətinin mədəniyyət siyasəti ilə, Yazıçılar Birliyindəki yaltaqlıq-kəntoşluq rejimi ilə, Rəşad Məcidin xasiyyəti ilə həmfikir və dostdur?!

    Nə əcəb öz cəsarət, bilik fışqıran söz silahını öz cəbhəsinə qarşı çevirmir?! Öz dostlarının adının qarşısında “hörmətli” sözü işlədir.

    Qaraqanı mən də istedadlı yazar hesab edirəm! Qaraqan həqiqən tə plagiat etməyib. Onu plagiatda cavid Ramazanov ittiham edib. Cavid Ramazanov isə postmodernist deyil. Heç yerdə postmodernist olduğunu yazmayıb, o, ədəbiyyat adamı deyil də. O, bir jurnalistdir. Jurnalistin, köşə yazarının isə postmodernisti olmur.

    Bu müsahibədə lovğalıq var. Çox oxuyan adam başını aşağı salır, 37 yaşım – buna yüz faiz əmin olmuşam bu illəri yaşadıqca və gördükcə.

    Qabında bir şey olan adam atılıb-düşmür, ağırbaşlı olur, mərhəmətli olur, hər şeyə rəy bildirməyə tələsmir…

    Əgər bu saytın rəhbərləri mənim bu şərhimi nöqtəsinə dəymədən sayta yerləşdirsələr, Tanrı onları bütün arzularına çatdırsın, mən bilərəm ki, ürəkcə böyük insanlardır. Cırtqoz deyillər. Təşəkkür edirəm.

    Amma bütün bunları yazmağım o demək deyil ki, Qismət pis yazır, Qismət pis insandır, savadsızdır, istedadsızdır. Əsla. Mənim deməyim odur ki, o, hələ çox kaldır. Bu gənc yaşda mənə də elə gəlirdi ki, alçaq dağları mən yaratmışam, çox oxumuşam, başqaları mən oxuduğumu oxumayıblar, başqalarında ədalət hissi mənim qədər çox deyil. Amma zamanla görürsən ki, sən çox şeylərdə özünü yandırmısan.

    Əlinizi sıxıram.

    Comment by İlqar — July 22, 2010 @ 9:10 am
  3. EGER HER HANSI BIR QELEM SAHIBI ISTEDIYI NETICENI ELDE EDE BILMIRSE,BURADA PEOBLEM AZERBAYCAN DILINDE YOX,ONUN OZ TEXEYYULUNDE VE ZEIF TEXNIKASINDADIR.ANA DILI HEC ZAMAN EKSPERIMENT OBYEKTI OLA BILMEZ.DUSUNMUREM KI.QISMET DILIMIZIN TARIXI INKISAF YOLUNDAN XEBERSIZDIR.AZERBAYCAN DILINI MUASIR TURK DILININ VEZIYYETINE SALMAGA LUZUM YOXDUR.EDEBIYYATA INDI YENI DIL YOX,OBRAZLI TEFEKKUR LAZIMDIR.DIL UCUN MUHAFIZEKARLIQ QUSUR DEYIL.IDEALLIGA ADDIMDIR.

    Comment by GUNAY TEYYUB QIZI — August 1, 2010 @ 7:22 pm

Şərh yaz

RSS feed for comments on this post. TrackBack URL