Məcid Həsənli: Qanım qaralıb
“Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı.”
Atalar sözü
Biz çox ədalətsiz dünyada yaşayırıq. Həddindən artıq ədalətsiz özü də. Həm də tərbiyəsiz. Bizim həmişə marağımızda olan Qərb günü-gündən vəhşiləşir, şərəfsizləşir, əxlaqsızlaşır.
Tələbə dostum Mamed bayaq soruşdu ki, məndən niyə birtəhərsən? Dedim, Qərb yaman qaralayıb bizi. Bilmirəm, nə olacaq axırı. Başına döndüyüm Mamed gözlədiyim cavabı verdi. Dedi ki, qardaş problem yoxdu bu dəqiqə uşaqları yığaram Qərbi başa salarıq. Onu da deyim ki, Mamed birinci kursdan bəri imtahanları ancaq yüz balla keçir. Yəni irəliləyən gəncliyimizin bariz nümayəndəsidir. Hə, Qərbi qıcıqlandıran məsələlərdən biri də, bəlkə də birincisi Azərbaycanda təhsilin belə yüksək sürətlə şütüməsidir.
Bu günlərdən əvvəl gələn günlərdə Milli Kitab Mükafatı müsabiqəsi başa çatdı. Nəticə: Azərbaycan daha bir gənc ədibini tanıdı. Bu müsabiqə ənənəyə çevrilmiş ritualı xatırladırdı. Hay-həşir, müsahibələr, reportajlar, ədalətsiz seçim barədə sərsəm çıxışlar və s. Hələ, hələ o AYO-çuları demirəm. Biz iştirak etməyəcəyik. İstəyirsiniz eləyin, istəyirsiniz eləmiyin. Necə istəyirsiniz. Cəhənnəmə ki. Nə isə…
Bu qədər həngamədən sonra adil münsiflər heyətinin rəyi ilə Elxan Qaraqanın “A” romanı birinci yerə layiq görüldü. Xatırladım ki, mənim (mən – M. H.) MKM-in 20-liyi bilinən vaxt yazdığım köşəmdə verdiyim proqnoz düz çıxdı. Tariximizin son doxsan illik milli ənənəsinə sadiq qalaraq, Azərbaycanda keçirilən Milli Kitab Mükafatında laureatlardan birinə rus dilində yazılan əsər layiq görüldü. Dostum Mamed heyif ki, rusca bilmir. Yoxsa o, o əsəri oxuyardı. Heyf!
Bəziləri Elxan Qaraqanın “A” romanını bəyənmir. Deyir, zəifdi, belə filan. Gərək o olmayaydı birinci yer, başqa istedadlılar var idi orda, nə bilim Rafiq Tağı, Şərif Ağayar, filan-zad. Ən çox məni hirsləndirən nədir, ay nə bilim münsiflər heyəti qəsdən Qaraqana birincilik verib, düzgün deyil. Çıxırlar “Armud” qəzetinə ağızlarına gələni danışırlar. Təsəvvür edək ki, münsiflərin başçısı mənəm. Əcəb eləmişəm, yaxşı eləmişəm, əlimin içindən gəlir. Sonra? Ləzzət eləmir, get sən də mükafat qayır, dalında dur üçüncü yeri Mövlud Mövluda, ikinci yeri Günel Mövluda, birinci yeri də Seymur Baycana ver. “Vsyo da” söhbət bağlandı. Qaraqan da yekdi, mən də. Sözün var gəl bizim məhəlləyə kitabxananın qabağına.
Keçək əsas – mənim qanımı qaraldan məsələyə. Eşitdim ki, müsabiqənin birincisi Elxan Qaraqanın “A” romanı plagiat edilib.
1999-cu ildə David Finçerin Çak Palanikin romanı əsasında çəkdiyi “Döyüş klubu” filmi “A” romanının plagiatıdır. Görürsünüz bu şərəfsiz, binamus, qeyrətsiz Qərbliləri? Azərbaycana məxsus əqli mülkiyyətə vəhşicəsinə təcavüz ediblər.
Qısa tarixi oçerkə nəzər salaq. Rəvayətə görə, Qaraqan 6-7 yaşlarında olarmış. Hər gün məktəbə gedəndə evdən iki-üç min pul alarmış köhnə pulla. Amma ki, heç vaxt o pulları işlətməzdi. Evlərinin yaxınlığında qoca – ayaq üstə ölən bir kişi köhnə, satılmamış kitablar satarmış. Əvvəlki sonuncudan həmişə evdən alıb işlətmədiyi pulun əvəzində Ç. Abdullayevin kitablarını alıb oxuyurmuş. Belə-belə o qədər oxuyur ki, axırda özü də nəsə qaralamağa başlayır. Bu Qaraqan fağırın da bir bic AYB üzvü qonşusu var imiş. Qaraqan bir gün bu qonşu əmigilə gedir. Həmin bu qoca qurd əmi Qaraqanın qaralamasını oxuyur və onun yaddaşına qaralama həkk olunur. Çak Palanki fırıldaq da səhəri gün Bakıya gəlməli imiş. Qonşu – qoca qurd əmi də fürsəti fövtə verməyərək – irsi xüsusiyyəti üzrə – qaralamanı Çaka satır. Bir az müddətdən sonra film də ərsəyə gəlir.
İndi sizə filmin süjet xəttini deyə bilərdim. Sadəcə, ehtiyac yoxdur. Bilirəm ki, mənə inanırsınız. Həmçinin düşünürəm ki, oxşarlığı görüb dəhşətə gələrsiniz.
Bilirəm, indi beyninizdə müxtəlif suallar yaranır. Münsiflər hara baxır? Televizora az baxırlar hər halda. Yoxsa indiyə kimi çoxdan haray-həşirləri aləmi bürümüşdü. Bəs niyə plagiat bərəsində məhkəmələrə müraciət edilmir? Oturmuşuq da analoqu olmayan ölkəmizdə, onsuz da ölkəmiz misli görülməyən addımlarla elə inkişaf edir ki, qarşısını heç cür almaq mümkün deyil. Dünyanın nankor ölkələri – Qərb ölkələri bunu görməsələr də heç nə olmaz. Təki bu plagiatı bəhanə gətirib ayağımıza badalaq vurmasınlar.









maraqliydi, ugurlar!
maraqlidi… amm bu yasda pessimiz dusunmey urey agridicidi.yenede ugurlar!