Kəramət Böyükçöl: “Ədəbiyyatda yaza bilməyib, əsəbindən məhv olmuş o qədər yazarlar var ki, amma hələ də ortalqıdan çıxmırlar ki, çıxmırlar”
Budəfəki müsahibimiz Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Metafora” ədəbiyyat dərnəyinin rəhbəri, gənc yazar Kəramət Böyükçöldür. Kəramət Böyükçöl həm də “Çatlamış Fincan” şeirlər kitabının müəllifidir.
- Kəramət bəy, dəyərli vaxtınızdan ayırıb müsahibəyə razılıq verdiyiniz üçün minnətdarlığımı bildirirəm. Bildiyimizə görə, yeni roman yazmısınız. Bu, hansı ehtiyacdan yarandı? Axı biz sizi şair kimi tanıyırdıq.
- Get-gedə şeir nəsrə çevrilir. Bizə tanış olan nəsrə yox, yeni bir nəsrə çevrilir. Bu nəsr də poeziyanın yeni bir şəklidir.. Məncə, bunu ədəbiyyatda ilk dəfə mən elədim. Şeirlə nəsr yazdım.
Romanınızın adı, səhv etmirəmsə “Çöl”dür, Niyə məhz “Çöl”?
- Çöl burada dildir, yeni dil. Düşündüm ki, ədəbi-bədii romantik romanlar daha bizi bezdirib, kiçik sentimental lirik şeirlərin vaxtı da bizi atan qızlar kimi ötən əsrin sahillərində qalıb. Doğurdan da mənə elə gəlir ki, romanım sözün nəfəs alıb verməsini, xassəsini, hərəkətini göstərə bilib. Dilin dərinliklərinə çökən fikir palçıqlarını üzə çıxarıb. Romanımda min illər boyu bu günümüzə yol gələn insanın psixoloji, bioloji, fizioloji və filoloji təssüratı geniş yer alır. Bu insan təbiətdən, dildən və ruhdan keçib gəlir. İnsanın fantaziyası, düşüncə kompleksi, dil ornametləri, fiqurları və cizgiləri suyun altında qalmış lil kimi üzə çıxır. Suyun dadı lildə olduğu kimi, dilin də dadı adi məişət qayğıları ilə yaşayan kənd adamlarının danışığındadır. Burada at çölləri oxuya bilir. At çöllərin “A” hərifidir. At itir. Bir müddət “A”hərfi çöllərdən pozulur. Camaat ağlaşır
- Rafiq Tağı müsahibələrinin birində sizin əsəriniz haqqında deyib: “Kəramət Böyükçölün “Çöl romanını çox bəyənirəm. Çoxları bu əsərə tənqidi yanaşsa da, onu deyim ki, romanda Tərəkəmə həyatı ustalıqla təsvir olunub. Sizcə, əsərinizdə nədir Rafiq Tağını heyran edən?
- Rafiq Tağıda saat irəliyə yox, geriyə işləyir. Əslində bəşəriyyətin bütün işi-gücü ondan ibarətdir ki, heç olmasa saatın əqrəbini bir saniyə geriyə firlamaq. Rafiq Tağı bu iş üzərində çalışır. Burada hər hərifin içi bir çöldü. Hər çiçək bir dildi. Dünya mənalardan yox, səslərdən ibarətdir. Mən bu yerə təzə gəlib çıxmışam, yəni zamanın bu yerinə, sözün bu vaxtına gələndə Rafiq bəyi gördüm. Çox sevindim. Səslər Rafiq bəyə öz içindən, mənə isə çöldən, gözdən gəlir.
Mənim romanımda tərəkəmənin öz saatı var, bu adi saatdan deyil, təbiətin özünün saatıdır.
- Demək, şeirdən əl çəkdiniz?
- Yox, mənim şeirim nəsrimin, nəsrim isə şeirimin içindədir. İndi də şeir yazıram.
- Ədəbiyyatda atanıza qarşı olan tənqidlərə necə baxırsınız?
- Əvvəla onu deyim ki, atam mənə şairliyindən daha çox ata kimi əzizdir. Həqiqət isə budur ki, bəlkə də ədəbiyyatda Qəşəm Nəcəfzadə qədər tənqid olunan şair yoxdur. Bu yaxınlarda Şərif Ağayar əbədi və əzəli peşəsindən yenə əl çəkməyib. Düz 20 ildir atamın əleyhinə danışır, qəzetlərdə yazır, nə bilim daha nə iş görür… çünki atam onu məşğul edir. Bu adam əsəbini, qərəzini indi də “dar ağacı ilə” ölçür. Deyir, “məni boğazımdan dar ağacından assalar belə Qəşəm Nəcəfzadəni Rafiq Tağıdan artıq sevə bilmərəm”. Qəribədir ki, Şərif Ağayarın adı heç atamın yadına düşmür. Atamın eyninə deyil ki, gündəmdə belə bir yazar var, ya yox.
Atam bu yaxınlarda Natəvan klubunda yeni şeirlərini müzakirəyə çıxarmışdı. Niyə orda-burda atamın haqqında danışanlar gəlib sözlərini üzünə demədilər? Atam şair kimi tanınanda hələ anadan olmayan adamlar gəlib indi onu tənqid edir.
- O vaxt deyirdilər ki, xalq yazıçısı Anarın əsərlərini atası Rəsul Rza yazıb, yazıçı Elçinin əsərlərini İlyas Əfəndiyev yazıb. Atanızın şair olduğunu nəzərə alıb yaradıcılığınıza şübhə edənlər olmayıb ki?
- Yox, konkret bu cür deyən olmayıb. “Şeirlərində atanın təsiri var” deyən olub. Bu da təbiidir məncə. Biz eyni evdə yaşayırıq, eyni şeyə baxıb gülür və eyni şeyə əsəbləşirik. Bütün bunlar təsirsiz ötüşə bilməz. Atamın öz yaradıcılığı, mənim öz yaradıcılığım var.
- Sizcə yazarların ən böyük düşməni kimdir və ya nədir?
- Məncə yazarların ən böyük düşməni qeyri səmimilikdir. Adam səmimi olmayanda yaza bilmir. Yaza bilməmək isə adama əsəb gətirir, əsəb də adamın içini qurd kimi yeyir. Ədəbiyyatda yaza bilməyib, əsəbindən məhv olmuş o qədər yazarlar var ki, amma hələ də ortalqıdan çıxmırlar ki, çıxmırlar.
- Son vaxtlar hansı əsərləri mütaliə edirsiniz?
- “Dünya ədəbiyyatı” seriyasından çıxan kitabları ardıcıl oxuyuram. Dostoyevskinin “Karamazov qardaşları” əsərini artıq ikinci dəfə oxumaqdayam. Oljas Süleymenovu, Çingiz Aytmatovu, Orxan Pamuku, Fazil Hüsnü Dağlarcanı, Nəcib Fazil Qısakürəyi, Qaracaoğlanı, M.Füzulinin “Leyli və Məcnun”u, “Dədə Qorqud”, “Koroğlu” və məhəbbət dastanlarını həmişə maraqla mütaliə edirəm. Bizim dilimizin gözəlliyi, dərinliyi nağıllarımızda və dastanlarımızdadır. Folklor yazıçı üçün ən gözəl kompasdır. Bu kompas varsa yazıçı özünü itirməyəcək.
Müasir ədəbiyatdan Anarı, Elçini, Rafiq Tağını, Elçin Hüseynbəylini və yaşıdlarımın əsərlərini sevə-sevə oxuyuram.
- “Ən yeni ədəbiyyat” seriyasından çıxan kitablar arasından hansını bəyənirsən?
- “Ən yeni ədəbiyyat” seriyasını mən alqışlayıram. Ədəbiyyat atının yorulmuş bir vaxtında Azərbaycanda ilk dəfə olaraq “Qanun” nəşriyyatı ədəbi həyatımıza yeni bir dirçəliş və ritm gətirdi. Bu böyük işə görə tanınmış ziyalımız Şahbaz Xuduoğluna dərin təşəkkürümü bildirirəm. Qaldı ki, kitablara, hamısını oxumuşam, fikrimi isə payız fəslində sizin qəzetdə deyəcəyəm. Bu kitablar haqqında silsilə məqalələr yazmaqdayam. Bu sualın cavabı qoy payıza qalsın… olar?
- Sizcə, ədəbiyyatı yaşadan nədir və ya kimdir?
- Ötən həftə xalq yazıçısı Əkrəm Əylisli sizin qəzetə verdiyi müsahibədə demişdi ki, “ədəbiyyatı müsabiqələrdən, mükafatlardan kənar, ayrı-ayrı şairlər və yazıçılar yaşadacaq”. Mən də Əkrəm bəylə razıyam, ədəbiyyatı ayrı-ayrı şair və yazıçılar yaşadır.
- Sizcə, Milli Kitab mükafatı ədalətli keçirildi?
- Dünyada ədalət anlayışı nisbidir. Münsiflər heyyətində kifayyət qədər ölkə səviyyəli ziyalılarımız iştirak edirdi. Onların çıxardığı qərara inanmağa çalışıram. Əgər mən o müsabiqədə iştirak etsəydim və o münsiflər heyyəti birinci yerə məni layiq görsəydi, öz birinciliyimi elə ordaca Rafiq Tağıya verərdim.
- Demək istədiyiniz, ancaq soruşmadığımız nəsə qalmadı ki?
- Xeyr qalmadı.
- Bir daha təşəkkür edirik.
- Mən də təşəkkür edirəm.
Müsahibəni götürdü: Tural Qurbanlı
“Alma” qəzeti








Uğurlar!